Birinci Xanım

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.

Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəstxətti ilə daxil olan şəxsiyyətlərdəndir. Xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir.

Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu, mühüm xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi həmişə çoxşaxəli olub, həyatımızın bütün sahələrinə dərindən nüfuz edib.

Ulu Öndərin adını şərəflə daşıyan Heydər Əliyev Fondu Mehriban xanımın rəhbərliyi ilə Ümummilli Liderimizin müdrikliyə əsaslanan həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini öyrənən ideoloji - humanitar mərkəz kimi üzərinə götürdüyü çətin vəzifənin öhdəsindən layiqincə gəlir, xalqımızın rifahına yönəlmiş irimiqyaslı layihələrin təşəbbüskarı və fəal icraçısıdır.

Birinci vitse-prezidentin təşəbbüsü ilə təhsil, səhiyyə, elm, mədəniyyət, ekologiya, idman və digər çoxsaylı istiqamətlərdə həyata keçirilən layihələr ölkə vətəndaşlarının rifahının daha da yüksəlməsinə yönəlmiş çox mühüm addımlardır.

Müstəqil Azərbaycanın tərəqqisi və inkişafı, vətəndaşlarımızın rifahının daha da yüksəlməsi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Mehriban xanımın xidmətləri əvəzsizdir.

Birinci vitse-prezidentin Vətən müharibəsinin ilk günlərində xalqa müraciətindəki sözlər hər birimizin yaddaşındadır: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”. Bu müqəddəs dua və arzu 44 gün ərzində həyata keçdi. Doğma Qarabağımız Ali Baş Komandanın sarsılmaz iradəsi, Ordumuzun qüdrəti, xalqımızın birliyi və həmrəyliyi sayəsində öz azadlığına qovuşdu. Bu gün isə azad torpaqlarımızda geniş quruculuq işləri aparılır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu işlərdə yaxından iştirak edir.

Mehriban xanım Əliyeva sadəliyi, səmimiliyi, mehribanlığı, alicənablığı, ürək genişliyi, xoş ovqatı, gözəl aurası ilə ətrafında sağlam bir mühit, atmosfer yaradır. İnsanlara dost, simsar olan bu nəcib xanım çətinliyə düşən, ona üz tutan, ürək qızdıran hər kəsə köməyini əsirgəmir. Hər bir kəsin dərdini duyması və bu ağrını öz ağrısı kimi yaşaması Mehriban Əliyevanı xarakterizə edən ən gözəl cizgilərdir.

Bu gün ölkənin Birinci Xanımı üçün xüsusi bir gündür. Bu özəl gün münasibəti ilə hörmətli Mehriban xanımı səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı arzulayır, millətimizin rifahı və dövlətçiliyimizin inkişafı yolunda fədakar fəaliyyətində yeni-yeni uğurlar diləyirik.

Əminə Ağazadə

Milli Məclisin deputatı