XX əsrin məşhur muğam ifaçısı Mirzə Məhəmməd Həsənin həbsxana yolu

Azərbaycan Respublikası QHT-yə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyimiz  Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Zəfər tariximizin çağrışları, Vətəndaş Cəmiyyətinin hədəfləri” layihəsi çərçivəsində   araşdırmalarımızı davam etdiririk.  XX əsrdə repressiya və terror aktlarına məruz qalan, həbsxana həyatı yaşayan dövrünün nəhəng muğam ustadı Mirzə Məhəmməd Həsəndən söhbət açırıq.

Şamaxı quberniyasında dünyaya göz açan Mirzə Məhəmməd Həsən Fələkzadə Şirvaninin ən dərin tədqiqatçısı muğam ustadı, musiqi bilicisi Ağakərim Nafiz olub. 

Xatırladırıq ki,  Mirzə Məhəmməd Həsən ustad Kərbəlayi Əli Əkbərdən dərs alaraq bir çox muğamların məhşur ifaçısı və yaradıcısı kimi ad-san qazanmışdır. O, vaxtilə Şamaxıda Mahmud Ağa tərəfindən təşkil olunan məclislərin əsas iştirakçılarından biri olub və Fələkzadə təxəllüsü ilə xeyli qəzəllər yazıb. Təəssüflə qeyd etməliyik ki, belə nəhəng sənətkar haqqında geniş ictimaiyyətdə məlumatlar yetərli deyil. Yalnız Ağakərim Nafizin  “Ustadi-Əzəm” kitabında böyük ustaddan söhbət açılır. Müəllif  çox ağrılı taleyi olan Mirzə Məhəmməd Həsən Şirvaninin həyat və yaradıcılıq

 fəaliyyətinin bəzi məqamlarına nəzər salıb. 

XX əsrin  möhtəşəm muğam ifaçısı Mirzə Məhəmməd Həsənin həbs olunmasının dəqiq səbəbləri bəlli deyil. Xatırladırıq ki, böyük ustad   XX  əsrin əvvəllərində Tiflisdə Metex qalasında dustaqlıq həyatı yaşayıb.

Ağakərim Nafiz  “Ustadi-Əzəm” kitabında onun həbsxana həyatından söhbət açaraq yazıb ki, Mirzə hərdən daş divarlar arasında qəmli-qəmli oxuyurmuş. Bunu həbsxana keşikçiləri eşidirdi.  Bir müddət sonra həbsxana rəisi oğluna toy edirmiş. Həmin məclisə Qafqazın çox adlı sanlı musiqiçiləri dəvət olunur. Həbsxana keşikçilərinin  tövsiyəsi ilə rəis Mirzəni toya dəvət edir.  Deyilənə və yazılana görə, Mirzə Məhəmməd Həsənin həbsxanadan toy məclisinə gətirilməsi və onun əvəzsiz ifaları məclisdə iştirak edən azərbaycanlılarla bərabər hətta digər xalqların da nümayəndələrini heyrətləndirir. Sonralar o, dəfələrlə çox böyük mənsəb və vəzifə sahiblərinin qarşısında çıxış edir. Ustadın çıxışları hər dəfə rəğbətlə qarşılanır. 

Mirzə Məhəmməd Həsənin özü çarizmin, sonralar qardaşı oğlu Ağabala Fələkzadə isə sovet repressiyasından qurtula bilmir.  1937-ci ildə o, Azərbaycandan sürgün edilir və bir daha geri qayıtmır. Repressiyanın qurbanı kimi Ağabala Fələkzadəyə yalnız ölümündən sonra 1956-cı ildə bəraət verilir. Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu və digər mugam ustadları Mirzə Məhəmməd Həsən Şirvaninin sənətinə, təkrarolunmaz muğam ifaçılığına böyük dəyər veriblər.

Professor Rəfail Hüseynov böyük ustad haqqında yazırdı: ”Mirzə Məhəmməd Həsən əslən Şamaxıdan olub, XIX yüzilin sonu, XX əsrin əvvəllərində bütün Şirvanın, Qafqazın, həmçinin Yaxın və Orta Şərqin ən məşhur xanəndələrindən sayılıb. Seyid Şuşinski kimi nəhəng “Onu gördüyüm xanəndələrin heç birinə bənzər tuta bilmərəm” söyləmişdisə, artıq bu dəyərləndirmə çox mətləblərdən xəbər verirdi. Uşaqlıq, gənclik illərində Mirzə Məhəmməd Həsəni görmüş və müasirim olan ağsaqqallardan, müxtəlif arxivlərdən bu sənətkar haqqında xeyli yeni və maraqlı məlumatlar əldə etmişdim. Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun elmi arxivində tanış olduğum bir əlyazmada Bülbülün vaxtilə konservatoriyada təşkil etdiyi Xalq Musiqisini Tədqiq edən Kabinə xətti ilə Şamaxıya göndərdiyi ekspedisiyanın hesabatı əks olunmuşdu. Burada Mirzə Məhəmməd Həsənin ifa məharəti, oxu zamanı bəzən özünü unudaraq dizin-dizin məclisin ortasına gəlib çıxması, gözəl qəzəllər yazması, lətif təsniflər qoşması haqda soraqlar tapdım. 

Bu qeydlərin altında imza qoyan Ərtoğrol adlı şəxs idi. Həm də diqqətimi bu cəlb etmişdi ki, müəllif yazısını “Ərtoğrul” yox, “Ərtoğrol” kimi imzalayıb”. (https://rafaelhuseynov.com/az/news/304)

Xatırladırıq ki, Mirzə Məhəmməd Həsən haqqında Hüseyn Cavidin oğlu Ərtoğrul Cavid,  tarixçi alim Seyfəddin Qəniyev, Firudin bəy Şuşinski, görkəmli musiqi tədqiqatçısı tanınmış xanəndə Vəli Məmmədov və digər şəxslər yazılar yazıblar. Musiqi tədqiqatçısı, tanınmış xanəndə Ağakərim Nafiz  “Ustadi-Əzəm” kitabını çap etdirərək mükəmməl iş görüb.  Onu da qeyd edək ki, Ağakərim müəllim Mirzə Məhəmməd Həsəni XII əsrin klassik şairi Fələki Şirvaninin şəcərəsindən olduğunu ehtimal edir.

Araşdırma Qrupu