Ermənilərin yeni oyunu Qarabağ məsələsinə TƏSİR EDƏCƏK

Bu gün Ermənistanın baş naziri Ovik Abramyan istefa verib. Onun yerinə İrəvanın sabiq meri Karen Karapetyanın təyin edildi. Bununla belə ekspertlər hesab edirlər ki, Xarici işlər naziri Edvard Nalbandyan, kənd təsərrüfatı naziri Serqo Karapetyan, səhiyyə naziri Armen Muradyan, müdafiə naziri Seyran Ohanyan, Gömrük Xidmətinin rəisi Ovik Hovsepyan da vəzifələrindən kənarlaşdırılacaqlar.

Ermənistanda yaranmış bu hökumət böhranını, bunun əsl səbəbi və daha sonra baş verə bilərək prosesləri Milli.Az-a şərh edən politoloq İlqar Vəlizadə bildirib ki, əslində, Ermənistanın baş naziri Ovik Abramyanın istefası gözlənilən idi. Bu adamın elə baş nazir kürsüsünə oturduğu vaxtdan istefası ilə bağlı müxtəlif mülahizələr səslənir və hər dəfə də fərqli səbəblər göstərilirdi:

"Əslində, Tiqran Sarkisyandan sonra Ermənistanda onun özü də daxil olmaqla bu vəzifə qurbanlıq hesab edilir. Sanki, prezident iqtisadiyyatda baş verən problemlərlə bağlı öz yükünü, bütün məsuliyyəti baş nazirin üzərinə atıb. Təbii ki, Ermənistan iqtisadiyyatında vəziyyəti yaxşı deyildi. Növbəti böhranı da baş nazirin istefası ilə bağlamaq olardı. Yəni kimsə, sadəcə, bir fiqur kimi gətirib bu vəzifədə otuzdurulurdu. Baş nazir həm də Ermənistanda hakimiyyətə yaxın oliqarxların öz aralarındakı razılığı əsasında vəzifəyə təyin olunan bir adamdır, siyasi elitadakı konsensusun nəticəsidir.

Son ayların hadisələri göstərir ki, Ermənistanın siyasi elitasında artıq müəyyən anlaşılmazlıqlar baş verib. Bu proseslərə Qarabağdakı aprel döyüşləri və ermənilərin məğlubiyyəti, eləcə də ölkədəki iqtisadi böhran və iyulda İrəvandakı silahlı qiyam səbəb olub. Həm qızğın aprel döyüşlərindən sonra olan istefalardan, həm də "Sasna Tsrer" qruplaşmasının silahlı qiyam cəhdindən sonra elitadaxili proseslərə, narazılıqların yaranmasına təkan verib. Nəticə etibarilə belə bir yeni vəziyyət yaranıb. Amma baş nazir yaranmış bu yeni vəziyyətə uyğun gəlmirdi. Bu ərəfələrdə "milli razılıq hökuməti" ideyası ortaya atılıb. Bu da ictimaiyyəti yayındırmaq üçün edilib. Guya hakimiyyətdə dəyişiklik baş verə bilər və bu dəyişikliklər yeni bir vəziyyətə gətirib çıxaracaq. Amma bununla prezident Serj Sarkisyan siyasi elitanın digər oyunçularına göstərmək istəyir ki, onlar da hakimiyyətə gələ, təmsil ola bilərlər. Bunun üçün yenə də kimisə qurban verməli idi. Bu da Ovik Abramyan oldu".

Politoloqun sözlərinə görə, proseslərin gedişi göstərir ki, prezident Sarkisyan nazir vəzifələrini paylamaqla öz yerini möhkəmlətmək istəyir: "İş orasındadır ki, burada söhbət digər nazirlərin də istefaya göndərilə biləcəyindən gedir. Çünki yeni baş nazir yeni komanda formalaşdırmalıdır. Bu isə o deməkdir ki, bir çox nazirlərin yeri vakant ola bilər. Ona görə də S.Sarkisyan digər qruplara, sanki, mesaj göndərir ki, gəlin hökumətin formalaşmasında iştirak edin. Əsas məqsəd isə özünü zərbədən qorumaqdır. Çünki aprel hadisələrindən sonra da, İrəvandakı üsyanda da əsas hədəf Sarkisyanın özü idi. Elə bu səbəbdən təhlükəni özündən uzaqlaşdırmaq üçün bu cür addım atır. İndi hadisələrin gedişatı göstərəcək ki, bu addım digər siyasi qruplar tərəfindən necə qarşılanacaq. İndi məsələ belə qoyulur ki, guya Sarkisyan siyasi qrupları hakimiyyət bölgüsünə dəvət edir. Əgər onlar razılaşsalar, onda Sarkisyan bu və ya digər şəkildə heç olmasa növbəti parlament seçkilərinə qədər kreslosunda rahat otura, daha sonra isə öz yerinə varisini hazırlaya bilər. Yox, əgər onlar razılıq verməsələr, o zaman Sakirsyan hakimiyyətinin çökməsi labüd olacaq və bu, artıq zamanın söhbətidir. Bu, ya 2016-cı ilin sonunadək, ya da parlament seçkilərinin nəticəsində baş verə bilər. Hazırda mediada bir neçə nazirin istefaya göndəriləcəyinə dair məlumatlar yer alır. Bu, o deməkdir ki, Sarkisyan siyasi qruplara deyir ki, bu vəzifələr boşala və sizlərdən onu kimlərsə tuta bilər. Yəni pay bölgüsündə sizin üçün tam şərait yaradıram".

İ.Vəlizadənin qənaətincə, Ermənistandakı vəzifə oyunu Dağlıq Qarabağ münaqişəsinin də həllinə təsir edəcək: "Bu hadisələr Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların çox mürəkkəb mərhələsi ərəfəsinə təsadüf edir. Ermənistan hakimiyyətinə həm Rusiya, həm də digər həmsdərlər tərəfindən müəyyən vaxt verilib ki, güzəştlərlə bağlı addımlarını və ya fikirlərini ortaya qoysunlar. Danışıqların növbəti mərhələsində Ermənistan qoşunlarının işğal etdikləri Azərbaycan torpaqlarını boşaltmasından söhbət gedəcək. Əslinə, bu, Azərbaycan üçün güzəşt deyil. Amma həmsədrlər və prosesin digər iştirakçıları bunu güzəşt kimi qələmə verməyə çalışırlar. Ona görə də biz də bunu şərti olaraq güzəşt adlandırırıq. Əgər Ermənistanda vəziyyət qarışsa və hakimiyyətə daha radikal qruplar gəlsə, onda çox güman ki, heç bir güzəştdən söhbət gedə bilməz. Belə vəziyyətdən udan isə yenə də Sarkisyan olur. Çünki artıq Rusiya və ATƏT-in Minsk qrupu qarşısında olan məsuliyyəti bu insanların, yəni yeni baş nazir və onun komandasının boynuna atacaq və deyəcək ki, guya bunlar güzəştə getmək istəmirlər. Nəticədə yenə də vəziyyətdən sığortalanmış kimi çıxacaq. Bu isə problemin həllində hərbi ssenarinin reallaşmasına yol açır".