"Putin deyib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır"

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun yanvarın 17-də Moskvada keçirdiyi ilin yekunlarına dair mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi barədə fikirləri Azərbaycanda birmənalı qarşılanmayıb. 

Lavrov "Dağlıq Qarabağ işğalçı qüvvələrdən və digər kriminal elementlərdən təmizlənməyə başlanılsa, Rusiya buna necə baxacaq, Azərbaycanın daxili işinə müdaxilə edəcəkmi" sualına belə cavab verib: "Bu, mücərrəd bir məsələ və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil".

Rusiya XİN rəhbəri, həmçinin bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün, ilk növbədə, status məsələsi həll olunmalı, sonra torpaqların işğaldan azad edilməsindən söhbət gedə bilər. 

Siyasi ekspertlər hesab edirlər ki, bu mövqe Azərbaycanın maraqlarına ziddir və münaqişənin həllində vasitəçilik edən dövlətə inamsızlığı artırır.

Sabahinfo.Az azvision.az-a istinadən xəbər verir ki, millət vəkili Rasim Musabəyovun fikrincə, Lavrovun fikirləri yeni deyil, sadəcə, ona ünvanlanan suala qabarıq şəkildə cavab verib: "İşğal altındakı əraziləri güc yolu ilə azad edəcəkdiksə, bunu çoxdan edərdik. Nə üçün başlamamışıq? Ermənistanın arxasında Rusiya dayanır. Biz sülh tərəfdarıyıq. İstəyirik ki, problem sülh yolu ilə həll olunsun. Rusiya bunu yaxşı başa düşür. Dünənki mətbuat konfransında Lavrov suala qabarıq şəkildə cavab verib. Lavrov ermənidir, bunu hamı bilir. Rusiyanın Ermənistanın arxasında dayandığı da heç kimə sirr deyil".

R.Musabəyov vurğulayıb ki, Azərbaycanın öz torpaqlarını güc tətbiq etməklə işğaldan azad etmək hüququ var: "Amma bu hüququndan istifadə etmək imkanı olmalıdır. Rusiya Çeçenistanda müharibə apardı. 200 min insanı qırdı. Rusiya nüvə silahına malik dövlətdir. Çenenistanla müharibə zamanı Rusiya "bu, bizim daxili işimizdir" deyirdi ki, heç kim bu məsələyə yaxın durmasın".

Politoloq Fikrət Sadıqov bildirib ki, Lavrovun mövqeyi yanlışdır və qəbul edilə bilməz: "Bəlkə də bu, Lavrovun şəxsi fikridir. Biz dəfələrlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın rəsmi mövqeyini eşitmişik. Rusiya prezidenti Vladimir Putin deyib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bu, aprel döyüşlərindən sonra keçirilən Vyana və Sank-Peterburq görüşlərində də təsdiq olunub. Lavrov isə, sanki, Rusiyanın rəsmi mövqeyindən bixəbərdir. Buna inanmaq çətindir. Çünki o, Dağlıq Qarabağ münaqişəsinin sırf Azərbaycanın daxili işi olmadığı qənaətindədir. Bu, tam yalnış mövqedir. Münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olsa da, bu, heç də o demək deyil ki, Azərbaycanın işğal altında olan torpaqlarını geri qaytarmağa hüququ yoxdur. Bizim hüququmuz və gücümüz var. Əgər lazım olarsa, heç kimdən icazə istəməyəcəyik. Hələlik münaqişənin həlli ilə bağlı danışıqlar gedir. Azərbaycan mərhələli planın tərəfdarıdır".

Lavrovun çıxışına münasibət bildirən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyini bütün beynəlxalq ictimaiyyət tanıyır və dəstəkləyir. O ki qaldı sülh prosesinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üçün beynəlxalq platformadır. Münaqişənin həlli ilə əlaqədar beynəlxalq təşkilatların beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan çoxsaylı qərar və qətnamələri var.

Məmmədyarov əminliklə bildirib ki, əgər Rusiya bütün ciddiliyi ilə məşğul olarsa, status-kvo dəyişəcək, regionda sabitlik təmin olunacaq və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması mümkün olacaq.