Beynəlxalq platformalarda qazanılan uğur

2020-ci ildə qlobal pandemiyanın, eləcə də dördüncü sənaye inqilabının gətirdiyi yeni çağırışlar bütün dünyada yeni bir ab-hava yaratdı. Hər bir ölkənin baş verən proseslərin yaxından iştirakçısı olaraq öz maraqlarını təmin etməyə çalışdığı məqamda, Azərbaycan öz növbəsində regionda yeni reallıqların yaradılması üçün öz imkanlarını səfərbər edərək iştirak etdi və Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində işləri, habelə istənilən platformadan məharətlə istifadə etməklə postmüharibə dövrünün mükəmməl idarə olunmasını həyata keçirir.

Bu gün Azərbaycan bütün beynəlxalq platformalarda tərəfdaşlığa olan sadiqliyini və qarşılıqlı hörmətə, etimada əsaslanan əməkdaşlığı davam etdirərək, bir daha dünya siyasətinə davamlı inkişafa nail olmağın yolunu nümayiş etdirir.

Bu baxımdan 12-13 oktyabr 2023-cü il tarixlərində Prezident İlham Əliyevin qardaş Qırğızıstana rəsmi səfəri, orada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ikitərəfli görüşün baş tutması, daha sonra cənab Putinin şəxsi dəvəti ilə Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirakı Azərbaycanın bütün beynəlxalq prinsiplərə hörmətinin və qlobal təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən gördüyü ardıcıl işlərin məntiqi nəticəsidir.

Təsadüfi deyil ki, MDB Dövlət Başçıları Şurasının iclasında diqqət yetirilən əsas məsələlərdən biri də Birliyin məkanında təhlükəsizliyin təmin olunması mövzusu oldu.

Ümumiyyətlə Müstəqil Dövlətlər Birliyi 8 dekabr 1991-ci il tarixində Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş” əsasında təsis edilmişdir. Təşkilatın əsas məqsədi iqtisadi, hərbi-siyasi və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir. Azəraycan Respublikası MDB Dövlət Başçıları Şurasının 24 sentyabr 1993-cü il tarixində keçirilən iclasından qəbul edilən qərarla MDB-yə daxil olub. Azərbaycanın MDB-yə daxil olması Ermənistanın müəyyən planlarının qarşısını almaq baxımından əhəmiyyətli oldu.

Son 30 il ərzində Azərbaycan MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə öz milli maraqlarını rəhbər tutaraq uğurlu əməkdaşlıq həyata keçirib.

Cari ilin 13 oktyabr tarixində Qırğızıstanın ev sahibliyi ilə Bişkekdə təşkil olunan MDB Dövlət Başçıları Şurasının iclası bir daha keçən müddətdə üzv dövlətlərin nə qədər böyük işlər gördüyünü və bunun davamlı olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyevin həmin iclasdakı çıxışı Azərbaycan xalqının növbəti nailiyyəti olmaqla, istəyimizi və gələcəyə baxışımızı özündə ehtiva etdi.

Azərbaycan Prezidenti etdiyi məzmunlu çıxışında bir daha Birliyə üzv dövlətlərlə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq, humanitar və iqtisadi sahələrdə görülən qarşılıqlı işləri, əldə olunmuş razılaşmaların yerinə yetirildiyini, eləcə də artan əmtəə dövriyyəsinin həcmini xüsusi qeyd etdi.

Dövlət başçısı eyni zamanda Azərbaycanın MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşa çevrildiyini bildirərək, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə bağlı ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə perspektivli layihələrin həyata keçirilməsinin MDB məkanının nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi üçün nə dərəcədə faydalı olduğunu diqqətə çatdırdı.

Səfər çərçivəsində Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin MDB-nin Fəxri Nişanı ilə təltif olunması mərasimində iştirak etdi. Qeyd edək ki, qardaş Özbəkistanın Səmərqənd şəhəri 2024-cü ildə “Birliyin mədəniyyət paytaxtı” elan edildi.

Beləliklə, Azərbaycan son illərdə Avrasiyanın əsas, etibarlı nəqliyyat və logistika mərkəzlərindən biri kimi özünü sübut etmişdir. Yalnız iki ölkəyə deyil, eyni zamanda Cənubi Qafqaz regionuna sülh və rifah gətirərək beynəlxalq birliyin maraqlarına xidmət edəcək Zəngəzur dəhlizinin açılması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq.

Bu gün Azərbaycanın istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə əldə etdiyi bütün uğurlar yeni çağırışlara cavab verən mükəmməl və dayanıqlı idarəetmə modelinin tətbiqinin bariz nümunəsidir və doğma Qarabağımızda gedən sürətli bərpa işləri Azərbaycan dövləti və xalqının dünyada, xüsusilə Cənubi Qafqazda sülhün, əmin-amanlığın, davamlı inkişafın carçısı olduğunu bir daha bütün dünyaya nümayiş etdirməkdədir.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı