Yalnız güclü dövlət vətəndaşın maraqlarını qoruya bilər

1992-ci ildə çox az adam təsəvvür edə bilərdi ki, 30 il sonrakı Azərbaycan Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan azsaylı ölkələrdən birinə çevriləcək. Şəhər və kəndlərimizin bir-birinin ardınca işğal edildiyi, dövlət müstəqilliyimizin varlığına real təhlükənin yarandığı və qardaş qırğını kimi faciəyə sürükləndiyimiz həmin dövrdə ölkəmizdə elə dərin iqtisadi və sosial böhran yaşanırdı ki, bugünkü Azərbaycanı təsəvvür etmək olduqca çətin, çoxlarımız üçün mümkünsüz idi. Ozamankı AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi, dövlətin idarə olunması kimi mürəkkəb bir vəzifənin icrasına sırf peşəkarlıq baxımından hazır olmaması elə hərc-mərclik mühitinin formalaşmasına şərait yaratmışdı ki, cəmiyyətimiz nəinki bunu təsəvvür edə, heç bu haqda düşünə bilməzdi. Ölkədə hökm sürən başıpozuqluq, mənəm-mənəmlik və milli kimliyimizin ləyaqətli varlığının təhlükəyə atıldığı bir şəraitdə vətəndaş nəinki nə vaxtsa güclü Azərbaycanın qurulacağına, heç təhlükəsiz sabahına belə, inanmırdı. AXC-Müsavat hakimiyyəti xalqımıza savaş meydanında məğlubiyyətin acısı ilə yanaşı, çarəsizliyin, ümidsizliyin və bədbinliyin ağır psixoloji sınağını da yaşatdı. 

Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında əvəzsiz xidmətlərindən biri Azərbaycanı məhz bu cür əlacsız durumdan xilas etməsi ilə bağlıdır. Türkiyənin lX Prezidenti Süleyman Dəmirəl Ulu Öndərin ölkəmizin xilası naminə göstərdiyi misilsiz xidməti bu cür dəyərləndirmişdi: “Azərbaycanda nə varsa, hamısı Heydər Əliyevin xidməti sayəsində yaradılmışdır. Hörmətli Heydər Əliyevin Azərbaycana gətirdiyi ən önəmli məsələlərdən biri də möhkəm sabitlikdir...Daxili sabitlik bərqərar edildi, iqtisadi inkişaf, quruculuq işləri başlandı”. Heydər Əliyevin dövlətçiliyimizin və dövlət müstəqilliyimizin qorunması yolunda atdığı mühüm addımlardan biri də müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ilə bağlıdır. 1993-cü ilin ikinci yarısına qədər silahlı dəstələrin diktəsi, yazılmamış “qanunları” ilə hesablaşmağa məcbur olan Azərbaycan vətəndaşı Ulu Öndərin hakimiyyətə qayıdışı ilə yenidən inandı ki, təhlükəsiz şəraitdə yaşamaq və yalnız dövlətin qanunları ilə hesablaşmaq onun haqqıdır. Vətəndaş görəndə ki, onun hüquq və azadlıqları ən ali Qanun-Konstitusiya səviyyəsində təsbit olunub və dövlət-vətəndaş münasibətləri artıq hüquq normaları əsasında tənzimlənir, özü və doğmaları təhlükəsiz şəraitdə yaşayıb layiqli sabahını qurmağa imkan əldə edir, onun ümidsizliklə bağlı psixoloji durumunu dövlətə və şəksiz Liderinə sonsuz inam hissi əvəz etdi. Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin bənzərsiz dövlət idarəçiliyi təcrübəsinə və əyilməz siyasi iradəsinə güvənərək yenidən inanmağa başladı ki, gün gələcək, Qarabağ da düşmən tapdağından azad ediləcək.

Artıq Qarabağ azaddır. Amma torpaqlarımızı, dədə-baba yurdlarımızı azad etdikdən sonra bütün dünya onun şahidi oldu ki, Ermənistan 28 il boyunca bu cənnət diyarda nəinki qurub-yaratmayıb, əksinə, işğal dövründə yalnız yıxıb-dağıtmaqla, viran etməklə məşğul olub. Çünki işğalçı həmişə yaxşı bilib ki, Qarabağ heç vaxt onunku olmayıb. Onu da bilib ki, bu müqəddəs torpaqlarda müvəqqəti və çağırılmamış “qonaqdır”. Dünya artıq onu da görür ki, güclü Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda bənzəri olmayan bərpa-quruculuq işlərinə başlayıb. Özü də heç kimdən kömək ummadan, yalnız daxili imkanları hesabına. 2021-2022-ci illərdə quruculuq işlərinə 6 milyard manatdan artıq vəsait sərf olunub, 2023-cü ildə isə Böyük Qayıdışı təmin etmək üçün 5 milyard manatdan çox vəsaitin xərclənməsi nəzərdə tutulur. Bu torpaqların əsl sahiblərinin bir hissəsi artıq Qarabağda, doğma yurdlarında yaşayır. Dünya birliyi başqa bir həqiqəti də görür. Görür ki, az qala 30 il ərzində ərazisinin 20 faizi işğal altında olan, bu illər ərzində faktiki müharibə vəziyyətində yaşayan və bütün çətinliklərə baxmayaraq, milyona yaxın qaçqın və məcburi köçkün əhalisinin problemlərinin həllini də gündəlik diqqət mərkəzində saxlayan müasir Azərbaycan dövləti dinamik iqtisadi inkişaf dövrünü yaşayır. Üç onillik ərzində ərazisinin bir hissəsi savaş meydanına çevrildiyi halda, məhz iqtisadi müstəqilliyimizlə bağlı əldə etdiyimiz real potensial imkan verdi ki, ölkəmizin digər hissəsində quruculuq işləri səngiməsin. Bütün bunlar həm də ona görə mümkün oldu ki, Ulu Öndər Heydər Əliyevin sarsılmaz siyasi iradəsi sayəsində 1994-cü ilin sentyabrında Əsrin Kontraktının imzalanması ilə təməli qoyulan iqtisadi müstəqillik və inkişaf konsepsiyası onun siyasi varisi-Prezident İlham Əliyev tərəfindən dönmədən və qətiyyətlə davam etdirildi. Ölkəmizin üzləşdiyi çətinliklərə, xaricdən gələn çoxsaylı təzyiq və təhdidlərə, ikili standartlar siyasətinə baxmayaraq, Prezident İlham Əliyev Heydər Əliyev yolundan bir addım belə geri çəkilmədi, Ulu Öndərin siyasi irsini ləyaqətlə davam etdirdi. Xalqımız bu yola ona görə sadiqdir və bu yolu ona görə qoruyur ki, Heydər Əliyev irsinin cəmiyyətimizə sabitlik, əmin-amanlıq, təhlükəsiz həyat tərzi və tarixi Zəfərlər gətirdiyini əyani şəkildə görür.

Vətəndaş öz Liderinə yalnız o zaman güvənir ki, üzləşdiyi problem və çətinliklərin məhz hüquq müstəvisində və ədalətli şəkildə tənzimlənəcəyinə inanır. Belə nümunələr kifayət qədərdir. Onlardan biri də Azərbaycan Prezidentinin iyunun 14-də imzaladığı şəhərsalma, tikinti və arxitektura məsələlərinin təkmilləşdirilməsi ilə bağlı Prezident Fərmanlarında əksini tapır. Sirr deyil ki, tikinti sektoru ölkənin iqtisadi və sosial inkişaf səviyyəsini vizual şəkildə nümayiş etdirən göstəricilərdən biridir. Tikinti sektorunun canlanması həm də onun göstəricisidir ki, ölkədə böyük tikintiyə tələbat və onu gerçəkləşdirmək üçün imkanlar var. Azərbaycan kimi dinamik inkişaf edən ölkələrdə tikinti sektorundakı canlanma bəzən o qədər geniş vüsət alır ki, təklif və tələb arasında buna qədər mövcud olmuş hüquqi münasibətlərin yenidən tənzimlənməsinə, fiziki və hüquqi şəxslərin maraqlarının qorunması naminə sadələşdirilmiş qaydaların tətbiqinə ehtiyac yaranır. Bu cür güzəştləri yalnız o dövlət edə bilir ki, o, vətəndaşın, sahibkarın, onların mülkiyyət hüququnun qorunmasını özü üçün prioritet sayır. Azərbaycan Prezidentinin 2019-cu ildə imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərman imkan verdi ki, ilk növbədə, alıcı vətəndaşın və tikintiyə sərmayə yatırmış sahibkarın hüquqları dövlət müdafiəsi altına alınsın. Bu Fərmanın icrası nəticəsində ümumi sahəsi 8,5 milyon kvadratmetr olan 85 minədək mənzildən ibarət 408 yaşayış binasının dayanıqlığı və istismara yararlığı qısa müddətdə yoxlanıldı və həmin mənzillər istifadəyə verildi. Sadələşdirilmiş qaydalar imkan verdi ki, bürokratik əngəllərin və sui-istifadə hallarının qarşısı maksimum səviyyədə alınsın. Prezident İlham Əliyevin iyunun 14-də imzaladığı “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident Fərmanı isə, adından da göründüyü kimi, qeyri-yaşayış binalarının sadələşdirilmiş qaydada istismara qəbul olunmasına təminat verir. Bu Fərmanla nəzərdə tutulur ki, 2023-cü il iyunun 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və zəruri müayinə nəticəsində dayanıqlığı şübhə doğurmayan qeyri-yaşayış təyinatlı tikililərin istismarına güzəştli, sadələşdirilmiş qaydada icazə verilsin. Prezident Fərmanı ilə müəyyən olunmuş yeni qaydaya əsasən, fiziki və hüquqi şəxslər tikintiyə və istismara icazəni elektron portal üzərindən ala biləcəklər. Bu qaydadan yararlanmaq üçün ən geci 2025-ci il yanvarın 1-dək Fövqəladə Hallar Nazirliyinə portal üzərindən müraciət edilməsi yetərlidir. 

Bununla yanaşı, Azərbaycan Prezidentinin imzaladığı Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq və ona dəyişiklik edilməsi, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Prezident Fərmanları aidiyyatı dövlət orqanları arasında ciddi vəzifə bölgüsünü, eləcə də bundan sonra hüquqi qaydaları gözləmədən başlana biləcək qanunsuz tikililərə görə vəzifəli şəxslərin də məsuliyyət formalarını təsbit edir. Bu il fevralın 6-da qardaş Türkiyədə yaşanan zəlzələlərdən sonra tikinti qaydalarına əməl olunmasının nə dərəcədə vacib olduğu bir daha üzə çıxdı. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən irimiqyaslı bərpa və quruculuq işlərinin ölçülü-biçili şəhərsalma planları əsasında aparılması digər ərazilərimiz və müvafiq dövlət orqanları üçün örnək olmalıdır. Vətəndaş və sahibkar isə bilməlidir ki, dövlətin sadələşdirilmiş qaydalarla bağlı onlara etdiyi güzəşt hüquqlarının, o cümlədən mülkiyyət hüququnun reallaşmasına təminat verdiyi kimi, tikinti işlərinə daha məsuliyyətli yanaşılması ilə bağlı tələbi bütövlükdə cəmiyyətimizin maraqlarının qorunmasına xidmət edir. 

Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında göstərdiyi misilsiz xidmətlərini ehtiramla andığımız bu Bayram günündə hər birimiz bir daha ona dəyər verməliyik ki, Heydər Əliyev siyasi irsinin təməlində vətəndaşın və dövlətimizin maraqları dayanır. Həmin maraqların bundan sonra da etibarlı şəkildə qorunması dövlət institutları ilə yanaşı, hər birimizdən də məsuliyyətli mövqe tələb edir. Ona da xüsusi dəyər verməliyik ki, yalnız güclü dövlət güzəştlər edə, imtiyazlar verə və öz vətəndaşının maraqlarının keşiyində dayana bilir. Bu isə müasir Azərbaycanın yaratdığı növbəti həqiqətdir.

Ülvi Quliyev

Milli Məclisin deputatı