Azərbaycan Qızıl Aypara Cəmiyyəti Ermənistan Qırmızı Xaç Cəmiyyətinə CAVAB VERDİ

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə humanitar əməliyyatlar məsələsi Beynəlxalq Qırımızı Xaç Komitəsinin səlahiyyətində deyil. Bu əməliyyatlar yalnız Azərbaycan Qızıl Aypara Cəmiyyətinin səlahiyyətindədir.

Sabahinfo.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Ermənistan Qızıl Xaç Cəmiyyətinə cavabında bildirilib.

Qeyd edilib ki, Sevilya razılaşmasının 5.1; 5.3; 5.4 maddələrinə uyğun olaraq bir daha bəyan edirik ki, Hərəkatın əməliyyat planlarına və imkanlarına uyğun olaraq, Hərəkatın kollektiv reaksiyasının birgə yaradılması və həyata keçirilməsində mərkəzi rolu Azərbaycan Qızıl Aypara Cəmiyyəti oynayır:

“Belə ki, həmin razılaşmaya görə Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan Respublikasının hüdudlarında bu sahədə müstəsna hüquqlara malik deyil. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə humanitar əməliyyatlar məsələsi BQXK-nın səlahiyyətində deyil. Bu əməliyyatlar yalnız Azərbaycan Qızıl Aypara Cəmiyyətinin səlahiyyətindədir, onunla koordinasiya şəklində həyata keçirilir.

Humanitar missiyamızda addımlarımızı öz tərəfdaşlarımızla – Beynəlxalq Qızıl Xaç Komitəsi və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyasının Regional və yerli nümayəndəlikləri ilə mütəmadi olaraq müzakirələr aparırıq.

Azərbaycan QAC bir daha bəyan edir ki, Ermənistan QXC-dən fərqli olaraq, siyasətə, siyasi proseslərə qoşulmur, öz nizamnaməsindən irəli gələn prinsiplərə, beynəlxalq humanitar dəyərlərə sadiqliyini saxlayır. Biz Azərbaycan qanunvericiliyinə, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının prinsiplərinə, eləcə də Sevilya razılaşmasına uyğun olaraq, Ağdam-Xankəndi yolu ilə tez bir zamanda istənilən humanitar yükün erməni sakinlərə çatdırılmasına hazır olduğumuzu bir daha bildiririk. Azərbaycan QAC Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının fundamental prinsiplərinə, humanitar dəyərlərə həmişə sadiq qalacağını bir daha vurğulayır”.