Əvvəl müqavilə və vergi, sonra təqaüd - QAYDALAR DƏYİŞİR

Mirvari Qəhrəmanlı: "Ola bilsin, küçədə tum satana bir VÖEN açdırsınlar ki, qazandığı gəlirdən vergi ödəsin”

Rəsmi iş qeydiyyatında olmayanlara qarşı  ciddi addımlar atılacaq. Ölkə başçısı İlham Əliyev "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama görə, qeyri-rəsmi işləyən vətəndaşların hamısı vergiyə cəlb olunacaq. 

Qeyd edək ki, 1999-cu ildə əmək normalarını özündə dolğun şəkildə əks etdirən və əmək münasibətlərini tənzimləyən Əmək Məcəlləsi qüvvəyə minib. Əmək Məcəlləsinin III bölməsi əmək müqaviləsini əhatə edir. Həmin bölmənin yeddinci fəsli əmək müqaviləsinin bağlanması əsasları və qaydalarını özündə əks etdirir. 

Əmək müqaviləsinin bir tərəfi işəgötürən, digəri isə işçidir. 15 yaşına çatmış hər bir kəs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu hal Konstitusiyamızın 35-ci maddəsində də təsbit olunub. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə, tərəflərin razılığı ilə müəyyən edilir.

Ekspertlərin fikrincə, hazırda əməkhaqqının aşağı olması səbəbindən vətəndaşlar əmək müqaviləsi ilə işləməyə o qədər də maraqlı deyillər. Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxslərin hər hansı işə cəlb edilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət yaradır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxsin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsinə görə, vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək, hüquqi şəxslər 20 min manatdan 25 min manatadək cərimə edilir. Əgər işəgötürən əcnəbi ilə belə rəftar edibsə, cərimə 35 min manata qədərdir. 

Maraqlıdır, ölkədə qeyri-rəsmi işləyənlərin leqallaşması mümkün olacaqmı?

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı Cebhe.info-ya bildirib ki, bu işlə birbaşa olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi, Vergilər, Ədliyyə nazirlikləri məşğul olacaq:

 "Bu da onların vicdanına baxır. Ola bilsin ki, küçədə tum satana bir VÖEN açdırsınlar ki, qazandığı gəlirdən vergi ödəsin. Amma böyük şirkət və qurumlardan vergi tələb olunmasın. Nəzərə almaq lazımdır ki, bu məsələnin müsbət tərəfləri olmalıdır. Bütün müqaviləsiz işləyənlər, kiçik sahibkarlıqla məşğul olan insanlar üçün VÖEN açılması, onlar üçün ödəniş həyata keçirilməsi vacibdir. Ona görə ki, bu vətəndaşların gələcəkdə təqaüdə çıxmaları var. Bundan əlavə "Tibbi sığorta haqqında” Qanun icra olunacaq. Bu adamlar təqaüdə çıxanda sosial sığortaları nəzərə alınır. Bir sözlə, bu məsələnin müsbəti mənfisindən çoxdur. Əvvəllər sərəncamlar, fəaliyyət planları, strateji əhəmiyyətli yol xəritələri olanda bunların hamısına vətəndaş cəmiyyəti nəzarət edirdi. Çox arzulayardım ki, vətəndaş cəmiyyəti prosesin həyata keçirilməsi, monitorinq və qiymətləndirilməsi işini aparsın”.

QHT sədri qeyd edib ki, idarə və müəssisələrdə hələ də kufayət qədər qeyri-rəsmi işləyənlərə rast gəlmək mümkündür:

"Hətta iki kartla işləmək, əməkhaqqının göstərilməməsi və digər faktlar var. Vətəndaşların özlərində də maraq olmalıdır ki, iş yerləri ilə əmək müqaviləsi bağlasın. Əgər əmək müfəttişliyi hansısa idarə və müəssisədə əmək müqaviləsiz işləyən işçinin olduğunu müəyyən etsə, o zaman işəgötürən cəzalandırılır. İşçilər əmək müqaviləsinin vacibliyi ilə bağlı maarifləndirilməlidirlər. Bu, həm də hökumətin marağında olmalıdır. Çünki bunun müəyyən fəsadları var. Əmək Məcəlləsi 317 maddədən ibarətdir. Orada bir çox güzəştlər nəzərdə tutulur. Analıq məzuniyyətinə gedənlə, təqaüd, təhlükəli iş şəraiti və digər məsələlər bura daxildir. Əmək müqaviləsi ilə işləməyənlər Əmək Məcəlləsindən məhrum olurlar. Müqaviləsi olmayanda bəs bunun vəziyyəti nə olacaq, küçələrdə dilənəcək? Ona görə də əmək müqaviləsi bağlamadan və ya VÖEN açdırmadan işləyən şəxsin özü də cəzalanmalıdır. Öyrənmək istəmirsə, gələcəyini düşünmürsə, özü də cəzalanmalıdır. Mən maddi cəzanı nəzərdə tuturam. Kim müqavilə bağlamaq istəmirsə, vergidən yayınırsa, cəzalanmalıdır, təbii ki, həbsə salınmamalıdır. Necə olur ki, QHT-ləri izləyirlər ki, vergidən yayınan kimi aşkara çıxarsınlar? Ödəməsək, biz də günahkarıq”.