Yeni çağırışların fonunda Azərbaycan elmi

Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubileyi ilə bağlı tədbirində çıxışı qarşıdakı hədəfləri, yeni çağırışları özündə ehtiva edir.  Prezident çıxışında Akademiyanın Azərbaycanda elmin inkişafında aparıcı rol oynadığını bildirdi. Qeyd etdi ki, Bu illər ərzində biz müxtəlif ictimai-siyasi quruluşlarda yaşasaq da, Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirirdi:  “Sirr deyil ki, Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi. Hələ ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat institutu yaradıldı, elmin inkişafına böyük vəsait ayrılırdı. Faktiki olaraq bu siyasət müstəqillik illərində də davam etdirilirdi. Ulu Öndərin təşəbbüsü ilə keçən əsrin 70-ci illərindən başlayaraq yüz minlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilmişdir və beləliklə, ölkəmizdə intellektual potensial daha da güclənmişdir. Eyni siyasəti biz müstəqillik illərində də aparırıq. Bu gün də on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərinə ezam olunur. Onların böyük əksəriyyəti oxuyub Vətənə qayıdırlar və beləliklə, ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər”.

Prezidentin Azərbaycanın yaratdığı yeni vəziyyətə uyğun olaraq qarşısında duran çağırışlarla bağlı fikirlərini dilə gətirdi: “Azərbaycan tamamilə yeni vəziyyətdə yaşayır və əlbəttə ki, öz addımlarımızı dəyişən dünyada gedən proseslərə həm uyğunlaşdırmalıyıq, həm də ki, bir çox təşəbbüslər irəli sürməliyik. Ona görə təbii ki, illər keçdikcə qarşıda duran vəzifələr də dəyişir. Ona görə bugünkü inkişafla bağlı, inkişafın gələcək istiqamətləri ilə bağlı əlbəttə ki, prioritetlər əvvəlki dövrdən fərqlənir. Bu gün sirr deyil ki, hər bir ölkənin inkişafını, eyni zamanda, təhlükəsizliyini o ölkənin texnoloji imkanları şərtləndirir. Bu gün biz bunu iqtisadi inkişafda görürük, yeni texnologiyaların tətbiqində görürük, yeni müharibələrdə görürük. Ona görə texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır və əlbəttə, burada Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür. Təbii ki, Azərbaycan dövlətinin üzərinə böyük vəzifə düşür ki, biz bu texnoloji inkişafı bütün sahələrdə tətbiq edək və beləliklə, bizim inkişafımız dayanıqlı olsun”.

Dövlət başçısı dünyada gedən texnoloji inkişafın fonunda Azərbaycanda bu istiqamətdə görüləcək işlərdən danışıb və alimləri bu işdə fəal olmağa çağırıb: “Süni intellekt. On il bundan əvvəl bu barədə heç kim heç nə danışmırdı. Bu gün artıq bu, ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Biz burada geri qalmamalıyıq. Ona görə dövlət lazımi addımları atır. Biz hər zaman əsas aparıcı xəttin, yəni, "mainstream"in, əgər belə demək mümkündürsə, arxasınca gedirik və geri qalmamalıyıq. Ona görə Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır və əlbəttə ki, biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik. Bu istiqamətdə aparılan digər islahatlar nəticəsində əldə edilmiş uğurlar rəqəmsallaşma ilə bağlıdır. Biz rəqəmsallaşmanı ölkəmizdə geniş miqyasda tətbiq edirik və bunun faydasını görürük. Yəni, bəlkə də geniş ictimaiyyət bunu yaxından izləmir. Ancaq biz görürük ki, rəqəmsallaşma olan sahələrdə artıq işin keyfiyyətinin əmsalı da artır, səmərə də artır və nəticə etibarilə daha gözəl nəticələr hasil edilir. Ona görə təsadüfi deyil ki, artıq bir müddət bundan əvvəl bizim hökumət strukturunda nazirliyə “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” adı verilmişdir və bu istiqamətdə də addımlar atılır. Azərbaycan alimlərini burada yenə də fəal olmağa dəvət edirəm”.
Dünyada ciddi problemə çevrilən kibertəhlükəsizlik məsələsinə toxunan Prezident İlham Əliyev bu istiqamətdə atılan addımlardan danışıb: “İndi dünyada kiberhücumlar geniş vüsət alıb. Azərbaycan da bu hücumlara bu il məruz qalmışdır və Kibertəhlükəsizlik Mərkəzinin yaradılması vaxtında atılmış addımdır. Biz beynəlxalq tərəfdaşlarla, bu sahədə böyük təcrübəyə malik olan şirkətlərlə çox geniş proqramlar üzərində işləyirik ki, özümüzü maksimum dərəcədə qoruya bilək, müdafiə edə bilək. Çünki kibertəhlükəsizlik, yəni, virtual təhlükəsizlik deyil. Bu, hər bir ölkənin fiziki təhlükəsizliyidir. Bu gün həm müharibələrin, deməli, aparılma qaydaları dəyişir, təhlükələrin mənbələri dəyişir və dünya dəyişir. Ona görə bu sahəyə əgər lazımi diqqət göstərilməsə, heç bir başqa müdafiə imkanı bizi böyük problemlərdən qoruya bilməz. Ona görə kibertəhlükəsizliklə bağlı həm dövlət, həm Azərbaycanın elm ictimaiyyəti birgə işləməlidir. Əlbəttə ki, eyni zamanda, bizə qarşı kiberhücumlar təşkil edən ölkələr, ya tərəflər, ya qurumlar cəzasız qalmamalıdır. Biz həm özümüzü müdafiə etməliyik, həm də ki, bizə zərər vermək istəyənlərə də layiqli cavab verməliyik”.
Texnoloji potensial inkişafın tərənnümüdür. Bu yöndə Azərbaycanda davamlı addımlat atılır. Elmi tədqiqatların gücləndirilməsi, gələcək iqtisadiyyat üçün kadrların hazırlanması, milli innovasiyaların dəstəklənməsi və idarəetmə və sənayedə rəqəmsal həllərin tətbiqi onu deməyə əsas verir ki, Azərbaycan bütün sahələrdə olduğu kimi bu sahədə də öz sözünü deyir. Yürüdülən uğurlu siyasətin fonunda Azərbaycan elmi inkişaf edir və bu inkişaf bizi yeni qələbələrə səsləyir. 

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı