Xocalı soyqırımını inkar etmək ədalətsizlikdir

Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı Prezident İlham Əliyev xatırlatdı ki, həm İkinci Qarabağ müharibəsi, həm də antiterror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq. Rəşadətli ordumuz Ermənistan ordusunu məhv etdi və iki dəfə kapitulyasiyaya imza atmağa məcbur etdi. Azərbaycan rəsmi İrəvandan fərqli olaraq dinc əhali ilə heç vaxt müharibə aparmayıb. Ölkə başçısı qeyd etdi ki, həm 2020-ci ildə, həm də keçən ilin sentyabr ayında apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparılmışdır.Bunu hər kəs bilir və heç kim ölkəmizə heç bir irad tuta bilmir.

Şəhidlərimizi dərin ehtiramla anan Prezident İlham Əliyev torpaqlarımızın işğalçılardan azad edilməsi üçün Azərbaycan övladlarının ölümə getdiyini xatırlatdı. Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, cəsarət göstərdi. Bütün dünya bunu görür və xüsusilə bu gün dünyanın müxtəlif yerlərində baş verən hadisələr, müharibələr, qanlı toqquşmalar bir daha onu göstərir ki, Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm bacarıqlıdır, həm də eyni zamanda, əməliyyatları elə aparır ki, qısa müddət ərzində həlli mümkün olmayan kimi sayılan əməliyyatlar aparılmışdır, onlardan da biri, bəlkə də birincisi Şuşa əməliyyatıdır. Bir sözlə, İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi.

Ölkə başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə xüsusilə vurğuladı ki, Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. Beş ay əvvəl antiterror əməliyyatı nəticəsində Xocalı daxil olmaqla  bütün ərazilər azad edildi. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı.

Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı Prezident İlham Əliyev artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlərin qayıtdıqlarını bildirdi. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri geniş vüsət alıb. Bu il yeni yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Cari ildə həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək. Ölkə başçısı diqqətə çatdırdı ki, sentyabrın 20-də suverenliyimizi tam bərpa edəndən dərhal sonra  Xocalıda xocalılıların evlərinin bərpa edilməsi üçün göstəriş verilib. Çünki mənfur düşmən qanlı soyqırımı törətmiş, xocalılıları öz doğma torpağından didərgin salmışdır. Xocalının tarixi adını dəyişdirməyə cəhdlər olmuşdur. Azərbaycanlıların evlərinə isə separatçılar və xarici ölkələrdən olan insanlar yerləşdirmişdi. Xalqımıza qarşı böyük və çirkin cinayət törədilmişdir. Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Azərbaycan xalqı bu qanlı cinayəti heç vaxt unutmayacaq.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri