Azərbaycan gəncləri- yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı seçilirlər

Hər bir cəmiyyətin hərəkətverici qüvvəsi, sərvəti və gələcəyi onun gəncləridir. Gənclərimizin sağlam, savadlı, yüksək mənəvi keyfiyyətlərə  malik olması dövlət üçün önəmlidir. Gənc nəslin vətənpərvərlik,  tariximizə,  milli köklərə bağlılıq, böyüklərə  yüksək  ehtiram və mənəvi  zənginlik  duyğuları  ilə tərbiyə olunması, onların şəxsiyyət və  vətəndaş kimi  formalaşması üçün  ailə də,  dövlət də  məsuliyyət  daşıyır.  Buna görə də Azərbaycanda uşaq və  gənclərin inkişafı məsələlərinə dövlət  tərəfindən həmişə diqqət  yetirilir.  Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi dövlət gənclər siyasəti  milli strategiyaya çevrilib. Ulu Öndər Heydər Əliyev  hər zaman vurğulayırdı ki, “Azərbaycanın genofondu gənclərdir. Biz onları hərtərəfli qorumalıyıq.”

Ümummilli liderimiz Heydər Əliyev ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirirdi. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndərimiz bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi. Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etmişdir:  “Hər gündən, dəqiqədən səmərəli istifadə olunmalıdır ki, gənc nəslimiz yaxşı bilik, təhsil alsın, elmin, həyatın bütün sahələrində olan təcrübəni mənimsəsin, həyatda, cəmiyyətdə həm özü, həm də ölkə xalq üçün faydalı olsun”. Əlbəttə ki, gənclərimizin də qarşısında mühüm vəzifələr  dayanır. Ulu Öndər  öz çıxışlarında  deyirdidi ki: “Gənclərimizin borcudur ki, Azərbaycan daim müstəqil dövlət olsun, Azərbaycan xalqı bir millət kimi dünyada öz yerini tuta bilsin, gələcəyə daha da uğurla gedə bilsin, dünya millətləri, xalqları arasında aşağı səviyyədə durmasın, ümumdünya səviyyəsində olsun.” -

Ümummilli liderimiz Heydər Əliyevin gənclər siyasəti onun layiqli davamçısı, cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və daha da gücləndirilir. Təbii ki, bu siyasət Azərbaycanın milli genefondunun qorunması, habelə gəncləri vətənpərvər ruhda tərbiyə etmək zərurətindən meydana gəlmişdir. Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Prezident İlham Əliyevin və Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın  ardıcıl səyləri nəticəsində artıq  Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Azərbaycanın müxtəlif bölgələrində olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi buna əyani sübutdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsindəidmanın əhəmiyyətin belə izah edirdi: “İdman ictimai həyatın mühüm amilidir. İşğal dövründə idman qələbələrimiz insanların şüurunda Birinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra bir növ rəmzi kompensasiya oldu. Beləliklə, biz göstərdik ki, qalib gələ bilərik və qələbə Azərbaycanda vətənpərvərliyin çox mühüm amilinə çevrildi. Çünki idmançılarınız qalib gələndə, bayrağımız qalxanda, himnimiz çalınanda adamı böyük qürur hissləri bürüyür. Bu, gənc nəsil üçün vətənpərvər olmaqda mühüm amil idi, çünki mən aydın şəkildə anladım ki, bunsuz biz qələbə qazana bilməyəcəyik. Bəli, biz müdafiə imkanlarımıza, hərbçilərimizin təliminə böyük sərmayələr yatırdıq. Biz İkinci Qarabağ müharibəsinə hazırlaşmaq üçün çox işlər gördük. Lakin sizə deyə bilərəm ki, hazırda, iki il yarımdan sonra, Qələbəmizin əsas meyarı qələbə ruhu idi. Torpaqları azad edənlər həyatlarında heç vaxt Qarabağı görməmişdilər, çünki çox gəncdirlər. Qarabağ işğal ediləndə onlar heç anadan olmamışdılar. Beləliklə, onları bu məqsədə aparan nə idi? Qələbə ruhu, vətənpərvərlik və ləyaqət idi. İdman həm budur, həm fiziki sağlamlıq deməkdir, çünki biz istəyirik ki, cəmiyyətimiz sağlam olsun. Biz istəyirik cəmiyyətimiz fiziki baxımdan güclü olsun”. Bəli idman həm sağlamlıq, həm də qələbəyə, ədalətli mübarizə çağırışıdır.

Ölkədə gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması, dövlət orqanlarında gənclərin üstünlük təşkil etməsi göstərir ki, Prezident İlham Əliyev gənclərlə bağlı siyasətə xüsusi həssaslıqla yanaşır. Bu gün gənclərin peşə hazırlığı, məşğulluğunun təmin olunması, sosial təminatı sahibkarlıq fəaliyyəti, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi sahəsində tədbirlər həyata keçirilməsi durmadan genişləndirilir. Məlumdur ki, ölkədə fəaliyyət göstərən bazar strukturları iş təcrübəsi olan və bazar iqtisadiyyatı prinsiplərini bilən mütəxəssislər axtarışındadır. İlk növbədə, gənclərin təhsilinə, peşə hazırlığı məsələlərinə böyük diqqət yetirilməlidir. Xüsusilə texniki-peşə təhsili müəssisələrinin kadr hazırlığında mövcud əmək bazarını və ya sahibkarların tələbatları nəzərə alınmalıdır. Son illər ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar öz müsbət nəticəsini versə də, işsizlik problemi aktual olaraq qalır. Çünki, keçid dövrü ilə əlaqədar olaraq əmək bazarının tələbləri də dəyişir. Artıq dünyada belə bir fikir formalaşıb ki, hər il bilik və bacarıqların 20-30 %-i, hər 5-8 ildə isə peşələr tamamilə köhnəlir. Artıq gənclərimiz işsizlik problemlərini mükəmməl təhsilə yiyələnmədən həll edə bilməyəcəklərini daha yaxşı başa düşürlər. Digər tərəfdən neft sektorunun inkişafı nəticəsində ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlər müasir texnologiyalarla işləməyi bilən gənclərə daha çox üstünlük verirlər. Nəticədə gənclərimizin təhsil səviyyəsi ilbəil artır. Savadlı gənc mütəxəsislərin hazırlanması orta məktəbdən başlayır. Dövlətimiz bu məsələyə də xüsusi diqqət yetirir. Azərbaycanda büdcənin ən böyük hissəsi təhsil xərclərinə yönəldilibdir. Son illər həm dövlət vəsaiti hesabına, həm də Heydər Əliyev fondunun hesabına yüzlərlə məktəb tikilib. Məktəb tikintisi bu gün də sürətlə davam etdirilir. Azərbaycanda bütövlükdə təhsil infrasturukturu yeniləşir. Böyük əhəmiyyət kəsb edən kompüterləşmə proqramı həyata keçirilir. Hər bir məktəbdə kompüter sinifi yaradılır və internetə çıxış təmin olunur. Nəticədə gənclərimiz, şagirdlərimiz, tələbələrimiz dünyada baş verən bütün hadisələri yaxından izləyir, yeni müasir informasiya texnologiyalarına yiyələnirlər. Onlar dünyada gedən prosesləri təhlil etmək üçün imkanlar əldə edirlər. Bu gün Azərbaycan gəncləri xarici ölkələrə təhsil almağa, biznes qurmağa, təcrübə qazanmağa, işləməyə və s. faydalı işlər görməyə gedir. Xaricdə çalışan gənclərimizin böyük hissəsi bir neçə ildən sonra vətənə dönərək əldə etdikləri təcrübəni, işgüzarlığı və iqtisadi sistemin xüsusiyyətlərini ölkəmizdə tətbiq edirlər.

Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənc nəslin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Azərbaycan gəncləri azad ölkədə yaşayır, sabitlik olan ölkədə yaşayır, özünə güvənən ölkədə yaşayır. Gənclər öz gələcək həyatını düzgün müəyyən etmək və dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.

Gənclər  xalqımızın və dövlətimizin  ən qiymətli sərvətidir. Bizim onlarla   fəxr etməyə bir çox səbəblərimiz var: onlar elmi olimpiadaların qalibi, aparıcı və nüfuzlu universitetlərin tələbələri və məzunlarıdır, mötəbər idman yarışlarının çempionlarıdır, mədəniyyət və incəsənət sahəsində yüksək mükafatlar əldə edirlər. Vətənpərvərdirlər, milli - mənəvi dəyərlərimizə, ənənələrimizə  sadiqdirlər. Azərbaycan Respublikasının Dövlət Himnin sözlərində deyildiyi kimi, hüququndan keçən  qəhrəmandırlar.

Gənclər Günü münasibətilə  bütün gəncləri təbrik edirik! Bizim gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir, inkişaf edən, yeniliyə can atan, ən müxtəlif sahələrdə nailiyyətlər qazanan gənclikdir.

 Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova