Azərbaycanın dünyəvi siyasətdə mövqeyi yüksəkdir

Azərbaycanla Belarus arasında qarşılıqlı əlaqələr dostluq münasibətləri əsasında qurulub. Bu, siyasi əlaqələrin iqtisadi əlaqələrlə, mədəni əlaqələrlə davam etdiriliməsi deməkdir.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da Azərbaycana dövlət səfəri də bu baxımdan dünyanın diqqət mərkəzində oldu. Dövlət səfəri iki dövlət arasında mövcud münasibətlərin daha da genişlənməsi istiqamətində tarixi səfər oldu. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda dövlətlərarası münasibətlərin qarşılıqlı inama, etibara əsaslandığını xatırladaraq bu səfərin Azərbaycan – Belarus münasibətlərində daha geniş sahələri əhatə edəcəyini də, əlaqələrin şəbəkəsinin genişlənəcəyini də bildirərək dedi: “Gündəlikdə olan məsələlər kifayət qədər konkret xarakter daşıyır. İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılmasından gedir. Bu, ilk növbədə, maşınqayırmadır. Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri. Əməkdaşlıq əlaqələri ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bütün məsələləri əhatə edir”.

İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri başladı. Azərbaycan Respublikasının Prezidenti mətbuata verdiyi bəyanatda quruculuq işlərinin dinamikasının yüksəldiləcəyini də bildirdi, tikintinin sürətinin artırılacağını da. Onu da qeyd etdi ki, quruculuq işlərində dünya təcrübəsindən də bəhrələniləcəkdir: “Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları və aqroşəhərciklərin tikintisi təcrübəsi var. Birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar”.

Dövlətlərarası münasibətlərin başlıca təyinedicisi doctluqdur. Azərbaycanla Belarus arasında belə münasibətlər daha da səmimiləşir. 16 may görüşündə mətbuata bəyanatında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Ölkələrimizin rəhbərləri arasında etimada əsaslanan münasibətlər bütün digər dövlət qulluqçularına impuls verir ki, onlar, həmçinin öz aralarında ünsiyyət saxlasınlar, çalışsınlar, dostluq etsinlər, öz ölkələrinin rifahı və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə fəaliyyət göstərsinlər”.

Dövlət səfərində Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”, “Bakı şəhəri (Azərbaycan Respublikası) ilə Minsk şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Memorandum” və s. kimi sənədlər imzalandı.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatında səmimiliklə dedi ki, “Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik.”. Bu fikirlər Azərbaycanın dünyəvi siyasətdə mövqeyinin göstəriicisi kimi tarixləşdi...

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı