Yüksək səviyyəli əməkdaşlıq platforması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda beynəlxalq məsələlərin müzakirə edildiyi IX Qlobal Bakı Forumu keçirilib.

Bu sözləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, bəşər mədəniyyət xəzinəsinin incisi olan dahi şair Nizami Gəncəvinin irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədilə fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu gün qlobal əhəmiyyətə malik olan platformaya, güclü, nüfuzlu və fəal bir quruma çevrilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Prezidentinin 23 dekabr 2011-ci il Sərəncamına əsasən dahi Azərbaycan şairinin 870 illik yubiley tədbirlərinin keçirilməsi çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin Vətəni Gəncə şəhərində keçirilmiş xüsusi konfransda təsis edilib. Dünyanın nüfuzlu ictimai və siyasi xadimləri mərkəzin yaranmasını dəstəkləyərək, Beynəlxalq İdarə heyətinə üzv olublar.

Millət vəkili qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi dünyada müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın Nizami Gəncəvinin əsərlərində geniş yer alan ümumbəşəri dəyərlərin daha geniş miqyasda dünyada təbliğ olunmasıdır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən Qlobal Bakı Forumu keçirilir. Bu günə qədər keçirilən Forumlarda dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət, etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi və digər bir sıra qlobal problemlər geniş müzakirə edilib onların həll yollarının tapılması istiqamətində təhlillər aparılıb.

“Qlobal Bakı Forumunda dünyada baş verən siyasi hadisələrlə yanaşı, planetin gələcəyi üçün insanları narahat edən məsələlər də müzakirə olunur. “Qlobal dünya nizamına təhdidlər” mövzusunda baş tutan IX Qlobal Bakı Forum adından da göründüyü kimi bəşəriyyəti narahat edən ən önəmli məsələlərlə bağlıdır. Dünyanın 50-dən çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, Albaniya, Bolqarıstan, Gürcüstan və digər ölkələrin fəaliyyətdə olan rəhbərləri, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının, Ərəb Dövlətləri Liqasının və digər beynəlxalq təşkilatların rəhbərləri Forumda iştirak ediblər. Forumda qlobal dünya nizamını təhdid edən problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması perspektivləri, enerji təhlükəsizliyinə yaranan təhdidlərin aradan qaldırılması yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli və geniş müzakirələr aparılıb”- deyə millət vəkili Pərvin Kərimzadə diqqətə çatdırıb.

YAP İdarə Heyətinin üzvü vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumun açılışında söylədiyi dərin məzmunlu çıxışı zamanı bir daha region və dünya əhəmiyyətli məsələləri qabartdı, müasir qlobal çağırışlara və təhdidlərə geniş şəkildə toxundu, Ermənistana mühüm mesajlar verdi. Prezident İlham Əliyev mühüm beynəlxalq platforma çərçivəsində bir daha dünya ictimaiyyətinə regionda baş verənlər, Azərbaycanın sülhsevər siyasəti haqqında obyektiv məlumat verib, regionda yaranan yeni reallığa beynəlxalq aləmin diqqətini yönəltdi. Dövlətimizin başçısı Forumda həm Azərbaycan-Ermənistan münasibətlərinin bu günü və gələcəyi, həm Zəngəzur dəhlizi və onun açılmasının önəmi ilə bağlı, regional əməkdaşlıq və bu istiqamətdə görülən işlər, Ermənistan tərəfinin destruktiv mövqeyi barədə konkret fikirlər səsləndirib. Prezident İlham Əliyev vurğulayıb ki, regionda sülhün, sabitliyin bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycanın sülh səylərini dəstəkləməli, təxribat xarakterli addımlardan imtina etməlidir. Dövlət başçısı Zəngəzur dəhlizinin açılmasının önəmini qeyd edərək, dövlətimizin prinsipial mövqeyini ortaya qoyub. Prezident İlham Əliyev bildirib ki, əgər Zəngəzur dəhlizi açılmasa, o zaman sülhdən danışmaq çətin olacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ənənəvi olaraq Bakıda təşkil olunan Qlobal Bakı Forumunda dünyanın üzləşdiyi problemlərə dair aparılan müzakirələr bu Forumun qlobal səviyyəli məsələlərin həlli üçün ən yüksək səviyyəli əməkdaşlıq platformasına çevrildiyini bir daha sübut etdi. Forumun keçirilməsi dünyanın sabit gələcəyi istiqamətində atılmış mühüm addım oldu.