Azərbaycanı tarixinin ən möhtəşəm dövləti edən Lider

Azərbaycan tarixinin şərəfli və qürurverici günlərini yaşayır. 3 il əvvəl 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdik, 30 illik işğala son qoyduq. Bu şərəfli salnamənin davamı kimi isə ötən ay keçirilən antiterror tədbirləri nəticəsində ordumuz Qarabağdakı erməni separatizminin də kökünü kəsdi.

Bu tarixi nailiyyətlərimizin baş müəllifi isə Müzəffər Ali Baş Komandanımız, özünün müdrik siyasəti ilə ötən 20 ildə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən möhtərəm Prezident İlham Əliyevdir. Cənab İlham Əliyevin respublikamıza ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümü tariximizin belə şərəfli və fərəhli dövrünə təsadüf edir.

20 il öncə Azərbaycan xalqı öz müdrik seçimini edərək, möhtərəm İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursunun davamına səs verdi. Həm 2003-cü ilin prezident seçkilərinin, həm də növbəti seçkilərin nəticələri göstərdi ki, xalqımız Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttə, İlham Əliyev siyasi kursuna heç bir alternativ qəbul etmir. Çünki bu siyasət ilk növbədə inkişaf, yüksək sosial rifah, güclü müstəqillik və qüdrətli dövlətçilik deməkdir. Ötən 20 ilə nəzər salanda görürük ki, bu dövr Azərbaycanın tarixinə inkişaf, quruculuq, müstəqilliyimizin və dövlətçiliyimizin daha da qüdrətləndiyi illər kimi yazılıb.

Bu 20 ildə Azərbaycan xalqı öz rəhbərindən yalnız dövlətə və xalqa xidmət məramı görüb. Hər birimiz möhtərəm Prezidentin qətiyyətli siyasətinə, Azərbaycanı dinamik inkişaf etdirməsinə şahidlik edirik. Bu siyasətin nəticəsi kimi, Azərbaycan hələ illər öncədən regionun aparıcı dövlətinə çevrilib. Təsadüfi deyil ki, ötən 20 ildə regiondakı bütün iqtisadi layihələr məhz Azərbaycanın təşəbbüsləri ilə reallaşıb. Bu baxımdan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft, qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, "Cənub qaz dəhlizi"nin ərsəyə gəlməsi ilk növbədə cənab Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin nəticəsi kimi həyata vəsiqə alıb. Yaxşı xatirimizdədir ki, hələ Bakı-Tbilisi-Ceyhan neft boru kəməri çəkiləndə ermənilər buna qarşı çıxır, guya bu layihənin regionda ekoloji fəlakət yaratğını iddia edirdilər. Lakin İlham Əliyev öz siyasi-diplomatik erudisiyası ilə həmin çirkin planları fiaskoya uğratdı, dövlətimizin milli maraqlarını qətiyyətlə qorudu və bu siyasətin nəticəsi kimi, hazırda Azərbaycan qlobal enerji təhlükəsizliyi dialoqunun söz sahibi olan tərəfidir.

İlham Əliyev 20 ildə Azərbaycanı dünyanın ən sürətli inkişaf edən dövlətinə çevirdi, iqtisadi inkişafın Azərbaycan modelini yaratdı. Həmin dövr ərzində Azərbaycan iqtisadiyyatının 3 dəfədən çox artması dünyada nadir rast gəlinən nümunələrdəndir. Bu illərdə Azərbaycanda yoxsulluq və işsizlik səviyyəsinin minimum həddə düşməsi, 2 milyondan çox yeni iş yerinin yaradılması, neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində əldə olunan uğurlar göstərir ki, dövlət siyasətinin mərkəzində ilk növbədə, insan amili dayanır.

Regionların inkişaf etdirilməsi də Prezident İlham Əliyevin iqtisadi inkişaf siyasətinin əsas uğurları sırasında yer alır. Əlbəttə, enerji sektorunun inkişaf etdiyi, milli gəlirlərimizin artdığı bir şəraitdə regionların iqtisadi potensialı hərəkətə gətirilməsəydi, Azərbaycanın inkişafı natamam olardı. Bu kontekstdə regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramlarının icrası sayəsində bölgələrdə inkişaf proseslərinin sürətlənməsi Prezident İlham Əliyevin iqtisadi siyasətinin kompleks məzmun daşımasından xəbər verir. Milli Məclisdə təmsil etdiyim İsmayıllı rayonunun iqtisadi nailiyyətləri də Prezident İlham Əliyevin regional inkişaf siyasətinin bariz nümunəsidir.

Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə qazandığımız uğurların miqyası olduqca böyük və çoxşaxəlidir. Bu sırada Azərbaycanın kosmik kluba daxil olmasını, regionun nəqliyyat qovşağına çevrilməsini də göstərə bilərik. Bunlar respublikamızın yüksəlişi ilə yanaşı, regionda lider dövlət kimi fərqlənməsini, dünyada söz sahibi kimi çıxış etməsini şərtləndirən mühüm siyasi-iqtisadi faktorlardır.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyinin və bütövlükdə müasir tariximizin ən qürurverici hadisəsi isə 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımızın döyüş yolu ilə azad edilməsidir. 44 günlük savaşda Prezident İlham Əliyev sərkərdə qətiyyəti ilə Azərbaycanın dövlətçilik tarixində böyük bir tarixi missiyasını yerinə yetirdi. Dövlətimizin başçısı bütün beynəlxaq təzyiqlərin qarşısını layiqincə aldı, dünya erməniliyinin respublikamıza qarşı diplomatik cəbhə açmasına imkan vermədi, erməni yalanlarını qətiyyətlə ifşa etdi. Bu savaşda qazandığımız zəfər Azərbaycanın inkişafının, tarixinin ən qüdrətli dövrünü yaşamasının, ordumuzun gücünün, əsgər və zabitlərimizin vətərpərvərliyinin, xalqımızın həmrəyliyinin döyüş meydanında təsdiqi oldu. 

Ötən ay isə Qarabağda həyata keçirilən antiterror tədbirləri Vətən müharibəsindəki Zəfərimizin ardınca növbəti böyük hərbi-siyasi qələbəmiz oldu. Prezident İlham Əliyev söz anlamayan erməni separatçılarını "dəmir yumruqla" başa saldı. Antiterror tədbirləri bir daha dövlətimizin gücünün, möhtərəm Prezidentimizin qətiyyətinin təntənəsinə çevrildi. Beləliklə, cənab İlham Əliyevin respublikamıza rəhbərliyinin 20-ci ildönümü ərəfəsində Azərbaycan torpaqlarındakı 200 illik erməni separatizminə son qoyuldu. Azərbaycanın milli maraqlarını bir daha qətiyyətlə təmin edən cənab İlham Əliyev başda Fransa olmaqla həm də dünya erməniliyinə qalib gəldi. Bir daha təsdiq olundu ki, heç bir xarici təzyiq bizim iradəmizə təsir göstərə bilməz.

Qürur hissi ilə qeyd edim ki, vaxtilə prezident seçkiləri kampaniyası dövründə həm Ulu Öndər Heydər Əliyevin, həm də möhtərəm İlham Əliyevin vəkili kimi fəaliyyət göstərmişəm. Seçkilərdə vəkil kimi fəaliyyətim həm də mənə göstərilən böyük etimad idi. Yerlərdə seçicilərlə keçirilən görüşlər zamanı hər zaman xalqımızın Ulu Öndərə və onun layiqli davamçısı olan cənab İlham Əliyevə sevgisinin, etimadının şahidi olmuşam. Həqiqətən də bir lider üçün xalqın sevgisindən, etimadından uca heç nə ola bilməz. Bu 20 ildə xalqımız hər zaman Prezident İlham Əliyevin ətrafında sıx səfərbər olub, bütün seçkilərdə ona etimad göstərib. 

Fərəh hissi ilə qeyd etməliyəm ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti də bu 20 ildə böyük inkişaf yolu keçib, daha güclü təşkilata çevrilib. Bu illər ərzində hər zaman cənab İlham Əliyevin xüsusi diqqət və qayğısını yaxından hiss etmişik və buna görə təşkilatımızın üzvləri adından bir daha dövlətimizin başçısına minnətdarlığımızı bildirirəm.

Bu gün Azərbaycan öz tarixinin yeni mərhələsinə qədəm qoyub. Çünki torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağda erməni separatizminə son qoyulması həm də yeni milli çağırışlar, yeni hədəflər deməkdir. Əminik ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə əsas milli prioritet olan Qarabağ və Şərqi Zəngəzurun bərpası da qısa müddətdə başa çatdırılacaq, Böyük qayıdış proqramı uğurla icra ediləcək və Azərbaycan öz inkişafının yeni hədəflərinə də inamla çatacaq. Bu şərəfli missiyaların həyata keçirilməsində möhtərəm Prezident İlham Əliyevə uğurlar arzu edirik! 

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti