"Böyük tarixi məsuliyyət gənclərin üzərinə düşür" - Vitse-spiker

“Bu gün Qərbi azərbaycanlıların haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün böyük tarixi məsuliyyət məhz gənclərin üzərinə düşür”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və və idman komitəsinin sədri, vitse-spiker Adil Əliyev parlamentdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən dinləmədə deyib. 

Komitə sədri xatırladıb ki, Ermənistan 30 il ərzində sülh danışıqları görüntüsü yaratmaqla, tarixi torpaqlarımızın işğalını qəbul etdirmək və rəsmiləşdirmək niyyətində idi: 

“Lakin qazandığımız Qələbə bizi tarixi torpaqlarımıza qovuşdurmaqla bərabər, Ermənistandan deportasiyaya məruz qalmış azərbaycanlıların doğma torpaqlarına qayıtmasını şərtləndirir. İndi isə hər biriniz soydaşlarımızın deportasiya olunması ilə bağlı beynəlxalq platformalara yönəlməli, Qərbi azərbaycanlıların haqq səsini dünyaya çatdıraraq, qaçqın düşmüş həmvətənlərimizin hüquqlarını təmin etməli, ictimaiyyətin diqqətini bu sahəyə cəlb etməlisiniz”.