"Brüssel səfəri diplomatiyamızın növbəti qələbəsi kimi qiymətləndirilməlidir"

"Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel səfəri kifayət qədər uğurlu və müsbət nəticələrlə diplomatiyamızın növbəti qələbəsi kimi qiymətləndirilməlidir".

Bunu Sonxeber.az-a deputat Nəsib Məhəməliyev deyib.

Deputat qeyd edib ki, Brüssel görüşü Avropa İttifaqının prezidenti Şarl Mişelin vasitəçiliyilə Azərbaycan Prezidenti İlham Əlliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 4 saatdan artıq davam etdi:

"Yekun bəyannamə qəbul olundu və bəyannamədə Azərbaycan əvvəldən sülh müqaviləsinin imzalanması istiqamətində irəli sürdüyü 5 şərt, əsasən qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiya və demarkasiya proseslərinə başlanılması, nəqliyyat-kommunikasiya xətlərinin bərpası, tikintisi, itkin düşənlərin tapılması, ərazilərin minalardan təmizlənməsi və s. əksini tapdı.

Diqqət çəkən məqamlardan, ermənilərin hər zaman reanimasiya etmək istədikləri "ATƏT-n Minsk qrupu", "Dağlıq Qarabağ", "status" terminlərinin işlədilməməsidir.

Digər məsələ isə hər iki ölkənin Avropa İttifaqına etimad göstərməsidir. Təbii ki, Aİ beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri, çəkisi olan, iqtisadi cəhətdən inkişaf etmiş, nüfuzlu bir təşkilatdır. Tərəflərə təsir imkanları kifayət qədər genişdir. Belə bir təşkilatın Azərbaycanın suveren hüquqlarına qərəzsiz, obyektiv yanaşması, heç şübhəsiz, ölkə başçımızın apardığı müdrik siyasətin, onun beynəlxalq nüfuzunun nəticəsidir.

Hər bir əməl nəticəsinə görə qiymətləndirilir. Aprel ayının 6-da keçirilən görüş, ötən ilin dekabr ayının 14-də keçirilən görüşün davamı kimi qəbul olunmalıdır. Bu format yeni Brüssel gündəliyinin meydana gəlməsidir və tərəfləri qane edir. Əgər Nikol Paşinyan və bütövlükdə Ermənistan hakimiyyəti özündə güc taparaq, 10 noyabr, 11 yanvar, 26 dekabr Soçi və nahayət Brüssel görüşlərində əldə olunan razılaşmalara riayət etsələr, regiona tezliklə sülh gələ bilər. Hesab edirəm ki, bölgədə gərginliyin azaldılması, dayanıqlı sülhün yaranması üçün bütün imkanlar mövcuddur və erməni tərəfi bundan yararlanmalıdır".