Zəfər tariximiz: Bu gün Qubadlı şəhəri günüdür

25 oktyabr – Qubadlı şəhərinin şanlı ordumuz tərəfindən azad olunmasından 3 il ötür. 

Prezident İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri təntənəli şəkildə qeyd olunacaq. Sərəncama əsasən, “25 oktyabr – Qubadlı şəhəri günü” elan edilib.

Qubadlı şəhərinin işğaldan azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı. 44 günlük Vətən müharibəsi dövründə Qubadlı uğrunda şiddətli döyüşlər gedirdi, şəhidlər vermişik. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəmanımız Şükür Həmidov öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Azərbaycan hərbçiləri, o cümlədən Şükür Həmidov dövlət tərəfindən yüksək döyüş ordenləri ilə təltif edilmişdir. Müzəffər Azərbaycan Ordusu Qubadlıdan sonra da öz Zəfər yürüşünü, şərəfli missiyasını davam etdirdi. 

Qubadlı rayonu ölkəmizin ən gözəl rayonlarından biridir və biz işğaldan azad edilmiş bütün rayonlarımızı eləcə də Qubadlını yenidən qururuq. Qubadlıya həyat yenidən qayıdır. 

Biz Qubadlıya əbədiyyən qayıtmışıq. Bu gün Qubadlıda və işğaldan azad edilmiş bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır və əbədi dalğalanacaq.

 Bu qürurlu günləri xalqımıza bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzu edirik.

Qubadlı bizimdir, Qarabağ Azərbaycandır!

Hicran Hüseynova

Milli Məclisin deputatı