ATƏT sədri vəzifəsindən sui-istifadədə ittiham olunur

2017-ci ildə Avstriya ATƏT-ə sədrlik etdiyinə görə ölkənin xarici işlər naziri Sebastian Kurts bu beynəlxalq təşkilatda sədrlik funksiyasını həyata keçirir. Mayın 14-də S.Kurtsun Avstriya Xalq Partiyasına rəhbər seçilməsi və bununla əlaqədar koalisiyalı hökumətin istefaya getmə ərəfəsində olması ilə əlaqədar Avstriyanın birinci diplomatı daşıdığı vəzifələr və onların icrası ilə bağlı tənqid atəşinə tutulub.

İsveçrəli ekspert, Sürix Federal Texnologiya İnstitutunun Təhlükəsizlik Tədqiqatları Mərkəzinin əməkdaşı Kristian Nünlist Avstriyanın "Ö1” radiosuna verdiyi müsahibədə bildirib ki, S.Kurts ATƏT-i öz "seçki mübarizəsi üçün səhnə”yə çevirib. O bildirib ki, kənardan müşahidə edərkən lap əvvəldən sədrliyin əsas diqqətinin daxili siyasətə yönəldiyi təəssüratı yaranır.

Avstriyanın terrorizmə qarşı mübarizəni sədrlik dövrü üçün əsas prioritetlər sırasına daxil etməsi də miqrasiya məsələlərində sərt mövqe tutan Sebastian Kurtsun siyasi mövzuları ilə üst-üstə düşür. Bütün bunlar isə konsensus, ortaq məxrəc, vasitəçilik kimi prinsiplərə söykənən ATƏT-in dəst-xəttinə uyğun gəlmir.

Eyni zamanda, Avstriyanın daxili siyasətindəki hazırkı vəziyyət və S.Kurtsun Avstriyanın vitse-kansleri seçilmə ehtimalı da onun ATƏT sədri qismində öz vəzifə səlahiyyətlərini icra etmək imkanında olacağını da sual altına qoyub. Ekspertlər və diplomatik dairələr S.Kurtsun öz ölkəsindən olan yüksək ranqlı başqa bir diplomatla ATƏT-in fəaliyyətdə olan sədri qismində əvəzlənməsi o qədər də sadə prosedur olmayacağı qənaətindədirlər.

Bununla belə, ekspertlər Şərqi Ukraynadakı ATƏT müşahidə missiyasının mandatının uzadılması və gücləndirilməsinin Avstriya sədrliyinin uğuru olduğunu da qeyd ediblər. (AzərTAc)