Zəfər zirvəsini fəth edən Lider

Yevlaxda seçicilərlə görüşlər davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də YAP Yevlax rayon təşkilatında ağsaqqallar, ziyalılar, o cümlədən rayonun Qaraməmmədli və Rüstəmli kəndlərində yaşayan seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov, şəhid atası Fərman Kazımov, təşviqat qrupunun üzvləri Vahid Quliyev və Minnət Mürsəlov çıxış ediblər.

Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. Dövlət başçısının uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu getdikcə artır. Son 20 il ərzində Azərbaycanın hərtərəfli inkişafı təmin edilib, doğma Vətənimiz qüdrətli dövlətə çevrilib.

Təşviqat qrupunun üzvləri seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və onları cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər 7 fevralda seçki məntəqələrinə gedərək Zəfər zirvəsini uğurla fəth edən Müzəffər Ali Baş Komandana səs verəcəklərini bildiriblər.