Böyük Qayıdışın Zəngilan mərhələsi

1990-cı illərdə Sovet İttifaqının süqutu İkinci Dünya müharibəsindən sonra beynəlxalq siyasi sistemdə mühüm transformasiyalara səbəb oldu. Bu hadisə bütün müsbət nəticələrinə baxmayaraq həm də gözlənildiyi kimi dünya üçün uzunmüddətli yeni problemlər də yaratdı.

Postsovet məkanında iqtisadiyyatın iflic olması səbəbindən milyonlarla insanın əmək miqrasiyası, yeni məskunlaşma bölgələrində yerli əhali ilə gəlmələr arasında yaranan ziddiyyətlər, mənəvi və psixoloji sarsıntılar yenicə müstəqil olmuş ölkələrdə insanların yaşam keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı saldı. Ən ağrılı proseslər isə keçmiş ittifaqın müxtəlif bölgələrində alovlanan milli münaqişələr və bu münaqişələr nəticəsində on minlərlə insanın həlak olması, milyonlarla insanın qaçqın və məcburi köçkünə çevrilməsi XXI əsrdə insanlığın üzləşdiyi ən böyük faciə kimi yeni tariximizə yazıldı. Keçmiş sovetlər ərazisində “Dağlıq Qarabağ münaqişəsi” adlandırılan ilk belə münaqişə xalqımızın tarixinə kədərli bir faciə kimi yazıldı.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Deputat qeyd edib ki, Ermənistanda və Qarabağ bölgəsində sovet strateqləri tərəfindən süni şəkildə yaradılmış bu münaqişə 30 il ərzində bölgədə böyük itkilərə və dağıntılara səbəb oldu. Eyni zamanda, Abxaziya, Cənubi Osetiya, Dnestryanı, Donbas münaqişələri də oxşar ssenarilər əsasında həyata keçirildi və geniş bir coğrafiyada uzunmüddətli “partlamamış minalar” effekti yaratdı.

Nəhayət, bu minalardan biri – Qarabağ minası 2020-ci ildə partladı. Qırx dörd günlük müharibədə növbəti dəfə hər iki tərəfdən birlikdə 10 mindən çox insan həyatını itirdi. Lakin nəticə 30 illik çıxılmaz bir vəziyyətdən xilas olmaq üçün yeni presedent yaratdı. Dünyanın bütün aparıcı güclərinin iradəsinin əksinə olaraq Azərbaycan Prezidenti İlham Əliyevin cəsarəti və qətiyyəti sayəsində dünya 30 il əvvəl postsovet ərazisində yaradılmış etno-siyasi münaqişələrdən xilas olmağın ən düzgün və səmərəli yolunu real təcrübədə təsdiq etdi. Torpaqlarımız işğaldan azad olundu, dövlətimiz bütün ərazisi üzərində öz suverenliyini bərpa etdi.

“Son 3 il ərzində ölkəmizdə sürətlə baş verən hərbi-siyasi hadisələrin fonunda həm də işğaldan azad olunmuş torpaqlarımızda 30 il ərzində erməni işğalçıları tərəfindən məqsədli şəkildə aparılmış dağıdıcılıq əməlləri ilə üzləşdik. Bir milyona yaxın qaçqın və məcburi köçkünlərin qoyub çıxdığı şəhərlər və kəndlər viran edilmiş, ərazilər sıx şəkildə minalarla örtülmüş və bölgənin bütün infrastrukturu məhv edilmiş, tarixi-mədəni abidələrimiz yer üzündən silinmişdir. Azərbaycan dövləti bu çağırışın qarşısında da qətiyyət göstərməkdə israrlı olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyev bütün şəhərlərin və kəndlərin dünyada mövcud olan ən yüksək standartlar əsasında yenidən tikilməsi barədə qərar verdi. Miqyası və tətbiq olunan texnologiyaların müasirliyi ilə heyrətləndirən nəhəng layihələr artıq həyata keçirilməkdədir. Azad olunmuş bölgələrimizdə həyata keçirilən abadlıq və quruculuq işləri də dünya miqyasında münaqişələrdən sonra ərazilərin bərpa olunması işləri üçün ən parlaq örnək olmaqdadır. Zəngəzurda keçirilən 2-ci Milli Şəhərsalma Forumunda 53 ölkədən 200-ə yaxın xarici qonağın iştirak etməsi dünya miqyasında Azərbaycanın yaratdığı nümunələrə marağın yüksək olduğunu nümayiş etdirdi”, - deyə Cavanşir Feyziyev bildirib.

Deputat xatırladıb ki, sentyabrın 29-da Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində Prezident İlham Əliyev çıxış etdi. Dövlətimizin başçısı Forum iştirakçılarına bölgənin tarixi, Ermənistan tərəfindən işğalı və azad olunması haqqında ətraflı məlumat verdikdən sonra Şərqi Zəngəzur və Qarabağ rayonlarında aparılan quruculuq işlərindən danışdı. Prezident bildirdi ki, Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir. Şəhərin Baş planı artıq təsdiqlənib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. Ölkə Prezidenti, həmçinin qeyd etdi ki, 2025-ci ildə şəhərin ilk sakinləri Zəngilana qayıdacaqlar. Prezident öz çıxışında vurğuladı ki, Böyük Qayıdış Proqramı bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Abadlaşdırılan ərazilərdə müasir texnologiyalara əsaslanan “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Burada müasir şəhərsalma texnologiyalarının ən yeni nümunələri tətbiq edilir. Prezident bildirdi ki, bu günədək 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Böyük Qayıdış Proqramının icrası nəticəsində artıq keçmiş məcburi köçkünlər Laçın və Füzuli şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə qayıdıblar. Prezident məcburi köçkünlərin Zəngilana qayıdışı və layiqli həyat şəraiti ilə təmin olunması üçün görülən və görüləcək çoxsaylı layihələr barəsində məlumat verdi.

Qarabağ bölgəsində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən danışan Prezident İlham Əliyev Forum iştirakçılarına bildirdi ki, Qarabağın erməni əhalisinin hüquqları Azərbaycan dövləti tərəfindən tam şəkildə təmin ediləcək. Onların dini, təhsil, mədəni, bələdiyyə və digər hüquqları təmin ediləcək. Bütün işlər Azərbaycanın iştirakçısı olduğu konvensiyalara, Konstitusiyamıza və beynəlxalq öhdəliklərimizə uyğun şəkildə həyata keçiriləcək.

Prezident İlham Əliyev bəyan etdi ki, 44 günlük müharibədən sonra bütün sərhədlərimizə nəzarət bərpa olunub və torpaqlarımızda separatçılığa son qoyulub. Regionda sülh bərqərar olunmalı və Cənubi Qafqaz ölkələri arasında konstruktiv əməkdaşlığa başlanılmalıdır.