Azərbaycan haqlı mübarizə aparır və heç bir qərəzli qərar və rəylər onu haqq işindən döndərə bilməz  

Hər bir dövlətin müdafiəsi və təhlükəsizliyi onun prioritetlərindən biridir. Lakin hazırkı gərgin və mürəkkəb dövrdə, hadisələrin sürətlə dəyişdiyi bir zamanda vətəndaş hüquqlarının müdafiəsi, dövlətçiliyin möhkəmləndirilməsi, ölkə maraqlarının qorunması məsələləri daha da aktuallaşmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti bu istiqamətdə özünəməxsus inkişaf yolu keçmişdir. Biz bunun bariz nümunəsini 44 günlük Vətən müharibəsində, o cümlədən müharibədən keçən 3 il müddətində gördük. Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşü zamanı bu məsələyə diqqət çəkərək bildirdi ki, “Sizin işiniz, həmçinin həmkarlar arasında qarşılıqlı fəaliyyət hazırkı mürəkkəb beynəlxalq şəraitdə xüsusi əhəmiyyətə malikdir, çünki təhdidlər artır, yeni qeyri-sabitlik ocaqları yaranır və ölkələrimizin sabitliyi və təhlükəsizliyi bir çox hallarda sizin strukturların operativ işindən asılıdır. Ölkələrimizin yerləşdiyi regionlarda, əlbəttə, xarici təhdidlər də mövcuddur və bu istiqamətdə operativ iş riskləri minimuma endirməyə imkan verir. Bizim ölkələrin yerləşdiyi məkanda ictimai-siyasi sabitliyin möhkəmləndiyini görmək sevindiricidir və dövlətlərimiz bir çox çağırışların öhdəsindən uğurla gəlir”. Bununla ölkə başçısı təhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlığın vacib olduğunu vurğuladı.

 Görüşdə artıq Azərbaycanın daxili təhdidlərinin olmadığının bildirən ölkə başçısı qeyd etdi ki, “Üç həftə əvvəl həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub. Əlbəttə, bu, regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır”.

Lakin biz nəyin şahidi oluruq? Yenə də ikili standartın, haqsız , ədalətsiz yanaşmanın. Azərbaycanın tarixini bilməyən, ermənilərin bu ərazilərə necə, hansı dövrdə və hansı şəraitdə köçürüldüyünü bilməyən ümumiyyətlə Qarabağın tarixindən, onun harada yerləşməsindən xəbəri olmayan, ermənidən daha çox erməni olmağa çalışan “ siyasətçilər”, “parlamentarilər”, “hüquqşünaslar” yenə də öz ampulalarındadırlar. Prezident İlham Əliyev Azərbaycana qarşı ərazi iddialarına son qoymaqla bağlı Ermənistana edilən çoxsaylı çağırışların qəribə reaksiyaya səbəb olduğunu vurğuladı və bildirdi ki, ötən ilin oktyabr ayında Ermənistan və Azərbaycan rəhbərlərinin beynəlxalq tərəfdaşlarla görüşündə Bəyanat qəbul edildi. Sitat: “Bu sənədə əsasən hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını və ölkələrimizin ərazi bütövlüyünü təsdiqləyən 1991-ci il Alma-Ata bəyannaməsinin tərəfdarı olduqlarını bəyan etdilər. Biz bunu Ermənistan tərəfindən atılan mühüm addım hesab etdik, Azərbaycana qarşı ərazi iddialarından nəhayət əl çəkəcəyini zənn etdik. Lakin, Azərbaycanın ərazi bütövlüyünü sözdə və kağız üzərində tanıyan Ermənistan rəhbərliyi əməldə hər şeyin əksini edirdi”. Bu ilin sentyabrın 2-də Ermənistanın baş naziri qondarma “Dağlıq Qarabağ respublikasının” yaradılmasının ildönümü ilə bağlı təbrik məktubu göndərdi. Sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları “seçki” keçirdilər, özlərinə yeni başçı seçdilər, bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi. Bu, qırmızı xətti keçmək demək idi və təbii ki, Azərbaycan buna dözə bilməzdi. Bu, bizim ərazimizə qarşı açıq-aşkar iddia irəli sürülməsi idi. Ermənistan Azərbaycana antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qoymadı. Sentyabrın 19-da bir sutkadan da az davam edən tədbirlər nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik çoxminli kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu. Eyni zamanda, Qarabağda yaşayan erməni əsilli əhalinin reinteqrasiya planını açıq şəkildə çatdırıldı. Azərbaycan lokal xarakterli antiterror tədbirləri zamanı dəqiq hədəfləri nişan alaraq, heç bir mülki infrastruktura, mülki obyektlərə və mülki şəxslərə zərər vurmamışdır. Lakin biz yenə də həm Ermənistanda, həm də AŞPA, Avropa Parlamentində digər beynəlxalq təşkilatlarda həqiqətdən uzaq rəylər eşidirirk, Azərbaycana qarşı qərəzli böhtan dolu Qətnamələr qəbul edilir. Sözsüz ki, Ermənistanın tez-tez fikir dəyişdirməsinin, arxasında “fransızsayağı ədalət” dayanır. Əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevlə üzbəüz, tək görüşməyə cəsarəti çatmayan Ermənistanın baş naziri, hər dəfə Fransanın prezidentini görüşlərdə iştirak etməsiniə çalışır.

Məlumdur ki, bu prosesin başında Fransa dayanır, hətta ABŞ-ın Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Bakı və İrəvan səfərindən sonra Parisə gedirsə, demək ermənilərin revanşına dəstək verməklə bölgədə növbəti toqquşmaya zəmin yaradan Makronun ölkəsidir. Təsadüfi deyil ki, Prezident “erməni havadarları Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl ataraq hər şeydə bizi ittiham edirlər və bu məsələdə əsas skripkanı çalan Fransadır. Sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir”-söylədi.

 Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat verə Fransa prezidenti özünü çox gülməli vəziyyətə salıb. Ya o, beynəlxalq hüququ bilmir, ya da “böhtan atmaq” dan çəkinmir. Azərbaycan beynəlxalq hüququ pozmayıb. Ölkə başçısının dediyi kimi “Biz öz ərazimizdə döyüşmüşük, separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub. Necə deyərlər, öz gözündə tiri görməyib başqasının gözündə tük axtarmaq lazım deyil. Fransız rejimi milyon yarım əlcəzairlini təkcə əlcəzairli və müsəlman olduğuna görə məhv edib. Bu, soyqırımıdır. Hələ Fransanın Afrikada, Afrikanın digər hissələrində və bütün dünyada qanlı cinayətlərini demirəm. Fransanın bu gün müstəmləkələr saxlaması da ağlasığmazdır. Azərbaycan və şəxsən mənim tərəfimdən bu məsələ Qoşulmama Hərəkatının sədri kimi dəfələrlə Qoşulmama Hərəkatının sammitlərində qaldırılıb və qanlı müstəmləkə keçmişi olan və hətta bu gün bəzi Afrika ölkələrinin nə qədər səy göstərsələr də, xilas ola bilmədikləri bu ölkə bizi beynəlxalq hüququ pozmaqda ittiham edir. Bu, absurddur”. Fransa özünü ifşa edib, lakin yenə də sakitləşə bilmir. Azərbaycanı bu qədər güclü olmasın, onun rəhbərinin bu qədər müdrik, cəsarətli, bacarıqlı olmasına, ölkəmizin Cənubi Qafqazda yeni reallıq yaratmasına, beynəlxalq nüfuzunun artmasına dözə bilmir. Ancaq o da bu reallıqla barışacaq, Azərbaycan, onun Prezidenti İlham Əliyev çox uzaqgörənliklə, təmkinlə, məharətlə bütün çətinliklərdən alnı açıq və üzü ağ çıxacaqdır.

 Milli Məclisin Komitə sədri, professor

Hicran Hüseynova