İlham Əliyev: "Biz indi regional nəqliyyat mərkəzinə çevrilirik"

"2003-cü ildən bu günə qədər görülən işlər haqqında çox danışmaq istəməzdim. Hər şey göz qabağındadır. Azərbaycanın beynəlxalq nüfuzu artıb, biz 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv olmuşuq, milli iqtisadiyyat üç dəfədən çox artıb, maaşlar, pensiyalar dəfələrlə artırılıb".

Bunu Prezident İlham Əliyev Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təşkil edilən rəsmi qəbulda çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan çox böyük əhəmiyyət kəsb edən transmilli, enerji və nəqliyyat layihələrini uğurla icra edib: "Azərbaycan qaz, elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Biz enerji, xüsusilə neft-qaz layihələrinin icrasında liderlik keyfiyyətlərimizi bütün dünyaya nümayiş etdiririk. Biz indi regional nəqliyyat mərkəzinə çevrilirik. Azərbaycanda bütün dinlərin, bütün millətlərin nümayəndələri bir ailə kimi rahat yaşayır. Yəni, bu siyahını uzatmaq olar. Mən görülən işlər haqqında danışsam, saatlarla vaxt lazım olacaq.

Əsas məsələ ondan ibarətdir ki, biz görüləcək işlər haqqında danışaq. Çünki möhkəm təməl var. Həm 1993-2003-cü illərdə, eyni zamanda, son illər ərzində əldə edilmiş nailiyyətlər inkişaf üçün möhkəm təməl yaradıb. Biz bu təməl üzərində müstəqil dövlət quruculuğu prosesini davam etdiririk". sabahinfo.az