Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayının keçirilməsindən bir il ötür. Bu qurultay fərqli bir dövrdə keçirilirdi və qarşısında fərqli məsələlər dayanırdı. Ondan əvvəlki altı qurultayda müəyyənləşdirilən əsas məsələlər ölkədə gedən siyasi proseslərdə partiyamızın iştirakı ilə bağlı qərarlar vermək, ümummilli lider Heydər Əliyevin YAP qarşısında qoyduğu vəzifələrin icrası, ölkəmizin inkişafı və dövlət müstəqilliyini möhkəmləndirmək, eyni zamanda, torpaqlarımızın erməni işğalından azad edilməsinə nail olmaq idi. Belə ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbə ilə partiyanın qarşısında qoyulmuş bütün hədəflərə nail olundu. Ölkəmizdə dövlət hakimiyyətinin qollarında islahatlara başlanılması və qazanılan Zəfər Yeni Azərbaycan Partiyasının qarşısında da yeni vəzifələr müəyyənləşdirdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
Deputat qeyd edib ki, YAP yarandığı gündən bir il keçməmiş iqtidara gələn yeganə partiyadır. YAP-ın yaradılması tarixi zərurət idi. Çünki müstəqilliyimizin ilk illərində Azərbaycanda yaranmış siyasi partiyalar çox olsa da, o dövrdə ölkənin müstəqil gələcəyini müəyyənləşdirə biləcək və zəruri qərarlar vermək iqtidarında olan siyasi güc və lider meydanda deyildi. Ona görə də SSRİ-nin dağılmasından sonra Azərbaycanda dövlət müstəqilliyini böyük təhlükələr gözləyirdi. Ölkə hərc-mərclik, xaos, hakimiyyət davası, vətəndaş müharibəsi ilə üz-üzə idi. Nəticədə torpaqlarımızın sürətlə işğal olunması 70 ildən sonra qovuşduğumuz dövlət müstəqilliyinin yenidən itirilməsi təhlükəsini yaratmışdı. Azərbaycanın düşdüyü bu ağır vəziyyətdən xilas olması üçün yeni bir siyasi güc və xalqın etibar etdiyi siyasi lider meydana gəlməli idi. Xalq da həmin siyasi gücün ümummilli lider Heydər Əliyev olduğunu anlayırdı. Rəhbərlik etdiyi illərdə qəbul etdiyi mühüm qərarları ilə sovet Azərbaycanını böyük inkişafa qovuşduran, ittifaq rəhbərləri arasında özünün yüksək təcrübəsi, siyasi iradəsi və bacarığı ilə seçilən, xalqın arasında böyük hörmət qazanmış və xalqın inandığı yeganə şəxsiyyət Heydər Əliyev idi.
A.Badamov bildirib ki, məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə YAP yaranmalı və iqtidara gələrək ölkəni təlatümlərdən, faciələrdən xilas etməli idi. Beləliklə, Yeni Azərbaycan Partiyası təsisi olundu və xalqın tələbi, istəyi ilə bu illər ərzində iqtidarda təmsil olunur. YAP yarandığı gündən etibarən ölkənin müstəqilliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin yaradılması, ölkədə milli birliyin formalaşdırılması, harada yaşamasından asılı olmayaraq dünyada yaşayan bütün soydaşlarımızı azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsi, Azərbaycanı nüfuzlu və inkişaf edən dövlətə çevrilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunmuş gənc nəsil yetişdirilməsi və torpaqları işğaldan azad etmək kimi mühüm vəzifələr qarşısında qoydu. 2020-ci ilin sonuna kimi YAP qarşısına qoyduğu bütün vəzifələrə nail oldu. Bundan sonra ölkənin gələcək inkişafını daha da sürətləndirmək və dövlət müstəqilliyini möhkəmləndirmək üçün yeni vəzifələr və hədəflər müəyyənləşməli idi. 2018-ci ildə keçirilən prezident seçkilərində böyük səs çoxluğu ilə yenidən YAP-ın Sədri seçilən Prezident İlham Əliyev ölkənin inkişafını möhkəmləndirmək məqsədilə zamanın yeni çağırışlarına uyğun müasir dövlət idarəçilik sisteminin formalaşdırılması üçün ölkədə geniş islahatların keçirilməsinin zəruriliyini elan etdi. Beləliklə, hakimiyyətin bütün qollarında bu islahatlar aparıldı və dövlətimiz yeni bir dövrə qədəm qoydu. Çünki ölkədə gedən islahatlar prosesindən YAP kənarda qala bilməzdi. Ona görə də YAP-ın VII qurultayı çağırıldı. Qurultayda Prezident İlham Əliyev YAP-ın tərkibində də islahatların aparılmasının vacibliyini qeyd edərək partiyamızın qarşısında yeni vəzifələr qoydu. Təbii ki, YAP-ın yeni strukturda və müxtəlif vəzifələrin icra edilməsi üçün fəaliyyətinin davam etdirilməsi vacib idi. Qurultayda partiyamızın sədri, birinci müavini və müavinləri seçildi, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası yenidən yaradıldı. YAP-ın Sədri İdarə Heyətinin qarşısında qısa bir zamanda partiyanın yeni nizamnaməsinin və proqramının hazırlanması tapşırığını qoydu. VII qurultayın keçirilməsindən ötən bir ili ərzində YAP-ın İdarə Heyəti partiyamızın yeni nizamnaməsini və partiyamızın qarşısında qoyulan yeni vəzifələri özündə əks etdirməklə yeni proqramını hazırladı, Gənclər Birliyinin sədrini təyin etdi, yerli təşkilatların rəhbərlərini təsdiq etdi.
“Beləliklə, effektiv nəticələrin əldə olunması naminə proqramda YAP-ın fəaliyyətinin növbəti strateji hədəfləri müəyyən edilib: Heydər Əliyev irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf, inklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyinin təminatı, milli maraqlar və xarici siyasət, ordu quruculuğu, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış. Siyasi, iqtisadi, mədəni və ictimai münasibətlərin bütün digər sahələrini əhatə edən YAP-ın fəaliyyətinin hədəfləri milli maraqların qorunması, Azərbaycan dövlətinin dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılması, habelə beynəlxalq bazarlarda ölkənin rəqabətə dözümlülük göstəricilərinin yüksəldilməsinə xidmət edir. Yeni Azərbaycan Partiyası mövcudluğu dövründə özünü ümumxalq partiyası olduğunu təsdiq edib. Bu illər ərzində ölkəmizin inkişafında uğurların əldə edilməsində dövlətimizin və xalqımızın yanında olaraq xalqa xidmət etmişdir. YAP gələcəkdə də xalqa xidmət etmək missiyasını yüksəkdə tutaraq partiyanın proqramında müəyyənləşdilmiş yeni hədəflərə nail olunması üçün əzmlə fəaliyyət göstərəcəkdir”,- deyə Milli Məclisin deputatı bildirib.