“Antiterror tədbirləri erməni separatizminə böyük zərbə vurdu”

“19-20 sentyabr antiterror tədbirləri erməni separatizminə böyük zərbə vurdu”. Bunu Moderator.az-a açıqlamasında millət vəkili Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, lokal antiterror tədbirlərinin keçirilməsi bir sıra zərurətdən irəli gəlirdi: “Azərbaycan dövləti Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün daim mühüm təşəbbüslərlə çıxış edir. Lakin Ermənistan və onun işğal dövründə Qarabağda yaratdığı qanunsuz rejim dövlətimizin sülh təşəbbüslərinə qarşı çıxaraq regionda gərginliyi saxlamağa maraqlı olub. Görünən odur ki, 44 günlük Vətən müharibəsi onlar üçün dərs olmadı. Erməni tərəfi ümid edirdi ki, hansısa xarici havadarlarının dəstəyi ilə Azərbaycana qarşı hərbi təxribatlarını davam etdirə biləcəklər. Lakin Prezident İlham Əliyevin dediyi kimi, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Sentyabrın 19-da şanlı ordumuz tərəfindən Qarabağda anti-terror əməliyyatına başlanması da bunu təsdiqlədi.

Son zamanlar Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən ordumuzun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb oldu. Sentyabrın 19-da gecə saatlarında erməni hərbi təxribat qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxıb və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandılar. Əlbəttə ki, bütün bunlar yolverilməzdir və dövlətimiz adekvat tədbirlər görmək məcburiyyətində idi”.

Pərvin Kərimzadə vurğulayıb ki, antiterror tədbirləri ordumuzun gücü ilə yanaşı, dövlətimizin siyasi qətiyyətini də ortaya qoydu: “Lokal antiterror tədbirləri göstərdi ki, Azərbaycan Ordusu dövlətimizin suverenliyinə, təhlükəsizliyinə təhdid yaradan istənilən təhlükəni dəf etməyə, zərərsizləşdirməyə qadirdir. 24 saatdan da az bir müddədə Qarabağdakı separatçıların tərk-silah edilməsi, terrorçulara məxsus hərbi texnikaların, post və obyektlərin sıradan çıxarılması ordumuzun peşəkarlığının isbatıdır.

Antiterror tədbirləri yalnız ordumuzun gücünü göstərmədi. Bu tədbirlər həm də Ali Baş Komandanımızın, dövlətimizin siyasi qətiyyətini, xalqımızın iradəsini göstərdi. Antiterror tədbirləri və onun məlum nəticələri göstərdi ki, Azərbaycan dövləti verdiyi hər bir siyasi mesajı reallaşdırmağa, bunu praktiki şəkildə təmin etməyə qadirdir.

Ermənistan, eləcə də onun beynəlxalq aləmdəki havadarları baş verənlərdən nəticə çıxarmalı, Azərbaycana qarşı təxribatlara son qoymalıdır. Əks-təqdirdə, təxribatçıların yeni itki və məğlubiyyətlərlə üzləşəcəyı qaçılmazdır”.