Azərbaycan Ordusu suverenliyimizin ən mükəmməl təminatçısıdır

Dünyanın siyasi gedişatında millətlər üçün yaşam təminatı dövlət halında yaşamaqdırsa, bu quruluşun da vacib şərtlərindən biri müstəqilliyi və ərazi bütövlüyünü qoruya biləcək ordudur. Bugünkü düzəndə Silahlı Qüvvələr dövlətin beynəlxalq aləmdə gücünü nümayiş etdirməklə yanaşı, onun maraqlarının qorunmasının əsasını təşkil edir. Azərbaycanın müstəqillik tarixinə baxdıqda ordunun nə dərəcədə mühüm rola malik olmasının şahidi oluruq. Dövlət müstəqilliyinin ilk illərində sistemli ordu quruculuğunun aparılmaması, Silahlı Qüvvələrin dövlətə yox, ayrı-ayrı şəxslərə tabe olması ciddi problemlər yaratmış, dövləti qorumağa borclu olan ordu faktiki olaraq respublikanın əleyhinə fəaliyyət göstərmişdir. Həmin günlərdə qəhrəman Azərbaycan xalqının qüdrətli oğlu hakimiyyətə gəldikdən sonra ən çox diqqət ayırdığı sahə məhz ordu quruculuğu oldu. Əslində, Heydər Əliyev Azərbaycanda ordu quruculuğuna hələ sovet dövründə başlamışdı. O zaman ölkədə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılması, azərbaycanlı zabitlərin sovet hərbi akademiyalarına təhsil almağa göndərilməsi məhz Ümummilli Liderin diqqət və qayğısı sayəsində mümkün olmuşdu. Bu baxımdan 1993-cü ildə aparılan ordu quruculuğu əvvəlki illərdən başlanan prosesin davamı idi. Azərbaycan Ordusunun maddi-texniki imkanlarını gücləndirən dahi rəhbər Silahlı Qüvvələrimizin yaranma gününü Xalq Cümhuriyyəti dövrünə bağlayaraq, bu gücə həm də mənəvi güc qatmaqla keçmişimizə ehtiramını sübuta yetirmiş oldu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

O bildirib ki, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq prinsipini Ulu Öndər özünəməxsus şəkildə və ustalıqla həyata keçirməyi bacardı. Qüdrətli və güclü ordu quruculuğunu diplomatik fəaliyyəti ilə birləşdirən unudulmaz Heydər Əliyev məhz ərazi bütövlüyümüzün Silahlı Qüvvələrimizin gücü ilə təmin olunacağını böyük strateq, gələcəyi qabaqlayan fenomenal lider kimi hesablamışdı. Böyük Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu inamı tam doğrultdu. Hər zaman sülh tərəfdarı olan və problemin danışıqlar yolu ilə həllinə çalışan Azərbaycanın humanist siyasətinə rəğmən torpaqlarımızın 20 faizini işğal altında saxlayan Ermənistan bunlar azmış kimi təmas xəttində yeni təxribat yaradaraq ölkəmizi təhdid etməklə hikkəsini yenidən ortaya qoydu.

Belə olan təqdirdə, Azərbaycan suveren hüquqlarının müdafiəsinə qalxdı. Bu dəfə düşmən öz qarşısında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzu gördü. Hər zabiti, əsgəri əsl qəhrəman olan Ordumuzun qarşısında duruş gətirə bilməyərək savaş meydanından miskin, qorxaqcasına qaçan düşmən fərarilərinin ilkin cavabları qısa və konkret idi: “Biz fövqəlordu ilə savaşırdıq, bacarmadıq və qaçmağa məhkum idik”.

Əlbəttə, haqlı olaraq fəxr etdiyimiz, uğuruna hədsiz sevindiyimiz Ali Baş Komandanı İlham Əliyevin olduğu Azərbaycan Ordusu başqa necə ola bilərdi ki?

2020-ci il sentyabrın 27-də başlayan Zəfər savaşı Azərbaycan tarixinə şərəf və qürurla yazıldı. Qırx dörd gün ərzində bütün dünya Azərbaycan Ordusunun maddi-texniki bazası, taktiki gedişləri, xüsusilə də əsgərlərimizin qəhrəmanlığı qarşısında heyran qaldı. Azərbaycan qalib gəldi, şərəfli Ordumuzun qəhrəmanlığı ilə işğala son qoyuldu, Vətən bütövləşdi.

Bir vaxtlar həsrətlə baxdığımız təkcə coğrafi mənada deyil, həm də ruhumuzun zirvəsi, yüksəkliyi olan Şuşada və işğaldan azad edilmiş digər tarixi torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır. Vətən müharibəsinin zirvə nöqtəsi olan Şuşa əməliyyatı isə dünya hərb tarixində ayrıca bir iz qoydu və hələ illər keçdikcə bu uğur, o cümlədən Azərbaycan Ordusunun göstərdiyi fövqəladə şücaət, qəhrəmanlıq hələ çox öyrəniləcək və araşdırılacaq. Vətən müharibəsi Azərbaycan Ordusunun qələbə triumfuna çevrildi və Ali Baş Komandan İlham Əliyev adını əbədi olaraq tarixə qalib sərkərdə kimi yazdırdı. Yüz il öncə qurulan, ötən əsrin 70-ci illərində hərbi məktəbin açılışı ilə peşəkarlaşan Azərbaycan Ordusu bu gün qalib Komandan İlham Əliyevin rəhbərliyi altında dünyanın müasir orduları sırasındadır. Beynəlxalq hərbi təlimlərdə də Silahlı Qüvvələrimizin göstərdiyi yüksək nəticələr hərbi gücümüzü hər kəsə nümayiş etdirir. Bu gün düşmən üçün kabus olan Azərbaycan Ordusu regionda bütün nəzəri-statistik üstünlüklərini real döyüş meydanında sübuta yetirən tək hərbi gücdür. Artıq beynəlxalq arenada dövlət maraqlarımızın təmin edilməsinin arxasında iqtisadi və diplomatik gücümüzlə yanaşı, qüdrətli Ordumuz da dayanır. Bu gün tam əminliklə demək olar ki, Azərbaycan Ordusu suverenliyimizin və ərazi bütövlüyümüzün ən mükəmməl təminatçısıdır.

Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü islahatları Azərbaycan Silahlı Qüvvələrini ən yüksək zirvəyə çatdırıb. Həm maddi-texniki təchizat, həm də şəxsi heyətin hərbi bacarığı baxımından Ordumuz qarşıya qoyulan bütün tapşırıqları uğurla yerinə yetirmək gücündədir.

Prezident İlham Əliyevin Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanışlığı zamanı səsləndirdiyi fikirlər bir daha qüdrətimizi bütün dünyaya bəyan etdi.

Döyüş bayrağının təqdim olunması mərasimində çıxışında ölkəmizin başçısının qeyd etdiyi kimi bizim iradəmizə heç kim təsir edə bilməz. Şanlı Zəfərimizin siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirildiyini bildirən ölkə Prezidenti, eyni zamanda, son iki il yarım ərzində Ordumuzun da böyük dərəcədə gücləndiyini diqqətə çatdırdı.

Deputat sonda qeyd edib ki, bu gün hər bir Azərbaycan vətəndaşı Vətənin və özünün təhlükəsizliyinin qorunmasından tam əmindir. Siyasi bacarığı, mükəmməl idarəçiliyi ilə dünyanı heyrətə gətirən Prezident İlham Əliyev Ali Baş Komandan kimi də dövlət və xalq üçün zirvələri fəth etmiş əvəzolunmaz sərkərdədir.

İftixarla qeyd etmək yerinə düşər ki, bugünkü qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımızın birbaşa müəllifliyi ilə qalib ordu statusu alıb. İndi Azərbaycan qalib dövlət kimi həyatının ən xoşbəxt günlərini yaşayır. Biz güclüyük, qüdrətliyik, regionun lideri, dünyada söz sahibiyik. Şübhəsiz ki, bu uğurlarımız Ulu Öndər Heydər Əliyevlə başlayan siyasi kursun mükəmməl davamçısı Prezident İlham Əliyevin xidmətidir. Bu gün qüdrətli Azərbaycan dövləti qalib sərkərdə və qalib ordu vəhdətinin gücü ilə daha da ucalır. Bu birlik düşmənə kədər, dosta sevinc yaşadır. Azərbaycanın təhlükəsizliyinin və inkişafının təminatçısı da qalib Komandan, qalib Ordu, qalib Xalq birliyindədir.