ATƏT sədri: "Qarabağı da unutmamalıyıq"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının bugünkü plenar iclasında Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer çıxış edib.

Almaniya XİN başçısı Avropa Şurasına üzv ölkələrdə insan hüquqlarının vəziyyəti haqqında danışarkən bu məkanda baş verən münaqişələrə, tanınmamış ərazilərə diqqət yönəldib.

"Biz Avropa məkanında insan hüquqlarının qorunması haqqında danışarkən burada baş verən münaqişələri də unutmamalıyıq. Münaqişələr dedikdə, mən yalnız Ukraynanı və Krımın anneksiyasını deyil, Cənubi Osetiya, Abxaziya, Dnestryanı bölgə və Dağlıq Qarabağ münaqişələrini də nəzərdə tuturam. Bunları da unutmamalıyıq.

Bizim qitədə insan hüquqlarının vəziyyətinin müşahidə edilməsi baxımından belə "qara dəliklər”, "boz zonalar” mövcud olmamalıdır. Buna görə, AŞPA dövrümüzün ən kəskin məsələləri üzrə siyasi müzakirələrin aparılması üçün meydan rolunu oynayır. Təbii ki, burada bəzən bir-birinə qarşı olan ixtilaflı məsələlər müzakirə olunur ki, bu da düzgündür. Çünki bura müzakirələrin aparılması üçün xüsusi ilə də münaqişələrin kəskinləşməsi və gərginliklərin baş verdiyi bir dövrdə tam uyğun bir yerdir”, - deyə Ştaynamyer vurğulayıb.