Azərbaycan qlobal həmrəyliyə böyük önəm verir

“Hər bir beynəlxalq əhəmiyyətli tədbir keçirildiyi məkan və müzakirəyə çıxardığı məsələlər baxımından diqqətdə olur. Hazırkı dövrün yeni çağırışlarının fonunda keçirilən tədbirlərə diqqət yetirdikdə Azərbaycanın önəmi daha aydın görünür. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycanın tarixi Zəfəri  yeni reallıqların yaranmasını, dünya nizamının yenidən formalaşdırılmasını şərtləndirdi.  İyulun 5-də Bakı Konqres Mərkəzində keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə də məhz bu yeniliklərə, hazırkı dövrün çağırışlarının düzgün dəyərləndirilməsi üçün müəyyənləşdirilən addımlara bir daha diqqət yetirildi, Azərbaycanın quruma sədrliyi dövründə gördüyü işlərin, qəbul etdiyi qərarların  hansı uğurlara yol açdığı  açıqlandı. Ölkəmizin Qoşulmama Hərəkata sədrliyinin ilk illəri COVİD-19 pandemiyası ilə əlaqədar dünyanı sarsıdan qlobal səhiyyə böhranı dövrünə təsadüf etsə də Azərbaycan özünün sədrlik gündəliyini çevik və effektiv şəkildə yeni reallığa uyğunlaşdırdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürdü və dünya ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər etdi. 2020-ci ilin mayında Hərəkatın COVİD-19 ilə mübarizəyə həsr edilən liderlər səviyyəsində onlayn sammitinin keçirilməsi bu istiqamətdə atılmış ilk addımlardan biri idi. Sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif 150-dən çox ölkə tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Yetmişdən çox dövlət və hökumət başçısının çıxış etdiyi bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir oldu. Azərbaycanın Hərəkata sədrliyi dövründə həyata keçirdiyi ən önəmli fəaliyyətlərdən biri peyvənd millətçiliyinə qarşı mübarizə aparması oldu. Təsadüfi deyil ki, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada “COVİD-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edildi. Azərbaycanın hər bir addımı Qoşulmama Hərəkatının dünya siyasətində rolunun  artmasında böyük əhəmiyyət kəsb edir.”

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkilinin sözlərinə görə, hələ 2019-cu ildə ölkəmiz Qoşulmama Hərəkatının sammitinə  ev sahibliyi edərkən dövlət başçısı  İlham Əliyev Azərbaycanın öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyini, fəaliyyətini tarixi “Bandunq prinsipləri” üzərində quracağını bəyan etmişdi: “Sədrliyi dövründə ölkəmiz Hərəkat üzvlərinin ədalətli mövqeyini beynəlxalq müstəvidə müdafiə etmək üçün öz səylərini əsirgəmədi. Azərbaycan hər bir məsələdə ədalətə və beynəlxalq hüquqa əsaslandığını dünyaya nümayiş etdirdi. Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə dünyanın diqqətində oldu.  Dövlət başçısı İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə, həmçinin işğal zamanı və işğaldan sonra Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə göstərdikləri prinsipial mövqeyə görə Qoşulmama Hərəkatı ölkələrinə dərin minnətdarlığımı bildirdi.  2020-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı ölkələrinin BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli bəyanatların qəbul edilməsinin qarşısını aldıqları xüsusi qeyd edildi.”

Əliabbas Salahzadə  bildirib ki, ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir: “Keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəlirik.

Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunmuş, qarət edilmişdir. Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törətmişdir. Prezident İlham Əliyev sözügedən görüşdə çıxışı zamanı bu kimi reallıqlara diqqət yönəltməklə yanaşı, onu da vurğuladı ki, Ermənistanın işğalının digər mənfi fəsadı minalardır. Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını ləngidir. Cənab İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, Qoşulmama Hərəkatının üzv dövlətləri səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifimi dəstəkləyəcəklər.”

Millət vəkili onu da qeyd edib ki, Azərbaycanın siyasətində əməkdaşlığa, səylərin birləşdirilməsinə xüsusi önəm verməsi istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin yeni istiqamətlər üzrə inkişafında özünü aydın şəkildə nümayiş etdirir: “Eyni zamanda, ölkəmizin təkmil inkişaf modelinin movcudluğu dövrün əsas çağırışlarının düzgün cavablandırılmasında öz sözünü deyir ki, bu da Azərbaycanın liderliyini daha da möhkəmləndirir. Bu baxımdan Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövrü qurumun tarixində inkişaf mərhələsi kimi xarakterizə olunur. Dövlət başçısı İlham Əliyevin Qoşulmama Hərəkatının institusional inkişafının təhlili fonunda səsləndirdiyi  “İnstitusional davamlılığa doğru atılan bu addımlarla biz növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq” fikirləri özündə qurumun  gələcəyi ilə bağlı mühüm məqamları ehtiva edir.”