Ziyalı Ocağı İctimai Birliyi yeni layihəyə start verdi

Ziyalı Ocağı İctimai Birliyi “Vətənin Qəhrəman Oğulları” adlı növbəti yeni layihənin icrasına başladı. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Bu barədə layihənin rəhbəri, Ziyalı Ocağı İctimai Birliyinin sədri İlahə Əliyeva məlumat verib.

İ.Əliyeva qeyd edib ki, may ayını 1-dən iyun ayının 30-dək tarixləri əhatə layihə üzrə tədbirlər əsasən Bakı və Sumqayıt şəhərlərində reallaşdırılacaq.

Layihə xalqımızın milli-mənəvi dəyərlərinə hörmət və ehtiramla yanaşan, onu əziz tutan, gələcəyə fəxrlə daşımağı məqsəd olaraq qoyan sağlam düşüncəli, möhkəm əqidəli, hünərpərvər, öz soy-kökünə arxalanan gənclərin hərtərəfli formalaşmasına hesablanıb. Torpaqlarımızın yağı düşməndən qurtulması naminə gözünü qırpmadan öz canından, qanından keçən Şəhidlərin daimayaşar ruhu qarşısında öz vətəndaşlıq borcunu yerinə yetirmək məqsədilə hazırlanan bu layihənin birbaşa məqsədi “Unutmayaq və Unutdurmayaq!” prinsipinə əsaslanır.

Vətən torpaqlarının azadlığı, ərazi bütövlüyümüz uğrunda canından-qanından keçən oğullarımızın göstərdikləri şücaətin təbliği, həmçinin 30 ildən artıq bir müddət ərzində mənfur qonşularımız tərəfindən işğala məruz qalan, yerlə-yeksan edilən şəhər və kəndlərimiz, məhv edilən flora və faunamız haqqında həm yerli, həm də beynəlxalq ictimayyət bir daha məlumatlandırılacaqdır.