Aydın Hüseynov: "Bu həm faciə, həm də qəhrəmanlıq nümunəsidir”  

1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Faciə qurbanlarının hamısı əlində silah olmayan, silahlı müqavimət göstərməyən dinc sakinlər idi. Öldürülənlər arasında azyaşlılar, sadəcə olaraq avtomobilində, küçədə gedən insanlar, təcili yardım maşını ilə yaralılara köməyə tələsən həkimlər də var idi. Azərbaycan xalqı isə öz müstəqilliyi, ərazi bütövlüyü və suveren hüquqları uğrunda yumruq kimi birləşmişdi. Şəhid olan qəhrəmanlarımız əliyalın mübarizəyə qalxaraq, öz haqlarını tələb etdilər”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynzadə deyib. O qeyd edib ki, 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapdı:

“Amma o dövr bütün təhlükələrdən çəkinməyərək sovet hakimiyyətinin "20 Yanvar" əməlinə etiraz edən ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. Ulu öndər Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlamanı tələb edib. Bu, Azərbaycanın ümummilli liderinin xalqın milli maraqlarını qorumaq üçün atdığı cəsarətli siyasi addım idi. Heydər Əliyevin həmin çıxışından sonra 20 Yanvar faciəsi ilə bağlı məlumatlar dünya mətbuatında yayılmağa başladı. Nəticədə xarici jurnalistlər hadisə ilə bağlı araşdırmalara başladılar. Onu da qeyd edək ki, Heydər Əliyev tərəfindən 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğı göstərilmişdir”.

Deputat əlavə edib ki, Ulu öndərin o dövrdəki cəsarətli addımını bu gün onun layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyev davam etdirir :

“Tariximizin 20 Yanvar səhifəsinin unikallığı ondadır ki, o, eyni vaxtda həm faciə, həm də qəhrəmanlıq nümunəsidir. Aradan illər keçməsinə baxmayaraq, Azərbaycan xalqı öz ideallarına sadiqdir və nə qədər vaxt keçsə də, böyük əzmkarlıq və qətiyyətlə öz haqqını tələb etməyi və əldə etməyi bacarır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız 30 illik mübarizədən sonra işğaldan azad olundu. Təbii ki, şəhidlərimizin qanı əbəs yerə axıdılmadı. Hesab edirəm ki, Azərbaycan xalqının şərəfli və şanlı səhifələrindən biri də 20 Yanvar tariximizdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan tarixi zəfər həm də son bir əsrdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilən cinayətlərin layiqli cəzası oldu".