Azərbaycan strateji hədəflərinə nail oldu - Komitə sədri

Azərbaycan qısa, lokal antiterror tədbirləri həyata keçirdi və bu tədbirlər zamanı bütün müqavimət göstərən qanunsuz hərbi qüvvələr, hərbi texnikalar zərərsizləşdirildi. Azərbaycan bu tədbirləri yüksək peşəkarlıq və dəqiqliklə həyata keçirdi. Tədbirlər zamanı heç bir mülki obyekt, əhali hədəfə alınmadı.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

O bildirib ki, eyni zamanda, bu tədbirlər başlayan zaman Azərbaycan həmin ərazidə yaşayan mülki əhaliyə müraciət etdi ki, öz təhlükəsizlikləri üçün hərbi obyektlərdən kənar dursunlar.

"Bu antiterror tədbirləri zamanı dinc əhali tam mühafizə olundu, onlara heç bir zərər yetirilmədi. Beləliklə, bu antiterror tədbirləri təqribən 23 saat davam etdi. Çarəsiz qalan xunta rejimi ağ bayraq qaldıraraq təslim oldu və Azərbaycanın şərtlərini qəbul etdi. Artıq bu gün, bildiyiniz kimi, Yevlax şəhərində bu danışıqlar baş tutdu.

Azərbaycan Qarabağ iqtisadi regionunda yaşayan erməni əsilli vətəndaşlarının təhlükəsizliyini təmin edəcək, onların konstitusion hüquqlarını bərpa edəcək və onları erməni terrorçularının girovluğundan azad edəcək.

Bu, eyni zamanda, onların yeni həyata başlaması üçün yeni bir şansdır. Azərbaycan bu lokal antiterror tədbirləri nəticəsində stateji hədəflərə tam nail oldu, öz əraziləri üzərində suverenliyini tam bərqərar etdi. Bu, Azərbaycanın tam daxili işidir və heç bir kənar qüvvələr bu kövrək sülh prosesinə artıq müdaxilə etməməlidirlər, öz qərəzli bəyanatlarından, şoularından çəkinməlidirlər. Azərbaycana qarşı yalan, iftira, böhtanlarından çəkinməlidirlər ki, Azərbaycan sona qədər dinc əhali ilə birgə gələcək quruculuq işlərini planlaşdırsın və həyata keçirsin.

Hesab edirəm ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsini bütün dünya görür və bütün dünya görür ki, Azərbaycan yalnız sülhün, qarşılıqlı və bərabər əməkdaşlığın, iqtisadi inkişafın, rifahın tərəfdarıdır", - deyə komitə sədri əlavə edib.