Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında tədbir

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında 28 may – Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon ərazi partiya təşkilatlarının sədr və müavinləri iştirak etmişdir.

Tədbir öncə Azərbaycan Respublikasının himninin səsləndirilməsi ilə başladı. Sonra Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş video-çarx nümayiş etdirildi. Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixin dövlət səviyyəsində qeyd olunmasında, 1918-1920-ci illərdə qazanılmış uğurların araşdırılaraq dünyaya çatdırılmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayaraq bildirdi ki, Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan Müstəqil Azərbaycan dövlətinin öz sələfinin dövlətçilik ideya və ənənələrini davam etdirəcəyini, ölkəmizin müstəqilliyinin əbədi olacağını bəyan etmişdir.

Sonra çıxış edən millət vəkili Hikmət Babaoğlu qeyd etdi ki, 1918-ci il mayın 28-də elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Yaradılmasından 23 ay keçəndən sonra - 1920-ci il aprelin 28-də bolşevik ordusu tərəfindən müstəqil Azərbaycan dövlətinin fəaliyyətinə son qoyulmuşdur. Yalnız 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası özünü 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi elan etmiş və dövlət müstəqilliyimiz yenidən bərpa olunmuşdur.

Daha sonra çıxış edən Nəsimi rayon Ərazi Partiya təşkilatının sədri, Tarix elmlər doktoru Qorxmaz Mustafayev vurğuladı ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq nəhəng işlər görmüş, xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdur.

Sonuncu çıxış üçün söz Nəsimi rayon Ərazi Partiya təşkilatının sədri Yavər Məmmədova verildi. O bildirdi ki, bu il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 ili tamam olur. 4 il öncə Azərbaycan Respublikası prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Cümhuriyyət ili” elan edilmiş və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili təntənə ilə qeyd olunmuşdu. Bu il isə ilk biz ilk dəfə 28 may tarixini müstəqillik günü kim qeyd edəcəyik.