Son bir ildə 459 məhbus əfv olunub

İnsan haqları üzrə Birgə İşçi Qrupun iyunun 1-də növbəti iclası keçirilib.

sabahinfo.az-ın məlumatına görə, Birgə İşçi Qrupun həmsədri Səməd Seyidov isə adıçəkilən qrupun sonuncu iclasının ötən ilin dekabrın sonlarında  keçirildiyini xatırladıb.
 
Onun sözlərinə görə, həmin iclas öz-özlüyündə çox vacib və əhəmiyyətli iclas idi:
 
"Çünki həmin iclasdan cəmi bir neçə gün sonra ölkə başçısı növbəti əfv fərmanı imzaladı. Onu da deyim ki, Birgə İşçi Qrupun addımları, xüsusilə, buradakı qeyri-dövlət təşkilatlarının nümayəndələrinin ölkə prezidentinə müraciətləri dövlət qurumları tərəfindən ciddi təhlil olunur, nəzərə alınır və nəhayət, dövlət başçısının imzaladığı fərmanlarda əksini tapır”.
 
S.Seyidovun dediyinə görə, heç təsadüfi deyil ki, ölkə başçısının 2015-ci ilin 18 mart tarixində verdiyi əfv fərmanı ilə 101, 28 dekabr fərmanı ilə  210 və 17 mart 2016-cı ilə fərmanı ilə 148 məhbus azadlığa buraxılıb.
 
"Üst-üstə götürdükdə 459 məhbus azadlığa qovuşub. Şəxsən Birgə İşçi Qrupun həmsədri kimi mən öz və qrupumuzun adından buradakı qeyri-dövlət təşkilatlarının nümayəndələrinə səmərəli fəaliyyətlərinə görə minnətdarlığımı bildirirəm. 
 
Biz hesab edirik ki,  Birgə İşçi Qrup həddindən artıq vacib və əhəmiyyətli işlərlə məşğuldur. Təsadüfi deyil ki, bəzi qüvvələr çalışırdılar ki, qrupun işinə kölgə salsınlar, hətta, onun fəaliyyətini dayandırsınlar.
 
Ancaq bu, mümkün olmadı. Bütün cəhdlər uğursuz oldu. Çünki insan hüquqları ümumbəşəri məsələdir. Azərbaycan da hüquqi dövlətdir. 
 
Yəni, hüquqi dövlət kimi Azərbaycan hər zaman insan hüquqları məsələsinə ciddi yanaşıb və bundan sonra da belə olacaq. 
 
Ona görə  Birgə İşçi Qrupun bundan sonra da öz fəaliyyətini davam etdirməsinə ehtiyac var. Bu qrupun fəaliyyəti əvəzolunmazdır” - deyə, S.Seyidov sonra bildirib.
 
Birgə İşçi Qrupun üzvü Sahib Məmmədov bildirib ki, qrupun son iclası ötən ilin dekabrında olsa da, iclaslararası dövrdə də xeyli işlər görülüb, müzakirələr, məsləhətləşmələr aparılıb.
 
Sonra iclas media nümayəndələrinin iştirakı olmadan davam etdirilib.