Bir millət, iki dövlətin həmrəylik nümunəsi

 Azərbaycan dövləti və xalqı hər zamanki kimi yenə də Türkiyənin yanındadır. Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdən sonra mənəvi və maddi dəstək baxımından qardaş ölkəyə ən operativ reaksiyanı Azərbaycan dövləti göstərib. İlk olaraq Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verib, hər cür yardım və dəstək verəcəyini qeyd edib. Elə ilk maddi dəstək də Azərbaycandan olub. Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal humanitar yardım göndərilib və bu yardımlar davam etməkdədir. Ayrıca say etibarı ilə ən çox Azərbaycanın xilasedici qrupu və hərbi tbbi personalı zəlzələ zonasına ezam olunub. Ümumiyyətlə, bu gün Azərbaycan xalqı Türkiyə üçün səfərbər olaraq əlindən gələni edir. Xalqımız Türkiyənin acısına qəlbən acıyır. Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən yardım mərkəzlərində izdiham yaşanır. Azərbaycan xalqı könüllü şəkildə qardaş köməyini Türkiyə üçün edir. Dövlət qurumları ilə bərabər, qeyri-hökumət təşkilatlarının, sadə vətəndaşlarımızın da bu yardım kampaniyasında iştirakı xalqımızın Türkiyəyə cani-könüldən bağlı olmasının bariz nümunəsidir. Bütün bunlarla yanaşı, hazırda dünya azərbaycanlıları zəlzələ qurbanlarına dəstək məqsədilə ayaqdadır. Xaricdəki soydaşlarımız da zəlzələdə dünyasını dəyişənlərlə əlaqədar Türkiyənin müxtəlif ölkələrdəki diplomatik korpuslarını ziyarət edir, başsağlığı verir, həmçinin yardım kampaniyaları keçirirlər. Dünya azərbaycanlıları 44 günlük Vətən müharibəsindən necə ayaqda idisə, bu gün edə eyni fəallığı göstərirlər. Elə məhz Vətən müharibəsi günlərində Azərbaycana Türkiyə əsas dəstək vermişdir. Hazırda isə Azərbaycan xalqı  Türkiyə üçün qardaş dəstəyini əsrigəmir. Bu, bir millət, iki dövlətin dostluq, qardaşlıq və həmrəylik nümunəsidir.

 

Fuad Hüseynzadə

Sabahinfo.az