Azərbaycanın ümumtəhsil məktəblərində “Bilik günü” və yeni tədris ilinin başlanması münasibətilə Yasamal rayonunda bayram tədbirləri keçirilib.
Yasamal rayonundakı 53 nömrəli tam orta məktəbdə baş tutan “ Bilik günü “ bayramına həsr olunmuş tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Elm və Təhsil nazirinin müavini İdris İsayev, məktəbin direktoru Tünzalə Zeynalova, 44 günlük Vətən müharibəsinin şəhid ailələrinin üzvləri və digər natiqlər müəllim kollektivini və məktəbə qədəm qoyan birinci sinif şagirdlərini, eləcə də onların valideynlərini təbrik edərək onlara ən xoş arzularını çatdırdılar. Ötən tədris ilinin Yasamal rayonu üçün uğurlu olduğu diqqətə çatdırıldı, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərinin 600-dən yuxarı bal toplayaraq yüksək nəticələr göstərdikləri vurğulandı. Qeyd olundu ki, son üç ildə 53 nömrəli tam orta məktəb məzunlarının ali məktəblərə qəbul nəticələrində artım dinamikası müşahidə olunur. 2023-24-cü tədris ili üzrə məktəbi 147 məzun bitirib və onlardan 112 nəfər ali məktəblərə qəbul edilib.Bildirildi ki, ölkədə orta və ali təhsilə böyük ictimai maraq var. Bütün bu uğurların əsasında cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdikləri dövlət qayğısının dayandığı bildirildi.
Tədbir bədii hissə ilə başa çatdı.