Aqiyə Naxçıvanlı: “Türk dövlətləri arasında bütün strateji sahələrdə əməkdaşlıq daha da gücləndirilməlidir”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin noyabrın 3-də Astanada “Türk Əsri” çağırışı altında keçirilmiş Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşündə etdiyi çıxışında Türk dövlətləri arasında iqtisadi əlqələrin şaxələndirilməsi, Təşkilatın beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətində atılan addımlar, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görülən möhtəşəm bərpa-yenidənqurma işləri, ölkəmizin bu ilin sentyabr ayının 19-da keçirdiyi antiterror tədbirinin nəticələri və bir çox digər vacib məsələlər barədə detallı açıqlamalar təqdim olunub. Dövlət başçısı qeyd edib ki, Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi hər zaman Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olub. Xüsusi vurğulanıb ki, 2009-cu ildə keçirilmiş Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində Təşkilata üzv olan ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlıq təsisatlanıb. Bu müddətdə Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib, beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza sahib olub.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat həmçinin Prezident İlham Əliyevin ölkələrin müdafiə potensiallarının yüksəldilməsi barədə səsləndirdiyi fikirlərin əhəmiyyətini xüsusi qeyd edib: “Bu gün Türk dövlətləri arasında əməkdaşlıq əlaqələri sürətlə genişlənməkdədir. Öz növbəsində Azərbaycan bu prosesə əhəmiyyətli töhfələr verir. Dövlətimizin başçısı ölkəmizin Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyduğunu vurğulamaqla iqtisadi əlaqələrin gücləndirilməsinin zəruriliyini diqqət mərkəzinə çəkdi. Bu xüsusda Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması da perspektiv planların reallaşdırılmasına hesablanmış addımlardır. Bütün bunlarla yanaşı cənab Prezident bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normalarının kobudcasına pozulması hallarının kəskin şəkildə artmasını qeyd edərək, ölkələrin müdafiə potensialının artırılmasının zəruriliyini vurğuladı. Qeyd olundu ki, yaranmış vəziyyətdə məhz ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Bu səbəbdən də Təşkilata üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da gücləndirilməlidir. Azərbaycanın öz təcrübəsi bu sahədə atılan addımların vacibliyini bir daha təsdiq edir. Belə ki, 2022-ci ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, onun real əməlləri bu bəyanatla qətiyyən uyğunlaşmırdı. Hələ cari ilin sentyabr ayına qədər Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi. Həmçinin Ermənistanın baş nazirinin bu ilin sentyabr ayının 2-də separatçı rejimin dırnaqarası “müstəqilliyi”ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr dırnaqarası “prezident seçkiləri” ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi. Buna görə 2023-cü il sentyabrın 19-da Azərbaycan lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi.”

Sonda A.Naxçıvanlı Böyük Qayıdış Proqramının icrası ilə bağlı Prezident İlham Əliyevin təqdim etdiyi açıqlamaların əhəmiyyətini vurğulayaraq bunları deyib: “Vətən müharibəsindəki tarixi Qələbəsindən dərhal sonra azad olunmuş ərazilərində bərpa-yenidənqurma işlərinə başlamış Azərbaycan indiyədək görülən işlərə öz büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait xərcləyib. Dövlətimizin başçısı öz çıxışında həmçinin növbəti il bu məqsədlərə ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağını da anonsladı. Ali tədbir iştirakçıların diqqətinə çatdırıldı ki, Azərbaycan dövləti hazırda Böyük Qayıdış Proqramını uğurla icra edir. Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıblar. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur. Eyni zamanda da cənab Prezident İlham Əliyev Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə Prezident Kasım-Jomart Tokayevə təşəkkürünü bildirərək, bunların Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın bariz təzahürü olduğunu vurğuladı” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini sona çatdırıb.