Ərdoğan da demokratiyanın beşiyi sayılan ölkələrdəki aksiyalardan danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya mediyasını qınayıb. sabahinfo.az-ın məlumatına görə, Fransa və Belçikada bir neçə gündür davam edən kütləvi etiraz aksiyalarını yetərincə işıqlandırmayan medianı pesləyən Ərdoğan bildirib ki, həmin media qurumları 3 il əvvəl Türkiyədəki Gezi hadisələrini canlı yayım edərək diqqətə çatdırırdı.

"3 il əvvəl Gezi parkındakı dəyişikliklər bəhanə edilərək aksiyalara başlanılmışdı. Maşınlar, dükkanlar yandırıldı, yollar, küçələr bərbad vəziyyətə salındı. Gezi parkının altını üstünə çevirdilər. Gezi hadisələri vaxtı dostlarımızın israr etməsi ilə aksiyaçıların sözçüləri ilə görüşdük. Mənə başqa şey dedilər, küçəyə çıxandan sonra tələb siyahısı açıqladılar”, - Ərdoğan bildirib.

Hazırda Fransa və Belçikada kütləvi etiraz aksiyalarınınkeçirildiyini deyən Türkiyə Prezidenti deyib ki, bu aksiyalar Gezi hadisələri kimi işıqlandırılmır.

"Bu gün Paris yanır, Brüssel yanır. 3 il əvvəl İstanbulda məskən salaraq aksiyaları canlı yayım olaraq işıqlandıran media qurumları Paris və Brüsseldə xalqın tələbinə kor, lal və kar kimi yanaşırlar. Parisdə baş verənlərə görə mən də narahatam. Aksiyaçılara qarşı polisin güc tətbiqini qınayıram. Brüsseldə baş verənlərə görə də narahatam”, - Ərdoğan vurğulayıb.