Yevlaxda 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib FOTO

Yevlaxda 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə “Qadınlar cəmiyyətimizin aparıcı qüvvəsidir” mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki,  Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev,rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov,Əməkdar mədəniyyət işçisi Eldəniz Mustafayev, Şəhid anaları və rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən qadınlar iştirak ediblər. 

Əvvəlcə tədbirdə müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev ilk öncə 44 günlük Vətən müharibəsində Ölkə Prezidenti, Müzəffər Ali  Baş Komandan cənab İlham Əliyevin peşəkar rəhbərliyi altında  düşmənə döyüş meydanında diz çökdürən cəsur və yenilməz Azərbaycan Ordusunun qəhrəman hərbçilərini dünyaya gətirən anaları ürəkdən salamlayaraq, bütün qadınları 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edib, onlara ən səmimi və ən xoş arzularını çatdırıb. Qeyd edilib ki, ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların  cəmiyyətdə rolunun yüksəldilməsi və bu istiqamətdə həyata keçirilən mühüm tədbirlər məhz xalqımızın böyük oğlu Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin təşəbbüsü ilə 1998-ci ildə yaradılmış Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bugün də ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirir. Rayon rəhbəri milli əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində dayanan Azərbaycan qadınlarının öz iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizin həyatında, milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynadığını və Ölkə Prezidenti cənab  İlham Əliyevin göstərdiyi xüsusi diqqət və qayğı, həmçinin dövlət başçısının təşəbbüsü ilə qadınların aktiv fəaliyyəti naminə yaradılmış real imkanlar nəticəsində müstəqil Azərbaycanın bugünkü istimai-siyasi həyatında qadınlarımızın əvəzolunmaz yerinin olduğunu, onların ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında öndə gedərək göstərilən etimadı layiqincə doğrultduqlarını bildirmiş, eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti hörmətli Leyla xanım Əliyevanın çoxşaxəli fəaliyyətini xüsusi vurğulayaraq, xalqımızın zəngin maddi-mənəvi irsinin öyrənilməsində, qədim tariximiz və mədəniyyətimizin təbliğində onların misilsiz xidmətlərinin qadınlarımız tərəfindən örnək kimi qəbul edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. 

Çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları başda olmaqla bütün qadınları xoş arzularla təbrik edərək, onlara səadət və sağlam ömür arzulayıb. Yerli təşkilatın sədri vurğulayıb ki, Azərbaycan qadınları gözəl ana kimi gənclərimizin Vətənə və torpağa bağlılıq, müstəqil dövlətçiliyimizə, istiqlal ideallarına və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda formalaşmaları üçün bütün qüvvəsini sərf edir. Məhz onun nəticəsidir vətənpərvər ruhda tərbiyə olunan, Ulu Öndərimiz Heydər Əliyevin əbədiyaşar ideyaları əsasında cəmiyyətimizdə əsl vətəndaş kimi formalaşan və Azərbaycan Ordusunun sıralarında xidmət edən rəşadətli hərbi qulluqçularımız möhtərəm Prezidentimiz, Zəfər Sərkərdəmiz cənab İlham Əliyevin “Dəmir Yumruğ”u ətrafında sıx birləşərək cəmi 44 gün ərzində düşməni məhv edib, doğma torpaqlarımızı düşmən tapdağından azad etdi. Qeyd edilib ki, inanırıq ki, cəmiyyətimizin bütün sahələrində olan qadınlar, eləcə də ordu quruculuğunda xidmət edən və çalışan ana və bacılarımız bundan sonra da Ölkə Prezidenti cənab İlham Əliyevin etimadını doğruldacaq, göstərilən xüsusi diqqət və qayğıya cavab olaraq daim Vətənə, xalqa, dövlətə sədaqət nümayiş etdirəcəklər. Xüsusilə qeyd edilməlidir ki, bugün ölkəmizdə həyata keçirlən mühüm tədbirlər və dövlət başçısının bu sahəyə olan diqqəti nəticəsində cəmiyyətimizdə böyüklərə, qadınlara, gənclərə göstərilən hörmət və qayğı günbəgün artır ki, bu da məhz dövlət siyasətimizin prioritet istiqamətlərindən biridir. 

Tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, Əməkdar mədəniyyət işçisi Eldəniz Mustafayev Azərbaycan qadının simasında cəsarətlilik, saflıq, şəfqət və ən yüksək qadın keyfiyyətlərinin təcəssüm olunduğunu vurğulayaraq, bütün qadınlara səmimi təbriklərini çatdırıblar. 
Şəhid anaları öz çıxışlarında Vətənin keşiyində cəsarətlə və məğrurcasına dayanıb, düşmənləri döyüş meydanında ağır məğlubiyyətə uğradan və öz adlarını qızıl hərflərlə tarixin şanlı səhifələrinə yazdıran igid oğullar yetişdirdiklərinə görə böyük qürur hissi keçirdiklərini diqqətə çatdıraraq, dövlətimiz tərəfindən onlara göstərilən xüsusi diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Sonda rayonun ictimai-siyasi həyatında fəal rolu olan bir qrup qadın Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif edilib.