Zəfərimiz çoxəsrlik dövlətçilik tariximizin ən şərəfli səhifəsidir

“Çoxəsrlik tariximizin ən parlaq səhifələrindən olan Zəfərimizin üçüncü ildönümünü qeyd edirik. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın bütün sahələrdə malik olduğu imkanların təqdimatı oldu. 30 ilin işğalına 44 gündə son qoyuldu. Hər bir təşəbbüs və qəbul olunan hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edirdi. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması hədəfi dayanırdı. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaratdı. Zəfərimizin memarı, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Onun 1 oktyabr 2003-cü ildə xalqa tarixi müraciətində ifadə etdiyi inamı və etimadı doğrultdu. Ümummilli Liderin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları axıra çatdırdı, xalqın arzularını gercəkləşdirərək torpaqlarımızı tarixi sahibinə qovuşdurdu. Cənab İlham Əliyevin 20 illik Prezidentlik dövrünün 17 ilində görülən işlər, atılan qətiyyətli addımlar Müzəffər Ali Baş Komandanın 2020-ci il 8 noyabr tarixində “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” çağırışını şərtləndirdi. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, erməni mifini məhv etdi. Dünya bir daha  şahidi oldu ki, yenilməz, məğrur xalq Azərbaycan xalqıdır, güclü ordu Azərbaycan Ordusudur.  Azərbaycanın şanlı Qələbəsinin dünyaya təqdimatı olan Zəfər paradında Müzəffər Ali Baş Komandan İlham Əliyev belə bir çağırışı böyük qürur hissi ilə səsləndirdi ki, bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Bundan sonra ancaq və ancaq irəli gedəcəyik.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov vurğulayıb ki, Prezident İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi dövründə dünyanın media qurumlarına 30-dan çox müsahibə verərək  münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı: “İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr mediamızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Azərbaycan Prezidenti informasiya cəbhəsində də qalib oldu. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq olmuşdur. Həmin müsahibələr Azərbaycan həqiqətlərinin təbliğində zəngin mənbədir. Hansı müsahibəyə diqqət yetirsək Müzəffər Ali Baş Komandan İlham Əliyevin  müharibədən qələbə ilə çıxacağımıza inamı, Azərbaycanın postmünaqişə dövrünün reallıqları özünün aydın ifadəsini tapır.  Bu əminliyə əsas verən Azərbaycanın gücü, qüdrəti, Ordumuzun Qələbəyə hazırlığı, xalqımızın birliyi, həmrəyliyi və sabaha inamı idi.”

Millət vəkili bu xatırlatmanı da edib ki, dövlət başçısı İlham Əliyevin 2019-cu il  oktyabrın 3-də Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı tarixi çıxışı diplomatik uğurumuzun əsas tərkib hissəsi olmuşdu: “Bu çıxış  tarixi Zəfərimizə böyük stimul oldu. Belə ki,  Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu ildə Xankəndinə səfəri zamanı  səsləndirdiyi “Arsax (Dağlıq Qarabağ) Ermənistandır, nöqtə” sərsəm bəyanatına cavab olaraq dünyanın 40 ölkəsindən 150-dən çox nümayəndənin iştirak etdiyi “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında Azərbaycan Prezidenti İlham Əliyev tarixi həqiqətlərin, həmçinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində  erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasının tələb edildiyini önə çəkərək “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” bəyan etdi. Həmin tarixi çıxışından bir il sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz “Qarabağ Azərbaycandır və nida” bəyanatını tarixi Zəfərimizlə təsdiqlədi.”

“Azərbaycanın öz ərazisi üzərində tam suverenliyini bərpa etməsinə imkan verməmək, 2020-ci ilin nəticələri ilə məhdudlaşmağa məcbur etmək cəhdləri oldu. Amma fəaliyyəti boyunca “nəyi, nə zaman və necə etməyin” ən yaxşı nümunələrini göstərən Müzəffər Ali Baş Komandan İlham Əliyev bu tarixi missiyanı öz məntiqi sonluğuna çatdırdı. Bu ilin 19 sentyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam təmin edildi. Separatçılardan təmizlənən torpaqlarımıza səfər edən dövlət başçısı İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltmaqla xalqımıza növbəti Zəfər sevincini yaşatdı. Müstəqillikdən sonra ilk dəfədir ki, bütöv, vahid Azərbaycanda yaşayırıq. Bu, Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə ucaltdıqdan sonra xalqa müraciətində keçirdiyi xoşbəxtlik hissini belə ifadə etdi ki, mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”,- deyə Malik Həsənov bildirib.