Hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq insana hörmət və ehtiram qazandıran amillər birinci növbədə onun əməlləridir. Xüsusən yüksək mənəvi dəyər kəsb edən və insanlıq üçün faydalı olan nəcib əməllər hər kəsin həyat ştrixlərinin əsas məzmununa çevrilməklə, ona cəmiyyətdə başucalığı gətirir. Bununla bağlı ən gözəl misalları isə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətinin timsalında çəkə bilərik.
Mehriban xanım Əliyeva Azərbaycanın müasir inkişafında böyük rolu və tarixi xidmətləri olan siyasi-ictimai xadimdir. Çünki daşıdığı vəzifəsindən asılı olmayaraq, onun rəhbərliyi və təşəbbüsləri ilə görülən bütün işlər birinci növbədə respublikamızın yüksəlişinə və xalqımızın rifahına xidmət edir. Nəticə etibarilə bu fəaliyyət Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, respublikamızın ərazi bütövlüyünü təmin edən cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinə böyük töhfələr verir, nailiyyətlərimizin sayını daha da artırır.
Mehriban xanım Əliyevanın dərin ictimai və siyasi mahiyyət kəsb edən çoxşaxəli fəaliyyətinin bütün istiqamətləri dövlətimiz və xalqımız üçün böyük önəm kəsb etməklə, ən yüksək alqışa və ehtirama layiqdir. Onun Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları və xalqımızın milli idealları ilə daha da zənginləşən missiyasının təməlində dayanan əsas amil isə özünün yaratdığı insanlıq nümunəsidir. İlk növbədə bu amil Mehriban xanım Əliyevaya Azərbaycan cəmiyyətinin böyük ehtiramının formalaşmasını şərtləndirən əsas faktordur.
Elə buna görə də Mehriban Əliyevanın fəaliyyətindən bəhs edərkən yada düşən ilk məsələ onun xeyirxah əməlləridir. Azərbaycan xalqı tarixən yüksək mənəvi çəkisi olan ənənələri ilə tanınıb. Xeyirxahlıq göstərmək xalqımızın mənəvi aləmindən və böyük milli ruhundan irəli gəlir. Mehriban Əliyeva da öz xalqının zəngin mənəvi dünyasından və milli ruhundan qidalanan bir ziyalıdır. Eyni zamanda o həm özünün şəcərəsindən, həm də Heydər Əliyev ocağından ilham alan bir genetikanın layiqli təmsilçisidir. Təsadüfi deyil ki, onun müraciət edən hər bir şəxsə təmənnasız yaxşılığı, Heydər Əliyev Fondunun timsalında yaratdığı mükəmməl xeyriyyəçilik institutunun müxtəlif çoxsaylı sosial proqramları minlərlə insanın həyatında öz əksini tapıb, onların ömür yolunda sönməyən nura çevrilib. Respublikamızda Heydər Əliyev Fondu tərəfindən uşaq evlərinin, internat məktəblərinin, xəstəxanaların bərpası və tikintisi, talassemiyalı, daun sindromlu və diabetli xəstəliklərdən əziyyət çəkənlər üçün müxtəlif layihələrin həyata keçirilməsi, bunlarla yanaşı, ehtiyacı olan hər kəsə yardım etmək, ona maddi və mənəvi dayaq durmaq uzun illərdir ki, Mehriban Əliyevanın xeyirxahlıq missiyasının mühüm bir istiqamətini təşkil edir. Bu nəcib missiyası ilə Mehriban xanım Əliyeva neçə-neçə insanın, valideyn himayəsindən məhrum olmuş uşaqların himayədarına çevrilib, müxtəlif xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımızı sağlamlığa qovuşdurub, onlara yeni həyat bəxş edib.
Eyni zamanda həm bu gün, həm də gələcəkdə on minlərlə şagird müasir məktəblərdə oxuduqlarına görə, yüz minlərlə vətəndaşımız ən modern standartlara cavab verən tibb ocaqlarında şəfa tapdıqlarına görə məhz Mehriban Əliyevaya minnətdar olacaqlar.
Böyük məmnunluqla qeyd etmək istərdim ki, 2005-ci, 2010-cu və 2015-ci illərdə Milli Məclisin deputatı seçilən Mehriban Əliyeva vətənə və dövlətə layiqincə xidmət göstərib, təmsil etdiyi ərazilərdə gördüyü işlərlə seçicilərinin dərin sevgisini qazanıb. Mehriban Əliyevanın deputatlıq fəaliyyəti dövründə qanunvericiliyimizin təkmilləşməsində, Azərbaycanın beynəlxalq münasibətlərinin inkişafında göstərdiyi xidmətlər parlamentarizm tariximizin mühüm səhifələridir.
Artıq 7 il yarımdır ki, Mehriban Əliyeva özünün vətənpərvərlik missiyasını həm də respublikamızın Birinci vitse-prezidenti kimi davam etdirir. Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin fevralında Birinci vitse-prezident vəzifəsinə Mehriban Əliyevanın təyin olunması cəmiyyətimizdə böyük razılıq və sevinclə qarşılanmışdı. Çünki hər kəs bu vəzifəyə ən layiqli namizəd kimi məhz Mehriban Əliyevanı görürdü. Beləliklə, Mehriban Əliyeva bu gün həm də Azərbaycanın Birinci vitse-prezidenti olaraq dövlət və xalqa layiqli xidmətin örnəyini nümayiş etdirir. Özünəxas yüksək işgüzar keyfiyyətləri ilə Mehriban xanım Əliyeva bu müddətdə ona göstərilən etimadı layiqincə doğruldub, vəzifəsini əzmlə, fədakarlıqla yerinə yetirib. Və bu vəzifədə də Mehriban Əliyevanın əsas diqqət yetirdiyi məsələlərdən biri müharibə əlillərinin, veteranların, xüsusi dəstəyə ehtiyacı olan insanların sosial qayğılarının həllidir.
Hazırda respublikamızın milli prioritetlərindən biri işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasıdır. Ötən 4 ilə yaxın dövr ərzində Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa işləri həqiqətən qürurvericidir. Bu prosesdə xalqımız bir daha Mehriban Əliyevanın vətən sevgisinə şahidlik etməkdədir. Onun təşəbbüsləri ilə Şuşada və digər ərazilərdə ermənilər tərəfindən dağıdılmış məscidlərin, tarixi bina və abidələrin, muzeylərin bərpası işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuğun daha da sürətləndirilməsinə xidmət edir. Artıq bir neçə ildir ki, Heydər Əliyev Fondunun fəaliyyətinin bir istiqamətini də Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində layihələrin həyata keçirilməsi təşkil edir.
Mehriban xanım Əliyevanın xeyirxah əməlləri və humanist obrazı hər zaman xalqımız tərəfindən yüksək qiymətləndirilir, insanlar müxtəlif vasitələrlə öz təşəkkürlərini ifadə edirlər. Mehriban Əliyevanın vətən sevgisi, dövlətə və insanlara xidmət fəaliyyəti sənət adamlarının, o cümlədən mənim yaradıcılığımda öz əksini tapıb. İnsanların Mehriban Əliyevaya olan dərin ehtiramını mən hələ 2004-cü ildə sözləri Gülnur Aslana məxsus "Mehriban insan" musiqisini ərsəyə gətirməklə ifadə etmişəm. Daha sonra hazırladığımız "Uşaqları qoruyaq", "Öndər Fondu" kimi əsərlərimiz də Mehriban Əliyevanın nəcib missiyasına həsr edilib. Bu sırada musiqisi mənə, sözləri şairimiz Baba Vəziroğluya məxsus və əməkdar artist Lalə Məmmədovanın ifasında səslənən "İki qəlbin dastanı" adlı layihəmiz də Mehriban Əliyevaya həsr olunmuş möhtəşəm əsər kimi dinləyicilərin rəğbətini qazanıb.
Mehriban xanım Əliyevanın hər bir işi, hər bir layihəsi yalnız ümummilli məsələlərə və məqsədlərə xidmət edir. Bu mənada Mehriban Əliyeva Prezident İlham Əliyevin silahdaşı, Heydər Əliyev ideyalarının daşıyıcısı kimi xalqın adamıdır, cəmiyyətin sevgisini və etimadını qazanmış siyasi-ictimai xadimdir.
Avqustun 26-sı isə Mehriban Əliyeva üçün özəl gündür. Mehriban xanım Əliyevaya təbriklərimizi çatdırır, xoşməramlı missiyasının bundan sonra da böyük uğurlar qazanmasını arzu edirik.
Novruzəli ASLANOV,
Milli Məclisin deputatı,
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti