Azərbaycanda qadın hüquqları : tarixilik və müasirlik kontekstində

Bu gün dünya ölkələrinin qarşısında dayanan əsas məqsədlərdən biri cəmiyyətin inkişafında qadınların daha səmərəli fəaliyyəti üçün imkanların yaradılmasıdır. Azərbaycan müsəlman Şərqində və Türk dünyasında qadına seçmək və seçilmək hüququnun verən ilk ölkədir. 105 il əvvəl belə bir hüququn əldə edilməsil ilə biz bir sıra Avropa ölkələrini qabaqlamışıq. Bütün müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb 122 il bundan qabaq Bakıda yaradılmışdır. Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli- mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Bütün tarixi dövrlərdə fəal iştirak edərək, cəmiyyətimizin inkişaf etməsinə öz töhfələrini vermişlər. Azərbaycanda qadınların inkişafı, gender bərabərliyinin təmin olunması istiqamətində sistemli şəkildə ardıcıl tədbirlər həyata keçirilir.
Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. 1969-cu ildə respublikamıza ilk dəfə rəhbər təyin edildiyi vaxtdan etibarən fəaliyyətinin hər dövründə qadın problemləri və haqlarının müdafiəçisinə çevrilmişdir. O, qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilmişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olmuşdur. Ulu Öndərin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olmuşdur. Heydər Əliyev hər zaman vurğulayırdı ki, dövlət quruculuğunun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi üçün bu gün də var qüvvələrini sərf edirlər. Azərbaycanda lider qadınlar, sahibkar qadınlar yetişir. İqtisadiyyatda, siyasətdə, elmdə, təhsildə, bir sözlə, bunu hər sahədə görmək olar. Hökumətdə, nazirliklərdə, Milli Məclisdə qadınlarımızın fəallığı artmaqda davam edir. Bu kimi müsbət nəticələrin əldə olunmasında Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə qadın hüquqlarının qorunması üçün bir çox qanunlar qəbul etməsi, fərman və sərəncamlar imzalaması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olmasını reallaşdırmasındakı rolu danılmazdır. Azərbaycan qadınları cəmiyyətin dinamik inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdə öz fəallığı ilə seçilirlər. Dövlət başçısı qadın problemlərinin dövlət səviyyəsində həlli üçün mühüm fərman da imzalamışdır. Və bununla da, 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə qadın hüquqlarının müdafiəsi istiqamətində müstəsna əhəmiyyətli işlər görmüş, tədbirlər həyata keçirmişdir. Heydər Əliyevin iştirakı ilə elə həmin ildə Azərbaycan qadınlarının I qurultayı, 2003-cü ildə isə II qurultayı baş tutmuşdur. Ümummilli Liderin dəstəyi ilə keçirilən Azərbaycan qadınlarının qurultayları ölkənin qadın hərəkatı tarixində yeni səhifələr açmışdı. Heydər Əliyev Azərbaycan Respublikası qadınlarının I qurultayında çıxış edərək demişdir: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir.” Ümumrespublika qadınlarının qurultaylarında irəli sürülən təkliflərin həyata keçirilməsi ölkəni inkişafa və tərəqqiyə doğru yönəldir. Heydər Əliyev o vaxt da vurğulamışdı ki, Azərbaycan qadınlarının XXI əsrin astanasında keçirdiyi qurultay müstəqil respublikamızın tarixində mühüm yer tutacaqdır.Azərbaycan qadınlarının bu qurultayları ölkədə qadın hərəkatının fəallaşmasının təsdiqi olmaqla yanaşı, Heydər Əliyevin qadın siyasətinin təntənəsi kimi tarixə çevrilib. Artıq qurultay ənənə halına çevrilib və bu ənənə hər 5 ildən bir mütəmadi olaraq həyata keçirilir. Böyük şəxsiyyət Heydər Əliyev 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” fərman da imzalamışdır. Bu sənəd hər mənada qadınların fəallığına, cəmiyyətdə öz yerlərini tutmalarına kömək olmuşdur. Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanı isə ölkədə qadın siyasətinin daha da güclənməsinə gətirib çıxartmışdı.2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı”nı qəbul etmişdir. Bu proqram milli prioritetləri nəzərə alaraq, Pekin Strategiyası əsasında hazırlanmışdır. Proqram siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, eləcə də, qaçqın və məcburi köçkün qadınların problemlərini əhatə etmişdir. Milli Fəaliyyət Planının müddəalarını həyata keçirmək üçün qurumlararası qrup dayaradılmış və həyata keçirilməsində həm dövlət strukturlarının, həm də QHT-lərin iştirakı nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının ali hüquqi sənədi olan Konstitusiyaya əsasən, dövlət hər bir insanın irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyası qadın və kişilərin bərabər hüquqlarını, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnu təmin edir. Məhz Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq edilib və qeyd edilib ki, ölkədə kişi ilə qadının eyni hüquq və azadlıqları vardır. Bununla da, demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazası yaradılıb. Bu isə öz növbəsində ictimai-siyasi həyatımızın bütün sferalarında gender siyasətinin güclənməsinə gətirib çıxarmışdır. Qadın siyasəti müstəqil Azərbaycan dövlətinin əsas prioritet sahələrindəndir. Qadın hüquqları həm qanunlar, həm də bir sıra məcəllələrlə (Ailə, Mülki, Cinayət, İnzibati Xətalar və s.) təsbit olunmuşdur. Ölkəmizdə qadın hüquqlarının geniş müstəvidə əks olunması və problemlərin qanunvericilik çərçivəsində həllində Heydər Əliyevin beynəlxalq təşkilatlara qəbul olunmasındakı təşəbbüsü də müsbət nəticə vermişdir. Heydər Əliyevin geniş və uğurlu dövlət qadın siyasəti həm ölkə daxilində, həm də xaricdə özünü büruzə verirdi və xarici təcrübə öyrənilərək tətbiq edilirdi. Azərbaycan bir sıra beynəlxalq təşkilatlara qoşularaq onların qadın məsələlərini əhatə edən konvensiyalarını, protokollarını qəbul etmiş və qanunvericiliyimizdə qadınların hüquqları mövzusunu təkmilləşdirmişdir. Azərbaycanın 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etməsindən sonra bir sıra təşkilatlara üzv seçilməsi cəmiyyətin inkişafında və dövlət müstəqilliyinin qurulmasında qadınların rolunun daha da artmasına gətirib çıxarmışdı. Azərbaycan “Qadınların siyasi hüquqları haqqında” 1952-ci il BMT Konvensiyasına, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” 1979-cu il Konvensiyasına, həmçinin, Beynəlxalq Əmək Təşkilatının qadınların əmək və məşğulluq sahəsində qəbul etdiyi “Yeraltı işlərdə qadın əməyinin tətbiqi haqqında” 45 saylı BƏT Konvensiyasını, “Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında” 100 saylı BƏT Konvensiyasını, “Analığın mühafizəsi haqqında” 103 saylı BƏT Konvensiyasını, “Əmək və məşğulluq sahəsində ayrı- seçkilik haqqında” 111 saylı BƏT Konvensiyasını və 29 yanvar 1957-ci il tarixli “Ərdə olan qadının vətəndaşlığı haqqında” Konvensiyanı da qəbul etmişdir.
1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında dünyanın 189 ölkəsi Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdi. Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılması olmuşdu. Pekin Bəyannaməsi və Fəaliyyət Platforması bütün dünya qadınlarının hüquqlarının qorunacağını və sülhə, gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan qaldırılacağını bəyan etmişdi. IV Ümumdünya Qadın Konfransı Azərbaycanda qadın hərəkatının dönüş nöqtəsi kimi qiymətlədirilə bilər. Ulu Öndər yaxşı bilirdi ki, XX əsrin sonlarında Ermənistanın hərbi təcavüzü ilə üzləşən, ərazisinin 20%-i işğal altında olan, müharibənin ağrı-acılarını yaşayan, bir milyon qaçqın və məcburi köçkünü olan Azərbaycan qadınlarının bu konfransda iştirakı olduqca böyük əhəmiyyət kəsb edir. Ümummilli Lider xalqa müraciət edərək demişdir: “Milyondan artıq qaçqını və məcburi köçkünü olan Azərbaycan üçün bu gün ən ümdə vəzifə Ermənistan Respublikasının hərbi təcavüz nəticəsində doğma evindən-ocağından məhrum olan qaçqın qadın və uşaqların problemlərini həll etməkdən ibarətdir”. Konfransda qadınların cəmiyyətdə vəziyyətinin yaxşılaşdırılması sahəsində 12 strateji istiqamət müəyyən edilmiş, qadın və təhsil, qadın və sağlamlıq, qadınlara qarşı zorakılıq, qadınlar və silahlı münaqişələr, qadınlar və yoxsulluq, qadınların insan hüquqları, qərar qəbuletmədə qadınların rolu və digər bu kimi vacib məsələlər diqqət mərkəzinə gətirilmişdi.
Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxartmaq mümkün deyil. O, bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır. Ulu Öndərin müəyyən etdiyi siyasət nəticəsində ölkəmiz inkişaf yolunda inamla irəliləmiş, mühüm nailiyyətlər əldə etmişdir, bunlardan ən uğurlusu isə yürütdüyü siyasi xəttin oğlu cənab Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə, müvəffəqiyyətlə davam etdirilməsidir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi vaxtdan bugünədək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Onun xarici siyasəti nəticəsində Azərbaycan regionun ən güclü və suveren dövlətinə, eləcə də yüksək beynəlxaq nüfuza malik olan ölkəyə çevrilib. Başqa sözlə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Azərbaycan dövlət olaraq dünyada getdikcə daha möhkəm mövqeyə malik olur, beynəlхalq nüfuzu daha da möhkəmlənir. Bu gün xalqımız Ümummilli Liderin siyasi varisi – yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.
Ölkə başçısının rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurulmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atdı. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdədir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında yaradılan yeni qurum dövlət başçısının ailələrə, qadınlara və uşaqlara olan diqqət və qayğısının aydın təzahürüdür.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoymuşdur. Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib. Ölkəmizdə qadın problemləri daim dövlət qayğısındadır və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. Onun rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır. Həmçinin, hüquqi bazanın təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün “Gender bərabərliyinin təminatları haqqında” (2006-cı il), “Məişət zorakılığının qarşısının alınması haqqında” (2010-cu il) Azərbaycan Respublikası qanunları qəbul olunmuşdur. Qeyd etmək lazımdır ki, bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verməyə başladı. Eyni zamanda, bir çox stereotiplərin qırılmasına səbəb olmuşdur.
Qürurla qeyd edə bilərik ki, Azərbaycan ailəsində qadının yeri və rolu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan qadını yeni nəsli dünyaya gətirmək, onu tərbiyə etmək, vətənə layiq böyütmək kimi çox vacib bir vəzifəni yerinə yetirməklə bərabər, ailənin möhkəmliyi və bütövlüyünün qorunması məsuliyyətini də könüllü surətdə daşıyır. Qadın, həyat yoldaşına hörmət edən, ailə ocağını daim isidən qadındır. Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Bu qadınlar bütün tarixi dövrlərdə ictimai həyatda fəal iştirak edərək, cəmiyyətimizin inkişafına öz töhfələrini vermişlər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər vardır. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hal-hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla yanaşı qadınlar həm də, ictimai-siyasi proseslərdə fəal iştirak edərək cəmiyyətin qurucusuna çevrilirlər.
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Mehriban xanımın gördüyü işlərin mühüm göstəricisi Heydər Əliyev Fondunun timsalında əks olunub. Heydər Əliyev Fondu Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümumilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrın reallaşmasını və digər mühüm işlərin icrasını təmin edir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. O, Ali Baş Komandan, Prtezident İlham Əliyevin ən yaxın silahdaşı kimi, Azərbaycanın inkişafı, daha da güclü və qüdrətli dövlət olması üçün əlindən gələni əsigəmir.
Azərbaycan xalqının sadiq oğlu, Ümummilli Lider Heydər Əliyevin ailəsi də gənclərimizə örnəkdir. Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Heydər Əliyev bu uğurun arxasında hər zaman ailəsinin dayandığını bildirirdi. Böyük şəxsiyyətlərin arxasında böyük qadınlar dayanır. O özü də qeyd edirdi ki, gənc yaşlarından həyatı dövlət işi ilə bağlı olubdur: “Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”. Milli, maddi və mənəvi dəyərlərimizi təbliğ etmək və gənc nəsillərə ötürmək xalqımızın gələcəyi üçün çox böyük əhəmiyyətə malikdir. Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək: Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,
siyasi elmlər doktoru, professor
Hicran Hüseynova