"Zərərləri ödəmək üçün ayda 7 milyard dollar lazımdır" - Zelenski

Dünya Bankı və Ukrayna hökuməti Ukraynaya dəstək məsələsini müzakirə etmək üçün bəzi ölkələrin təmsil olunduğu nazirlər səviyyəsində dəyirmi masa görüşü keçirib.

Sabahinfo.az xəbər verir ki,  Ukrayna prezidenti  Volodimir Zelenski videokonfrans vasitəsilə qatıldığı görüşdə Rusiyanın Ukraynaya hücumunun vurduğu ziyandan danışıb.

O, Rusiyanın hücumu nəticəsində vurduğu iqtisadi itkiləri kompensasiya etmək üçün Ukraynanın ayda 7 milyard dollara ehtiyacı olduğunu bildirib.

Ölkənin hər yerində məktəblər, universitetlər, xəstəxanalar, müəssisələrin və infrastrukturun məhv edildiyini bildirən Zelenski Rusiyanın Qara dəniz limanlarını blokadaya almasının Ukraynanın ixracına və dünyanın ərzaq təhlükəsizliyinə təsir etdiyini də qeyd edib. 

Beynəlxalq ictimaiyyətin Rusiyanı Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı kimi beynəlxalq maliyyə qurumlarından xaric etməli olduğunu qeyd edən Zelenski bütün ölkələri Moskva ilə münasibətləri kəsməyə çağırıb.

Dünya Bankının prezidenti David Malpass toplantıdakı çıxışında Rusiyanın hücumu nəticəsində Ukraynada binalara və infrastruktura dəyən fiziki ziyanın təxminən 60 milyard dollara çatdığını və müharibə davam etdikcə daha da artacağını vurğulayıb. (unikal)