Azərbaycan - Litva münasibətlərinin inkişaf potensialı yüksəkdir

Bu gün Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması Avropa İttifaqının qarşısında duran ən vacib məsələlərdən biridir. Xüsusilə qitənin şərqində gedən mürəkkəb geosiyasi proseslər, bütün Avropanı müharibə alovuna bürüyə biləcək təhlükəli hərbi münaqişənin hələ də davam etməsi fonunda Avropa İttifaqının Cənubi Qafqazda gedən proseslərə yeni baxış, yeni münasibət niyyətini sərgiləməsi və bu istiqamətdə konkret addımlar atmağa başlaması tamamilə anlaşılandır. Təbii ki, bu region istər enerji resursları, istərsə də malik olduğu geostrateji mövqeyi ilə hər zaman böyük dövlətlərin diqqətini cəlb edib. Prezident İlham Əliyevin dediyi kimi, hazırda Azərbaycana etibarlı və uzunmüddətli bazarlar, həm də ədalətli nizamlama və qanunvericilik olan bazarlar lazımdır. Bu isə Avropa bazarıdır. Avropa istehlakçılarına isə əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, əlbəttə ki, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Bu baxımdan Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin hələ 2007-ci ildə Litvaya rəsmi səfəri zamanı ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin bugünkü formatda inkişafı üçün əlverişli zəmin yaradılmışdı. Belə ki, həmin tarixi səfər çərçivəsində bir çox mühüm sənədlər imzalanmışdı. Onlardan ən əhəmiyyətlisi isə “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında” birgə bəyannamə idi. Ölkələrimiz arasında imzalanmış sənədlər Azərbaycan-Litva əlaqələrinin daha da inkişaf etdirilməsinə zəmin yaratmış və bu münasibətlərə yeni impuls verən hüquqi bazaya çevrildi.

Litva Respublikasının ölkəmizə göstərdiyi marağın əsasında da Azərbaycanın son illərdə əldə etdiyi böyük uğurlar dayanır və təsadüfi deyildi ki, ölkə rəhbərinin rəsmi səfəri əməkdaşlıq üçün konkret təkliflərlə müşayiət olundu. Litvanın Prezidenti Azərbaycanın imkanlarını qiymətləndirərkən, ölkəmizin qlobal iqtisadiyyatda oynadığı rolun daha da artacağını, Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən Azərbaycanın qlobal ticarətdə ən mühüm rollardan birini oynadığını və oynayacağını etiraf etdi. Üstəlik, Avropa İttifaqı Azərbaycanın əsas ticari tərəfdaşıdır, Litva da Avropa İttifaqının üzvü kimi bu əməkdaşlıq münasibətlərinin bir parçası olaraq Azərbaycanla əlaqələrin gələcəyinə də inamla baxır.

Məlumdur ki, Azərbaycanda biznes mühiti xarici investorlar üçün əlverişlidir. Ölkəmizə on milyardlarla birbaşa xarici investisiyalar qoyulur. Əgər əvvəllər, əsasən neft-qaz sektoruna aid investisiya proqramları həyata keçirilirdisə, sərmayələr hal-hazırda bərpaolunan enerji sahəsini də əhatə edir.

Azərbaycan da öz növbəsində Litva ilə strateji münasibətlərin davamında, biznes əlaqələrinin möhkəmlənməsində maraqlıdır. Litva Prezidentinin öz ölkəsinin inkişaf göstəriciləri ilə bağlı verdiyi məlumatlar deməyə əsas verir ki, keçirilən biznes-forum işgüzar əlaqələrin qurulması üçün yaxşı fürsət və uğurlu təməldir. Çünki Litvada geniş maliyyə və vergi imtiyazlarına malik yeddi azad iqtisadi zona var. Ölkə sürətli rəqəmsal infrastruktura malikdir və münasib tariflərə əsaslanan bu infrastruktur Avropa İttifaqında ən yaxşılar sırasındadır. Ölkənin digər üstünlükləri yaxşı inkişaf etmiş şose və dəmir yolu xətləri, hava və dəniz nəqliyyatı sahəsindədir. Ölkə innovativ və yüksək texnoloji sektorlar üzərində çalışır. Son on il ərzində böyük elektrik istehsalı işlərini icra edib, qaz və maye qaz terminalının tikintisi layihələrini həyata keçirib. Litvanın hazırda enerji sektoru günəş və külək enerji parklarından ibarətdir. Bu yaxınlarda Baltik dənizində ilk dəfə olaraq külək enerji parkını yaradacaq.Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır. Müasir infrastrukturumuz buna imkan yaradır. Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da bəllidir.

Daha bir vacib məqam budur ki, Litvanın Azərbaycan-Avropa İttifaqı yaxınlaşmasını dəstəkləməsi də çox müsbət bir haldır. Qeyd edək ki, son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmasların nəticəsidir. Bu gün Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Eyni zamanda da Avropa İttifaqının Cənubi Qafqazda olan geosiyasi maraqları getdikcə böyüyür. Hazırda Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması məsələsi bu maraqları daha konkret formalarda ortaya qoyur. Məhz elə bu maraqların da təmin olunması naminə Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış bu yeni reallığa əsaslanır. Yeni reallıq isə ilk növbədə möhkəm və davamlı regional sülhün bərqərar olunmasına əməli töhfələr verə biləcək yeni, işlək formatın yaradılmasını tələb edir. Belə bir format da məhz Prezident İlham Əliyevin ötən ilin sonlarından bəri keçirdiyi görüşlərin və apardığı danışıqların nəticəsi olaraq yaranıb. Dövlət başçısının dediyi kimi, Azərbaycana etibarlı və uzunmüddətli bazarlar, həm də ədalətli nizamlama və qanunvericilik olan bazarlar lazımdır. Bu isə Avropa bazarıdır. Avropa istehlakçılarına isə əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, əlbəttə ki, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir.

Sözsüz ki, hər iki ölkənin imkanları qarşılıqlı maraq yaradır, əməkdaşlıq üçün ciddi potensial deməkdir və bu potensial dövlətlər arasındakı münasibətləri daha sıx, eyni zamanda uzunmüddətli mərhələyə daşıyacaq.

 

Əminə Ağazadə,

Milli Məclisin deputatı