2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 106 saylı Tovuz seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nizami Səfərov rayonun Azaflı və Bayramlı kəndlərində seçicilərlə görüşlər keçirib.
YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov Yeni Azərbaycan Partiyasının ötən seçkilərdə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də fəal iştirak edəcəyini, respublika ərazisində hər bir seçki dairəsindən öz namizədini irəli sürdüyünü deyib. O, YAP-ın ən vacib məqsədinin Azərbaycan xalqına xidmət etmək olduğunu deyib.
Görüşdə çıxış edən deputatlığa namizəd Nizami Səfərov bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizlə yanaşı, digər bölgələrimizin də inkişafını daim diqqətdə saxlayır. O, yarandığı vaxtdan bugünədək qazandığı böyük nailiyyətlərin YAP-ın yeni üfüqlərə yol açan, dünənin, bu günün və gələcəyin partiyası olduğunu bir daha sübut etdiyini söyləyib.
Şəhid Elvin Əliyevin atası Gülməmməd Əliyev çıxış edərək bütün seçiciləri 1 sentyabrda məntəqələrə gedərək YAP-nın namizədi Nizami Səfərova səs verməyə çağırıb.
Sonra namizəd Azaflı kəndində şəhid Elvin Əliyevin, Bayramlı kəndində şəhid Əhməd Çobanovun, şəhid Mehman Yusifovun və şəhid Mirsalam Cəfərovun ailələrini ziyarət edib.