“Ziyalı Ocağı” İctimai Birliyi Bakı şəhərində “Bu Vətən sənindir, səni çağırır” adlı seminar keçirdi

Oktyabr ayının 29-da “Ziyalı Ocağı” İctimai Birliyi – Bakı şəhər Yasamal rayon 13 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uşaqların və yeniyetmələrin zərərli xarici təsirlərdən müdafiəsi” layihəsi çərçivəsində “Bu Vətən sənindir, səni çağırır”adlı maarifləndirici seminar keçirdi.

Seminar Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı, torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətənin Qəhrəman Oğullarının -Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Seminarı giriş sözü ilə açan Bakı şəhər Yasamal rayon 13 nömrəli tam orta məktəbin direktoru Əməkdar müəllim Yaqut Sadıqova tədbir iştirakçılarını və qonaqları salamladıqdan sonra məktəb və şagirdlərlə bağlı ətraflı məlumat verdi.  

Y. Sadıqova bildirdi ki, “Uşaqların və yeniyetmələrin zərərli xarici təsirlərdən müdafiəsi müasir dövrümüzün aktual məsələlərindəndir. Bu günkü nəsilləri zərərli, təhlükəli xarici təsirlərdən qorumaq, onların yolunu, səmtini azdırmaq istəyən qüvvələrin qarşısını almaq ailədə valideynlərin, məktəbdə isə müəllimlərin üzərinə düşür. Mütəmadi nəzarət və vacib tövsiyyələrimizlə daima uşaqlarımızın-  şagirdlərimizin yanında olmalıyıq”.

Əməkdar müəllim onu da vurğuladı ki, “Bu gün ölkəmiz və xalqımız özünün dinc və firavan günlərini yaşayır. Bu dincliyi, sakitliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə aparmalı, onların aramıza soxulmalarına qətiyyən icazə verməməliyik. Əziz uşaqlar, bu günkü tədbir də elə məqsədə, bu mərama xidmət edir”.

“Uşaqların və yeniyetmələrin zərərli xarici təsirlərdən müdafiəsi” layihəsinin rəhbəri İlahə Əliyeva eyni mövzuda çıxış edərək, müasir dünyada informasiya sisteminin internet şəbəkələri, müxtəlif sosial platformalar üzərində qurulması prosesindən danışdı.

İ.Əliyeva bildirdi ki, “Bu gün dünyada müharibələr informasiya vasitəsilə aparılır. İnternet şəbəkələrində, sosial platformalarda xalqlara, dövlətlərə qarşı informasiya savaşı hökm sürür. Birtərəfli, qərəzli təbliğatlar bir çox hallarda insanları çaşdırır, onlarda yanlış təsəvvürlər oyadır. Bu qəbildən olan təbliğatlar məkrli düşmənlərimiz tərəfindən ölkəmizə, xalqımıza qarşı da planlı şəkildə aparılır. Təbii ki, bizim və sizin ən başlıca vəzifəmiz bu mənfur qüvvələrə qarşı birgə mübarizə aparmaqdır. Xalqımıza, ölkəmizə qarşı təxribatçı qüvvələrin apardığı ideoloji hücumların qarşısını qətiyyətlə almalıyıq. Əleyhimizə aparılan ideoloji təxribatlara, zərərli və “zəhərli” xarici təsirlərə, habelə, mövcud cəmiyyət tərəfindən qınan və qəbul edilməyən yaşam tərzini beyinlərə yeritmək istəyənlərə qarşı çıxmalıyıq. Aldığımız informasiyaları sağlam, etibarlı, əmin mənbələrdən götürməliyik. Təmiz, saf “beynimizin qapısını” çirkin məqsədli qüvvələrə açmamalıyıq. Qətiyyən belə qüvvələrin bizi idarə etməsinə, özümüzün, xalqımızın, dövlətimizin sakitliyini, dincliyini pozmasına icazə verməməliyik”.

Öz çıxışını “İnternetdən və sosial şəbəkələrdən düzgün istifadə” mövzusu üzərində quran layihənin eksperti Fuad Hüseynzadə müasir dünyada, beynəlxalq aləmdə sosial şəbəkələrin funksiyasından, fəaliyyətindən geniş şəkildə bəhs etdi.

Ekspert F. Hüseynzadə qeyd etdi ki, “Uşaqların və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi mənəvi dəyərlərimizin, xalqımıza məxsus ailə modelinin mühafizəsi deməkdir. Bəşəri ideyalar çərçivəsində formalaşan milli dəyərlərimiz müasir gəncliyin timsalında əmin əllərə tapşırılmalıdır. Sizin hər biriniz vəfalı, etibarlı və layiqli vətəndaş olaraq dilimizə, dinimizə, adət-ənənələrimizə, bütünlükdə, milli mentalitetimizə qarşı gözlənilən zərərli və zəhərli təsirlərin altına əsla düşməməli, hətta onlara qarşı çıxaraq, barışmaz və ardıcıl mövqe nümayiş etdirməlisiniz. Yabançı, qərəzli yad ünsürləri sizi olduğunuz doğru yoldan sapdırmasına əsla icazə verməyin. Siz doğru yolda addımlamaqla, sağlam düşüncənizlə xalqımızın parlaq gələcəyinin, aydın sabahlarının layiqli davamçılarısınız. Sizin məqsədiniz azad, müstəqil, layiqli və möhkəm əqidəli vətəndaş kimi xalqa, dövlətə xidmət etmək olmalıdır”.

“İnternetin zərərli və zəhərli xüsusiyyətlərinin aşkarlanması” mövzusunda məruzə edən jurnalist Rəsul Mirhəşimli bildirdi ki, “İdeloji təxribatların qarşısının alınmasında yekdilliklə həm dövlət orqanları, müvafiq qurumlar, həm də ictimai təşkilatlar, o cümlədən Vətəndaş Cəmiyyəti İnstitutları fəal şəkildə mübarizə apır.

İdeoloji təhlükəsizliyin təmin olunması məqsədilə mütəmadi olaraq olaraq aparılan bu təbliğat və təşviqat işində birgə mübarizə effektli vasitədir. Xalqla dövlət bir olmalıdır. Aramıza zərərli və zəhərli informasiyaların sızmasına, həyatımızın dəyişməsinə qətiyyən yol verməməliyik. Belə qüvvələrin dil, din, demokratiya pərdəsi arxasında gizlətdikləri mənfur niyyətləri hamıya bəllidir. Məqsədyönlü şəkildə ölkəmiz ərazisində problemlər, ziddiyyətlər, çaxnaşmalar, qarşıdurmalar yaratmaq istəyən dairələrin, xarici qüvvələrin, əks təbliğatının məqsədi mövcud cəmiyyəti, dövləti zəiflətmək amacı daşıyır”.

Ekspertin və məktəb direktorunun birbaşa iştirakı ilə seminar şagirdlərlə canlı disskussiya şəraitində davam etdirildi.