Azərbaycanın uğurlu enerji siyasəti Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə olmaqla yanaşı, həm də ölkəmizin iqisiadi cəhətdən möhkəmlənməsinə xidmət edir

Azərbaycanda energetika sahəsinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1981-ci ildə, hələ respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövrdə, oktyabr ayının 20-də Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə Cənubi Qafqazın ən böyük istilik-elektrik stansiyası sayılan, gücü 2400 MVt olan 8 enerji blokundan ibarət “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci bloku istismara verildi. Bu hadisə ilə əlaqədar olaraq indi 20 oktyabr hər il təqvimdə Azərbaycan energetiklərinin peşə bayramı günü kimi qeyd olunur.
 

Məhz həmin illərdə və müstəqilliyimizin ilk illərində ölkədə yaradılan generasiya gücləri hesabına bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin energetika sahəsinə ayırdığı diqqət və qayğının nəticəsində son illərdə ölkəmizdə onlarla yeni-yeni elektrik stansiyaları və yarımstansiyalar tikilərək istifadəyə verilib. Respublikamızın elektrik enerjisinə olan tələbatı tam şəkildə ödənilib. İndi respublikamız qonşu ölkələrə elektrik enerjisi ixrac etməkdədir.
Dövlət başçısı cənab İlham Əliyev cari ilin oktyabrın 26-da Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində bu məqamları bir daha diqqətə çatdıraraq, müstəqillik tariximizdə təkcə enerji sahəsi deyil, bütün sahələrdə planlarımızın gerçəkləşdiyini bildirdi: “Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfelimiz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Hazırda bizim iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir”.
Qeyd edək ki, 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. 
 

Ümumiyyətlə, Azərbaycanın “yaşıl” artım ölkəsinə transformasiyasında ağırlıq mərkəzi əsasən, Xəzər dənizi ilə yanaşı “yaşıl enerji” zonası kimi Qarabağ-Şərqi Zəngəzurun üzərinə düşür. Bu geostrateji əhəmiyyətli məkanlar Azərbaycanın həm də “yaşıl” enerji istehsalı və ixracının mənbələri qismindədir. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə çoxistiqamətli tədbirlərlə ölkəmizdə bərpa olunan enerjinin inkişafı geniş vüsət alır.
 

Stansiyasının rəsmi açılış mərasimi zamanı çıxış edən Ölkə başçısı işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdirildiyini diqqətə çatdıraraq qeyd etmişdir: “Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara verilib və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır”.
 

Göründüyü kimi, Prezident İlham Əliyevin ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolunu düzgün qiymətləndirməsinin nəticəsidir ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir. Qeyd dilən tədbirlərin uğurla həyata keçirilməsi, “yaşıl enerji” istehsalı sahəsində qətiyyətli addımlar onu göstərir ki, Azərbaycanın uğurlu enerji siyasəti Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə olmaqla yanaşı, həm də ölkəmizin iqisiadi cəhətdən möhkəmlənməsinə xidmət edir.
 

 

Ümid Mehdiyev - ADPU-nun rektor müşaviri