""Zaurlar", "Xoşqədəmlər" cəmiyyətin müəyyən təbəqəsindən istifadə edib şou göstərirlər" - Deputat

““Zaurlar”, “Xoşqədəmlər” cəmiyyətin müəyyən təbəqisinin zəif yerindən istifadə edib şou göstərirlər".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat İlham Məmmədov deyib.

“Biz bəzən cəmiyyətdə gedən problemləri fikirləşirik. Biz ailə, qadın və uşaq problemlərindən danışanda ilk növbədə onun dominant hissəsi yenə də cinsi ayrı-seçkiliyə xarakterizə edilir. İctimaiyyət tərəfindən ciddi qınanılan dominant hissə kimi gözümüzün önünə məişət zorakılığı, erkən evlilik, qohum nikahları kimi sahələr gəlir. Cəmiyyət bu problemlərlə bağlı televiziyada, sosial şəbəkələrdə məsələ qaldırmalıdır. Biz televiziyalarda görürük, eşidirik ki, “Zaurlar”, “Xoşqədəmlər” cəmiyyətin müəyyən təbəqəsinin zəif yerindən istifadə edib şou göstərirlər, bu, belə olmalı deyil. Buna qarşı cəmiyyət birlikdə mübarizə aparmalıdır. Ona görə də hesab edirəm ki, növbəti illərdə sosial şəbəkələrdə, televiziya və mətbuatda maarifləndirmə işinin yeni metodologiyası tapılmalıdır”, - deyə deputat bildirib.