Azərbaycan separatizmlə heç vaxt barışmayacaq

Vətən müharibəsindən sonra ötən dövr göstərir ki, Azərbaycanın Qarabağ üzərində suveren hüquqlarının tam şəkildə təmin olunmasına yönəlmiş addımları Ermənistan hökuməti ilə yanaşı, bəzi dairələri, xüsusilə Ermənistana havadarlıq edənləri ciddi şəkildə məyus edir. Ukrayna, Gürcüstan və Moldovada separatizmə qarşı ortaq mövqedən çıxış edən həmin dairələr Azərbaycana gəldikdə fərqli mövqe sərgiləyir, Xankəndidə yuva salan qondarma rejimin ömrünü uydurma bəhanələrlə uzatmağa çalışır. Bəziləri gizli, bəziləri isə açıq şəkildə erməni separatizminin şirnikləndirilməsi siyasətini həyata keçirir. Qarabağda yaşayan ermənilərin guya Azərbaycanın təqsiri ucbatından “humanitar fəlakətlə” üzləşdiyini deyən dairələr bu iyrənc yalandan ölkəmizə qarşı təzyiq aləti kimi istifadə edirlər. Postsovet məkanında mövcud olan eyni mahiyyətli separatçılıq meyillərinə qarşı fərqli yanaşmanın sərgilənməsi son 30 ildə dəfələrlə üzləşdiyimiz ikili standartlar, faktiki isə ayrı-seçkilik siyasətindən hələ də imtina olunmadığını sübut edir.

Maraqlıdır ki, uydurma bəhanələrlə suveren hüquqlarımızı şübhə altına alaraq milli heysiyyatımıza toxunan həmin dairələr sözdə sülhün vacibliyindən danışır və bunun üçün tarixi fürsətin yarandığını qeyd edirlər.Ölkəmizdə səfərdə olan Belçikanın Xarici İşlər naziri Haccə Lhəbib Bakıda keçirilən mətbuat konfransında sülhün vacibliyini və ərazi bütövlüyünün toxunulmazlığını xüsusi qeyd etdi. Lakin bununla yanaşı onu da qeyd etdi ki, “Qarabağ və Dağlıq Qarabağ regionunda olan gərginliklə bağlı narahatdır”, “Laçın dəhlizi ilə bağlı hər hansı məhdudiyyətin olmasını istəmir”. Əvvəla, bu cür bəyanatların müəllifləri bilməmiş deyillər ki, inzibati-ərazi bölgüsü məsələsi istənilən ölkənin suveren səlahiyyətlərinə aiddir və Azərbaycanda “Dağlıq Qarabağ” adında inzibati-ərazi vahidi yoxdur. Qarabağ İqtisadi Zonasının bu cür sərbəstlik və asanlıqla “iki yerə bölünməsi” suveren qərarlarımızın gözardı edilməsi ilə yanaşı, qondarma separatçı rejim tərəfindən, kövrək də olsa, ümid kimi dəyərləndirilə bilər. Həmin rejimin istədiyi də elə budur ki, rəsmi platforma və leksikonlarda Qarabağın vahid məkan olduğu şübhə altına alınsın. Heç şübhəsiz ki, bu cür yanaşma və ehtiyatsız ifadələr dayanıqlı sülhün əldə olunmasına xidmət etmir, cəmiyyətimiz tərəfindən ikili standartlar siyasətinin davam etdirilməsi kimi qiymətləndirilir. Xanım nazirin Laçın yolunda məhdudiyyətlərlə bağlı bəyanatı da həqiqəti əks etdirmir. Laçında sərhəd-keçid məntəqəsi qurulduqdan sonra iki mindən çox erməni maneəsiz şəkildə hər iki istiqamətdə hərəkət edib. Cənubi Qafqazın üç ölkəsindən biri olan Gürcüstanla səmimi qonşuluq münasibətlərimizə baxmayaraq, bu ölkə ilə aramızda olan sərhədlərdə, hər iki tərəfdə sərhəd-keçid məntəqələri fəaliyyət göstərir. Ermənistanla sülh müqaviləsinin imzalanmadığı və diplomatik münasibətlərin bərpa edilmədiyi bir şəraitdə, Ermənistan və Rusiya pasportunun daşıyıcısı olan ermənilərə Laçında sərbəst keçidə imkan verilməsi Azərbaycanın etdiyi və edə biləcəyi ən böyük güzəşt kimi dəyərləndirilməlidir.     

Ermənistan hökumətinə gəldikdə isə, əgər o, ölkəmizin ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanatında səmimi olsaydı, elə bugünlərdə separatçı rejimə öz büdcəsindən əlavə olaraq on milyon dollar həcmində vəsait ayırmazdı. Uydurma “humanitar fəlakət” bəhanəsi ilə pərdələnən bu cür məsuliyyətsiz qərarlar, əslində, onun göstəricisidir ki, Ermənistan ölkəmizə qarşı ərazi iddiasından hələ də əl çəkməyib və ərazi bütövlüyümüzə hörmətlə bağlı bəyanatı isə boş sözdən başqa bir şey deyil. Ermənistan hökuməti sülh gündəliyində həqiqətən səmimi olsaydı, guya Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin qorunması adı altında hansısa beynəlxalq təminat mexanizminin labüdlüyü şərtini irəli sürməzdi. Ermənistan bu cür saxta və hiyləgər fəndlərlə, əslində, sülh prosesini süni şəkildə uzatmağa, vaxt qazanmağa çalışır və özləri üçün daha əlverişli geosiyasi vəziyyətin yarana biləcəyi günə ümid edir. Bəlkə də Ermənistan reallığı ona görə başa düşmür ki, erməni cəmiyyətindən fərqli olaraq, Azərbaycan monoetnik deyil. Ölkəmizdə onlarla milli azlığın nümayəndəsi yaşayır və onların təhlükəsiz yaşamaq haqqı, eləcə də digər hüquqları Konstitusiya normaları əsasında təmin olunur. Beynəlxalq təminat mexanizmi kimi cəfəng şərt bizim cəmiyyətimizdə heç kimin yadına belə, düşmür. Ona görə də Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdə Azərbaycan vətəndaşı olan bütün milli azlıq nümayəndələrinin böyük iştirak payı və ümumi Qələbəmizə əhəmiyyətli töhfəsi var. Ola bilsin ki, monoetnik yaşam tərzi ermənilərə bu möhtəşəm reallığı anlamağa imkan vermir. Ermənistan hakimiyyəti sülh bəyanatlarında səmimi olsaydı, 2020-ci il 10 noyabr tarixli üçtərəfli birgə Bəyanatla üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirər, onların icrasından yayınmağa çalışmazdı. Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışının nəticəsidir ki, erməni silahlı birləşmələri Qarabağdan-Azərbaycan ərazisindən hələ də tam şəkildə çıxarılmayıb. Bu öhdəliyini yerinə yetirmək əvəzinə, Ermənistan hökuməti onları maliyyələşdirməklə, silahlandırmaqla və rotasiya etməklə məşğuldur. Müharibədən sonrakı iki il yarım ərzində Ermənistan Laçın yolundan, bəyanatda nəzərdə tutulduğu kimi, humanitar məqsədlərlə deyil, hərbi məqsədlərlə istifadə edib. 2021-ci il Ermənistan istehsalı olan minaların Azərbaycan ərazilərində aşkarlanması bunun növbəti sübutudur. Ermənistan hökuməti üçtərəfli Bəyanata istinad edərək, Laçın sərhəd-keçid məntəqəsinin aradan qaldırılması şərtini irəli sürür. Amma nədənsə Naxçıvanla kommunikasıyaların açılması ilə bağlı öz öhdəliyini uydurma bəhanələrlə icra etmək istəmir və bunu suveren hüquqlarına qəsd kimi qiymətləndirir. Bu, təkcə riakarlıq deyil, bu, heç manipulyasiya da deyil. Ermənistan hökuməti çeşidli yalanlar uydurmaqla artıq sözün həqiqi mənasında simulyasiya ilə məşğul olur.

8 noyabr tarixi Zəfərimizdən sonra Laçında qurulan sərhəd-keçid məntəqəsi suveren hüquqlarımızın tam şəkildə bərpası yolunda qəbul olunmuş tarixi əhəmiyyətli bir qərardır. Bu tarixi qərarın arxasında Azərbaycan Prezidentinin milli maraqlarımıza və beynəlxalq hüquq normalarına söykənən sarsılmaz siyasi iradəsi dayanır. Heç bir təzyiq və təhdidə baxmayaraq, suverenliyimizin və müstəqilliyimizin rəmzi olan Azərbaycan bayrağı Həkəri çayının üzərində dalğalanacaq və Laçın postu fəaliyyətini bundan sonra da davam etdirəcək. Bu məntəqədən keçmək istəyənlər isə Azərbaycan qanunları ilə hesablaşmalı olacaqlar. Separatçı rejimin girovluğunda yaşayan dinc ermənilər yanlış ritorikalara, boş vədlərə aldanmamalı və bilməlidirlər ki, Ağdam-Xankəndi yolu təchizat üçün həmişə açıqdır. Ermənistan hökuməti və Ermənistana havadarlıq edən dairələr isə Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsində verdiyi bu bəyanatla istəsələr də, istəməsələr də hesablaşmalı olacaqlar: “İndi biz separatizmə qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini görürük. Bəs bizə gəldikdə nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir? Nəyə görə Gürcüstanın separatçı regionları ilə bağlı yanaşması Qərb cəmiyyəti və siyasətçiləri tərəfindən tamamilə anlaşılır, lakin bizim eyni mənşədən olan separatizmə son qoymaq üçün legitim istəyimiz sual altına alınır?.. Nə üçün biz separatizmə dözməliyik? Biz bunu etməyəcəyik”.

Bədxahlarımız onu da bilməlidir ki, Prezident İlham Əliyevin bu bəyanatı Azərbaycan xalqının yekdil iradəsini ifadə edir, eyni zamanda, beynəlxalq hüquqa, tarixi ədalətə və bu gün təhlükəsiz dünya nizamını təhdid edən çağırışlara bütövlükdə son qoymağa xidmət edir. Hər kəs, ilk növbədə, Ermənistan və himayədarları əminliklə bilməlidirlər ki, Azərbaycan separatizmlə heç vaxt barışmayacaq və bunun üçün gərəkli olan bütün legitim hüquqlarından çəkinmədən istifadə edəcək.

Ülvi Quliyev

Milli Məclisin deputatı