Azərbaycan FHN Naxçıvan şəhərində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirib

21 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli və Nazirliyin əməkdaşları iştirak ediblər.

Əvvəlcə, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Heydər Əliyev Muzeyi ziyarət edilib. Tədbir iştirakçıları Ümummilli Liderin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi, muzeyin tarixi və burada qorunan fotoşəkil və eksponatlarla yaxından tanış olublar.

Heydər Əliyev Sarayında keçirilən tədbirdə Dövlət Himninin səsləndirilməsindən sonra Nazirliyin İctimaiyyətlə əlaqə idarəsi tərəfindən hazırlanmış “Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi” filmi nümayiş olunub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbir iştirakçılarını Naxçıvanda görməkdən məmnunluğunu bildirərək deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq, Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında silsilə tədbirlərlə qeyd olunur, dahi şəxsiyyətin ömür yoluna və çoxşaxəli dövlətçilik fəaliyyətinə hərtərəfli nəzər salınır.

Səlahiyyətli nümayəndə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvanda Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən tədbirin əhəmiyyətini vurğulayaraq təşkilatçılara təşəkkür edib.

Bildirib ki, Ulu Öndər Heydər Əliyev ömrünü xalqına və Vətəninə həsr edib, Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin əsasını qoyub. İstər sovetlər birliyi, istərsə də müstəqillik dövründə Ümummilli Liderin ömür yolu bütövlükdə Azərbaycana xidmətdən ibarət olub. Heydər Əliyev ölkəmizi düşdüyü ağır siyasi, iqtisadi və sosial böhran vəziyyətindən çıxararaq dövlətçiliyimizi və müstəqilliyimizi qoruyub. 1970-1980-ci illərdə Azərbaycan İttifaqın qabaqcıl respublikasına çevrilib, yeni zavodlar, məktəblər, nəhəng meliorasiya və irriqasiya sistemləri istifadəyə verilib, iqtisadiyyatın bütün sahələrində canlanma müşahidə olunub, milli məfkurənin yüksəlişi, söykökümüzə və dəyərlərə qayıdışın əsası qoyulub. Fuad Nəcəfli qeyd edib ki, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərən Ümummilli Liderimiz müstəqil dövlətçiliyimizin əsaslarını burada formalaşdırıb. Onun rəhbərliyi ilə Naxçıvan parlamentinin 1990-cı il noyabrın 17-də keçirilən iclasında muxtar respublikanın adından “sovet, sosialist” sözləri çıxarılıb, Ali Sovetin adı dəyişdirilərək Ali Məclis adlandırılıb, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqlənib. Həmin dövrdə Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanda qəbul olunmuş qərarlar – sovet qoşunlarının silah-sursatları saxlanılmaq şərtilə Naxçıvandan çıxarılması, ilk milli ordu qurumunun yaradılması, Yeni Azərbaycan Partiyasının təsis olunması, milli birlik və həmrəyliyimizin əsasının qoyulması və digər bu kimi tədbirlər müstəqil dövlətçilik tariximizin ən mühüm mərhələsini təşkil edir.

O illərdə Naxçıvanda Ümummilli Liderin rəhbərliyi ilə bu mütərəqqi addımlar atılarkən, prosesin əksinə olaraq ölkəmiz bütövlükdə naşı adamların əlində vətəndaş müharibəsinə sürüklənir, torpaqlarımız işğal olunur, siyasi və iqtisadi böhran daha da dərinləşirdi. Məhz belə bir vəziyyətdə xalqımız Ümummilli Lider Heydər Əliyevə üz tutdu, onu yenidən ölkə rəhbərliyinə dəvət etdi. Hətta o zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndərin siyasi hakimiyyətə gəlməsini yeganə çıxış yolu kimi qəbul etdilər.

Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəldi və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bununla da həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ümummilli Lider Heydər Əliyevin xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilməsi isə ölkəmizdə yeni inkişaf dövrünün əsasını qoydu.

“1993-2003-cü illərdə dahi şəxsiyyətin rəhbərliyi ilə müstəqilliyimiz qorunub saxlanılıb, torpaqlarımızın işğalının qarşısı alınıb, sosial-iqtisadi inkişaf strategiyasının əsası qoyulub, ordu quruculuğuna başlanılıb, vətəndaş həmrəyliyi təmin olunub”, - deyən səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, həmçinin ölkəmizdə mütərəqqi dövlət idarəçiliyi sistemi formalaşdırılıb, qanunvericilik bazası zənginləşdirilib, əhalinin rifahı yüksəldilib, təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin əsası qoyulub. Milli həmrəylik və bütövlüyü ehtiva edən azərbaycançılıq məfkurəsi dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsi kimi milli ideologiyamızı formalaşdırıb, ölkəmizdə davamlı sabitliyə nail olunub. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda yeni sosial-iqtisadi inkişaf strategiyası həyata keçirilib, “Əsrin müqaviləsi” imzalanıb, ölkəmizə böyük həcmdə investisiyalar cəlb edilib, istehsal müəssisələri yaradılıb, iş yerləri açılıb və əhalinin məşğulluğu təmin edilib. Bu dövrdə ümumi daxili məhsul istehsalında və digər makro-iqtisadi göstəricilərdə artıma nail olunub, əhalinin rifahı yüksəlib.

Bu bir həqiqətdir ki, Heydər Əliyevin siyasi xətti Azərbaycandakı güclü dövlətçiliyin, ictimai-siyasi sabitliyin və iqtisadi inkişafın əsas təminatıdır. Bu gün fəxr edirik ki, Ümummilli Liderin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İqtisadiyyatın bütün istiqamətləri üzrə həyata keçirilən inkişaf konsepsiyası, ümumilikdə, ölkəmizin müstəqilliyini və dövlətçiliyini, xalqımızın milli birliyini, mövcud ictimai-siyasi sabitliyi ilbəil möhkəmləndirir. Dövlət başçısının təşəbbüsü ilə reallaşdırılan transmilli layihələr və beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın regional və beynəlxalq enerji təhlükəsizliyinin əsas təminatçısı kimi rolunu artırıb.

“Ötən 20 ildə cənab İlham Əliyev tərəfindən həyata keçirilən milli inkişaf doktrinasının əsas hədəfində, ilk növbədə, insan amili, hər bir Azərbaycan vətəndaşının yüksək həyat şəraiti ilə təmin olunması dayanır”, - deyən Fuad Nəcəfli bildirib ki, bunun nəticəsidir ki, ölkəmizdə güclü bazaya malik iqtisadi sistem qurulmuş, makroiqtisadi göstəricilərdə, ümumi daxili məhsulda və valyuta ehtiyatlarında dəfələrlə artıma nail olunub.

Vurğulanıb ki, ordu quruculuğu cənab İlham Əliyevin fəaliyyətində əsas hədəf kimi müəyyənləşdirilib. Silahlı Qüvvələrimizin maddi-texniki bazasının, döyüş qabiliyyətinin və peşəkarlığının davamlı artırılması, döyüş arsenalının müasirləşdirilməsi son nəticədə güclü müdafiə potensialı formalaşdırmaqla yanaşı, həm də 30 illik işğala son qoydu, torpaqlarımız azad olundu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Bununla da Müzəffər Ali Baş Komandan ən mühüm missiyaya - ata vəsiyyətinə əməl etdi, Ümummilli Liderimiz Heydər Əliyevin arzularını reallaşdırdı.

Fuad Nəcəfli çıxışının sonunda qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinin hər bir dövrü qürur və şərəf tariximizdir. Müdrik dövlət xadiminin siyasi irsi müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyidir. İllər, əsrlər keçəcək, lakin bir həqiqət heç vaxt dəyişilməyəcəkdir: bu da Azərbaycan var olduqca yaşayacaq Heydər Əliyev ideyalarıdır.

Sonra tədbirdə çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov xalqımızın böyük oğlu Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan, Vətən qarşısında tarixi xidmətlərindən danışıb. 100 illik yubileyinin ölkəmizin hər yerində və onun hüdudlarından kənarda yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunduğunu bildirən nazir, varlığında bütöv bir millətin ruhunu yaşadan, şəxsiyyətində xalqın ən gözəl keyfiyyətlərini cəmləşdirən Dahi Rəhbərin həyatını öz xalqına həsr etdiyini xatırladıb. “Ulu Öndərin çoxşaxəli fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz, şərəfli bir hissəsini təşkil edir. Onun qurub yaratdıqları, müdrik ideyaları, müqəddəs irsi təkcə dünənimiz və bu günümüz üçün deyil, eyni zamanda gələcəyimiz üçün də əvəzsizdir”.

Ulu Öndərin müqəddəs yolunu uğurla davam etdirən, Ata vəsiyyətini şərəflə yerinə yetirən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin ardınca “Heydər Əliyev İli”ndə - bu ilin sentyabr ayında cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyinin tam bərpa edilməsini qürur hissilə diqqətə çatdırıb. Nazir oktyabrın 15-də, ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocavənd, Xocalı və Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycanın dövlət bayrağını ucaltmasını Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xalqımıza bəxş etdiyi tarixi Zəfərin, Qələbənin zirvə nöqtəsi adlandırıb. Qeyd edib ki, dövlətimizin başçısının tarixi Zəfərə həsr olunmuş möhtəşəm hərbi paradı noyabrın 8-də Xankəndi şəhərində keçirməsi və paradda qətiyyətli çıxışı Azərbaycan xalqını, Dünya Azərbaycanlılarını, bütün Türk Dünyasını hədsiz dərəcədə qürurlandırıb. Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işləri, nəhəng infrastruktur layihələri ilə heyrətləndirir. Müstəqil ölkəmizin inkişafı, tərəqqisi naminə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır.

Çıxışında tarixə ekskurs edən Kəmaləddin Heydərov 1969-cu ildə respublika rəhbərliyinə gəldiyi ilk günlərdən etibarən xalqının rihafı və inkişafı yolunda mühüm nailiyyətlərə imza atan Ulu Öndər Heydər Əliyevin Azərbaycanın gələcək müstəqilliyi yolunda real addımlar atdığını qeyd edib. Sovetlər birliyində yaşadığımız illərdə Azərbaycan dilinə dövlət dili statusunun verilməsinin Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri olduğunu deyən nazir, bununla Dahi Rəhbərin gələcək müstəqil dövlətçiliyimizin milli atributunu məharətlə qoruduğunu vurğulayıb. O illərdə Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması olub.

Fövqəladə hallar naziri xatırladıb ki, ötən əsrin 80-ci illərində yeganə azərbaycanlı olaraq yüksək vəzifələrdə çalışan Ulu Öndər SSRİ rəhbərliyinin yol verdiyi ciddi qüsurlara, şovinizmə, millətçiliyə, separatizmi dəstəkləməklə millətlərarası münaqişələrin qızışdırılmasına, açıq antiazərbaycan siyasətinə qarşı çıxıb, prinsipial mövqe nümayiş etdirib. Vəzifədə olmadığı vaxtda bir xilaskar kimi 20 Yanvar faciəsinin torədildiyi günün səhərisi bütün təzyiqlərə baxmayaraq Moskvada Azərbaycan həqiqətlərini beynəlxalq aləmə bəyan edən, doğma xalqını milli-siyasi fəlakət burulğanından xilas etmək üçün 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Ulu Öndər əvvəl Bakıya, sonra isə Naxçıvana gələrək Qurtuluş missiyasını davam etdirib.

Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışdığı 1991-93-cü illəri muxtar respublikanın sosial-iqtisadi inkişafının çətin, eyni zamanda əlamətdar dövrü kimi xarakterizə edən Kəmaləddin Heydərovun sözlərinə görə, bu dövrdə Ulu Öndər Naxçıvanda bir tərəfdən erməni işğalçıları ilə mübarizəyə şəxsən rəhbərlik edir, digər tərəfdən ağır blokada şəraitində olan muxtar respublikanın iqtisadi durumunun, əhalinin vəziyyətinin yaxşılaşdırılması istiqamətində vacib tədbirlər həyata keçirirdi. Naxçıvandakı sovet qoşunlarının arsenalının bütünlükdə muxtar respublikanın dövlət orqanlarının nəzarəti altında təhvil-təslimini təmin edən Heydər Əliyev burada Azərbaycan ordusunun güclü birləşmələrini formalaşdırıb və ermənilərin hücumlarına qətiyyətlə cavab verilib. Ulu Öndərin bilavasitə təşəbbüsü ilə Ali Məclis muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında tarixi qərarlar qəbul edib, 31 dekabr gününü Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi əbədiləşdirib.

“1990-cı illərin əvvəli ölkəmizin müasir tarixində hərc-mərclik, qeyri-peşəkar idarəetmə, xaos və anarxiya dövrü kimi xatırlanır”, - deyə sözünə davam edən nazir bildirib ki, xalq ən ağır günlərini yaşadığı bir zamanda öz Xilaskarını – sevimli oğlu, dahi şəxsiyyət Heydər Əliyevi ölkəni idarə etməyə təkidlə çağırdı. Ulu Öndərin bu qayıdışı ilə Azərbaycan dövlətçiliyinin mövcudluğuna, müstəqilliyinə böyük təhlükə olan dövlət çevrilişi cəhdlərinə son qoyulub, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırılıb, cəbhədə atəşkəsə nail olunub, ölkəmizin sivil formada dövlətlərarası əlaqələr sisteminə qoşulması istiqamətində uğurlu addımlar atılıb. Qısa zamanda ölkəmizdə müstəqil dövlət təsisatları yaradılıb, demokratik prinsiplər bərqərar olub, Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasətə əsaslanan xətlə inkişaf etməyə başlayıb. Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazılıb. Bu illər ərzində ictimai-siyasi sabitlik və təhlükəsizlik təmin olunub, dövlət idarəçiliyi mexanizmi yenidən yaradılıb, genişmiqyaslı islahatlar həyata keçirilib, ölkəyə xarici sərmayələr cəlb edilib və ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edilib. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm, zəngin siyasi təcrübə, möhkəm iradə və ən əsası, hədsiz Vətən sevgisi sayəsində reallaşdırdığı nəhəng işlər Azərbaycan tarixinə silinməz qızıl hərflərlə yazılıb.

Fövqəladə hallar naziri Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə son 20 il ərzində həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət nəticəsində müstəqil və suveren Azərbaycan Respublikasının hazırda müasir dünyanın aparıcı dövlətləri ilə bir sırada inamla irəlilədiyini, özünün iqtisadi, siyasi və hərbi qüdrəti ilə qarşıya çıxan istənilən problemin həllinə nail olduğunu iftixar hissilə dilə gətirib: “Möhtərəm Prezidentimizin titanik fəaliyyəti və milli maraqlara söykənən siyasəti nəticəsində Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər bu uğurların məntiqi nəticəsidir. Əminliklə demək olar ki, xalqımız 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkilərində yenidən Qalib Prezidentinə, Müzəffər Ali Baş Komandanına yekdilliklə səs verməklə daha böyük hədəflərə nail olacaqdır”.

Çıxışının sonunda nazir Kəmaləddin Heydərov vurğulayıb ki, Fövqəladə Hallar Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin ideyalarına, dövlətçilik xəttinə sadiq qalaraq bundan sonra da bütün qüvvə və bacarığını müstəqil respublikamızın yüksəlişi, tərəqqisi naminə səfərbər edəcəkdir.

Tədbirdə digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb, Heydər Əliyev siyasi kursunun mahir davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin tarixi nailiyyətlərini qeyd edib, müasir Azərbaycan dövlətinin Ümummilli Liderin şah əsəri olduğunu iftixar hissilə dilə gətiriblər.

Tədbir bədii hissə ilə davam edib.