Elmar Məmmədyarov İtaliya Senatının nümayəndə heyətini qəbul edib

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İtaliya Senatının Avropa İttifaqı siyasəti daimi komissiyasının sədri, senator Vanino Kittinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən sabahinfo.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-İtaliya, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı vəziyyəti və onların inkişaf etdirilməsi yolları, iqtisadiyyat və enerji sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan münaqişəsinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan və İtaliya arasında mövcud ikitərəfli əməkdaşlığın məmnunluq doğurduğu vurğulanaraq, bunun Azərbaycan-Avropa İttifaqı münasibətlərinə də müsbət təsir göstərdiyi qeyd olunub.

Senator V. Kitti Azərbaycanın həm Avropa İttifaqı, həm də İtaliya üçün mühüm tərəfdaşlardan biri olduğunu qeyd edərək, ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa böyük önəm verdiyini bildirib. O, irimiqyaslı enerji layihəsi hesab olunan Cənub Qaz dəhlizinin vacib komponentləri olan TAP və TANAP layihələrinin Avropa İttifaqı, xüsusilə də İtaliya üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Nazir E. Məmmədyarov isə İtaliya və Avropa İttifaqı ilə əlaqələrinin inkişaf perspektivləri, ölkəmizin bu istiqamətdə həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verib. O, İtaliya ilə Azərbaycan arasında imzalanmış Strateji Əməkdaşlıq haqqında Sazişin ikitərəfli münasibətlərin strateji müstəvidə inkişafına mühüm töhfə verdiyini bildirib.
Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı məlumat verən E. Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri də daxil olmaqla, bütün beynəlxalq ictimaiyyətin mövcud "status-kvo”nun qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiyini və münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib.

Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsinin, eləcə də mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb, Heydər Əliyev Fondunun İtaliyada mədəniyyət abidələrinin bərpası istiqamətində həyata keçirdiyi layihələr təqdir olunub.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.