"Azərbaycanlıların petisiyasına Fransadan reaksiya bildirilməyib" - XİN rəsmisi

"Göründüyü kimi, ölkəmizə qarşı ədalətsizliyə etiraz olaraq bir qrup soydaşımız tərəfindən ictimai əsasda irəli sürülmüş bu təşəbbüs qısa müddət ərzində geniş dəstək toplayıb".

Sabahinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırarkən deyib.

“Məlumata əsasən, yalnız Fransadakı azərbaycanlılar deyil, bir sıra digər xarici ölkələrdə yaşayan həmvətənlərimiz də bu təşəbbüsə öz imzaları ilə dəstək vermişlər. Bu addımlar, həmvətənlərimiz tərəfindən göstərilən həmrəyliyin və birliyin nümunəsidir. Təqdirəlayiq haldır ki, bu müraciət qeyd edilən portalda yerləşdirilən digər petisiyalarla müqayisədə əhəmiyyətli sayda çox dəstək cəlb edib. Buna baxmayaraq, daha az səs toplayan və daha az əhəmiyyətə malik müraciətlər ilə müqayisədə azərbaycanlıların bu petisiyasına indiyə qədər Fransa tərəfindən reaksiya bildirilməyib. İctimai rəyə hər zaman həssaslıqla yanaşdığını iddia edən Fransa parlamentarilərinin soydaşlarımızın haqlı narazılıqlarına səbəb olan müraciətlərinə diqqət yetiriləcəyini gözləyirik”, - XİN rəsmisi bildirib.